Sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə yolu ilə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.
Məlum olduğu kimi, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu məqsədlə muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin qurulmasına geniş imkan yaradıb. 2021-ci ilin ötən dövrü ərzində bu proses uğurla davam etdirilib, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 istehsal və xidmət sahəsi istifadəyə verilib, 49 sahənin yaradılması davam etdirilib.
Biznesə yeni başlayan kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə sahibkarların özəl investisiya qoyuluşu ilə yanaşı, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. Belə ki, indiyə qədər fond tərəfindən 1500-dən çox layihənin maliyyələşdirilməsi həyata keçirilib.
Cari ilin ötən dövrü ərzində də bu istiqamətdə tədbirlər davam etdirilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni layihələrin reallaşdırılmasına 2 milyon 303 min 478 manat kredit ayrılıb. Kredit qoyuluşları sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə olmaqla, ümumilikdə, 80 layihəni əhatə edib.
Verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynayıb, cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün 3 layihənin maliyyələşdirilməsinə 115 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar respublikada cari ilin ötən dövrü ərzində 2-si özəl investisiya, 8-i dövlət maliyyə dəstəyi olmaqla, 10 sənaye sahəsinin yaradılması başa çatdırılıb. Bu il sənaye sahəsi üçün ayrılan kreditlər odun kömürü istehsalı sahəsinin yaradılması, plastik kapsul və qapaq istehsalı, mebel istehsalı sahələrinin genişləndirilməsi, unlu-qənnadı məmulatların və kürə çörəyi istehsalı sahəsinin yaradılması məqsədilə verilib. Belə ki, alınmış kreditlər hesabına yaradılan bu 8 istehsal sahəsində, ümumilikdə, 200 nəfər üçün yeni iş yeri yaradılıb.
Muxtar respublikamızda sənaye sahəsində yeni investisiyalar arasında özəl sərmayə qoyuluşunun da payı ildən-ilə artmaqdadır. Onlardan biri 11 nəfərin işlə təmin olunduğu Naxçıvan şəhərində “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan istilik sistemli kombi cihazlarının istehsalı, digəri isə 4 nəfərin işlə təmin olunduğu Şərur rayonunun Qışlaqabbas kəndində fiziki şəxs Nabat Vəliyeva tərəfindən yaradılan tikiş sahələridir.
Sahibkarlığın İnkişafı Fondunun krediti və digər mənbələr hesabına muxtar respublikada sənaye məhəlləsinin, duz istehsalı müəssisəsinin, enerji içkilərinin, plastik məmulatların istehsalı, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, unlu-qənnadı məmulatlarının və çörək istehsalı sahələri olmaqla, 9 sənaye müəssisəsinin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr kənd təsərrüfatı sahəsini də əhatə edib. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunub. Belə ki, həyata keçirilən layihələr istiqamətində əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülüb, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatında 76 layihənin maliyyələşdirilməsinə 2 milyon 161 min 478 manat yönəldilib.
Kənd təsərrüfatında innovativ yenilikləri tətbiq etməklə cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 27 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 10 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, ümumi tutumu 1620 ton olan 5 soyuducu anbarın yaradılması, ümumi sahəsi 5440 kvadratmetr olan