22 Dekabr 2024, Bazar

Kənd təsərrüfatı Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın aparıcı sahələrindən biri hesab olunur. Çünki muxtar respublikada mövcud olan əlverişli təbii şərait, əhalinin çoxəsrlik təcrübəsi, bu sahəyə marağının olması və göstərilən dövlət dəstəyi aqrar sektorun inkişafına ciddi təkan verir.

Naxçıvanda kənd təsərrüfatının geniş yayılmış istiqamətlərindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahəyə kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır. Görülən işlərin səmərəliliyini artıran faktorlardan biri də meyvəçilik və tərəvəzçilik sahəsində qəbul olunan Dövlət proqramlarıdır. Bu istiqamətdə 2012-2015 və 2016-2020-ci illərdə həyata keçirilən və icrası başa çatan Dövlət proqramları muxtar respublikada 2 min 917 hektar sahədə meyvə bağlarının salınması, eləcə də tərəvəz əkini sahələrinin genişləndirilməsi ilə nəticələnmişdir. Bu müsbət nəticələrin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Proqramın icrası istiqamətində ikinci rübdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 17,5 hektar sahədə yeni meyvə bağları salınmış, 4 hektar sahədə bərpa işləri aparılmış, 72 hektar sahədə toxumla əkin həyata keçirilmiş, 1 hektar sahədə toxmacarlıq yaradılmışdır. Əkin-bərpa tədbirlərində 14 min 783 meyvə tingindən, 43 üzüm kolundan və 720 kiloqram meyvə toxumundan istifadə olunmuşdur.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarının istehsalına göstərilən dövlət maliyyə dəstəyi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əvəzolunmaz rola malikdir. Həmçinin müxtəlif səmərəli layihələrin hazırlanması və təqdimatının keçirilməsi bu sahədə mühüm təşviqedici xarakter daşıyır. İkinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 3 layihə üzrə 66 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində bağçılıq, Şərur rayonunda tingçilik təsərrüfatının yaradılması, Babək rayonunda üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Eyni zamanda Şərur və Ordubad rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Mayın 6-da Şahbuz rayonunun Ağbulaq kəndində ailə təsərrüfatçıları ilə təşkil olunan görüşdə meyvə lavaşası istehsalı üzrə layihənin təqdimatı keçirilmişdir. İkinci rübdə kartof əkini ilə məşğul olan təsərrüfatçıların 391 ton toxumluq kartofu idxal rüsumu ödəmədən muxtar respublikaya gətirmələrinə köməklik göstərilmişdir ki, bu da onların dövlət qayğısı ilə əhatə olunmasının daha bir ifadəsidir.

Proqramda nəzərdə tutulan tapşırıqlardan biri də istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə yarmarkaların təşkilinin davam etdirilməsidir. Bu yarmarkaların təşkili təsərrüfatçıların geniş alıcı kütləsi ilə əlaqələndirilməsinə, eləcə də muxtar respublika sakinlərinin müxtəlif çeşiddə yerli, ucuz və keyfiyyətli meyvə-tərəvəz məhsullarını əldə etməsinə imkan yaradır. Tapşırığın icrası məqsədilə hər həftənin şənbə-bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində yarmarkaların keçirilməsi davam etdirilmiş, məhsulların bazar qiymətindən daha ucuz satılmasına nəzarətin həyata keçirilməsi təmin olunmuşdur. Əlavə olaraq 22-23 may tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkası təşkil edilmiş, yarmarkaya 195 ailə təsərrüfatı tərəfindən 20 tondan çox göycə məhsulu çıxarılmışdır.
Meyvə-tərəvəz məhsullarının uzun müddət keyfiyyətini itirmədən saxlanılmasında soyuducu anbarlar həlledici rol oynayır. Bu anbarların digər müsbət cəhəti isə istənilən mövsümdə əhalinin tələbatına uyğun yerli məhsulların bazara çıxarılmasına imkan verməsindədir. Meyvə-tərəvəz istehsalında mövsümdən asılılığı azaldan digər faktor isə istixana təsərrüfatlarıdır. Dövlət proqramında da müasir tələblərə cavab verən soyuducu anbarların və istixana komplekslərinin qurulmasının davam etdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. İkinci rübdə Şərur rayonunda ümumi tutumu 170 ton olan 2 soyuducu anbarın, sahəsi 2 min 970 kvadratmetr olan 1 istixana təsərrüfatının yaradılması və 1 istixana təsərrüfatının sahəsinin 552 kvadratmetr genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin bu dövrdə Ordubad rayonunun Dəstə kəndində ümumi sahəsi 2 min 600 kvadratmetr olan 2 istixana təsərrüfatı yaradılmışdır. İkinci rübdə Naxçıvan şəhəri və Şərur rayonunda ümumi tutumu 1730 ton olan 4 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Həyata keçirilən tədbirlər bütün mövsümlər üçün münasib qiymətdə məhsulların bazara çıxarılmasını asanlaşdırmağa xidmət edir.
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan mülkiyyətçilərə texnika dəstəyinin göstərilməsi görülən işin keyfiyyətini və səmərəsini artırır. Lizinq yolu ilə əldə edilən avadanlıqlar istər torpağın əkin üçün hazır vəziyyətə gətirilməsi, istər əkin, istərsə də yığım prosesində faydalı rol oynayır. İkinci rübdə proqramın icrasına uyğun olaraq sahibkarlara lizinq yolu ilə 1 kartof kultivatoru və 1 kartofçıxaran verilmişdir. Təsərrüfatçıları müxtəlif meyvə-tərəvəz növləri üzrə əkin həyata keçirməyə həvəsləndirən digər amil isə sığorta mexanizmidir. Muxtar respublikada əkin sahələrini gözlənilməz risklərdən sığortalayan mülkiyyətçilərin sayı artmaqda davam edir. Aprel-iyun aylarında 75 meyvə bağı və tərəvəz əkini sahələrinin sığortalanması ötən müddətdə aparılan maarifləndirici tədbirlərin müsbət nəticəsidir.
Meyvə-tərəvəz məhsullarının keyfiyyətinin nəzarətdə saxlanılması istehlakçıların sağlamlığının qorunması məqsədi daşıyan əhəmiyyətli tədbirlərdəndir. Müxtəlif nümunələr üzərində analizlərin aparılması bazarın keyfiyyətli məhsulla təminatında xüsusi rol oynayır. Bununla yanaşı, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması isə mülkiyyətçilərin düzgün istiqamətləndirilməsinin başlıca şərtidir. Belə ki, bu analizlər torpağın xüsusiyyətinə uyğun əkin strukturunun planlaşdırılması və gübrə normalarına olan tələbatın müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında meyvə-tərəvəz məhsullarından götürülən 43 nümunə analizə cəlb olunmuş, keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilmişdir. Həmçinin bu dövrdə “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsində 5 mülkiyyətçinin müraciəti ilə 9 torpaq nümunəsində qida maddələrinin təyini məqsədilə analizlər aparılmış və nəticə aktları mülkiyyətçilərə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası meyvə və tərəvəzin zəngin genetik fonduna malikdir. Həmin fondun mühafizəsi zərurəti müxtəlif araşdırmaların aparılmasını, elmi nəşrlərin hazırlanmasını və bu ehtiyatların çoxaldılmasını şərtləndirir. İkinci rübdə Dövlət proqramının icrası məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Nəbatat bağında 600-ə yaxın meyvə tingi calaq edilmişdir. Bölmənin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən meyvəçilik sahəsi üzrə hazırlanan 1 dərs vəsaiti və 1 kitab nəşrə təqdim olunmuşdur. Həmçinin bu istiqamətdə 5-i xaricdə olmaqla, 10 məqalənin nəşr edilməsi elmi araşdırmaların davam etdirilməsindən xəbər verir.
Torpaq sahələrinin xəritələşdirilməsi onlardan tam və səmərəli istifadə edilməsinə zəmin yaradır. Dövlət proqramında meyvə bağlarının salınması üçün müəyyənləşdirilmiş sahələrin xəritələşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Tapşırığın icrası istiqamətində ikinci rübdə meyvə bağlarının salınması üçün fiziki şəxslərin icarəsinə verilmiş 0,72 hektar torpaq sahəsi xəritələşdirilmiş və uçotu aparılmışdır.
Meyvə-tərəvəz istehsal edən təsərrüfatçılar arasında maarifləndirmə işinin aparılması mütərəqqi əhəmiyyət kəsb edir. Mütəxəssis məsləhətinə uyğun əkinin həyata keçirilməsi və aqrotexniki qaydalara əməl olunması, son nəticədə, məhsul bolluğuna da müsbət təsir göstərir. Proqramın icrasına uyğun olaraq aprel-iyun aylarında ailə təsərrüfaçılarının və sahibkarların maarifləndirilməsi məqsədilə 9 seminar-müşavirə keçirilmiş, 5 mövzuda 250 nüsxə buklet paylanmışdır. Eyni məqsədlə Naxçıvan Televiziyasında “Bərəkət”, “Ailə təsərrüfatları”, “Günün tələbi” və “Naxçıvan üzümü” verilişləri hazırlanmışdır. Həmçinin “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 15 material yerləşdirilmiş, “Şərq qapısı” qəzetində 9 yazı dərc olunmuşdur.
Görülən işlər deməyə əsas verir ki, Naxçıvanda daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi işi yeni nailiyyətlərlə davam edir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR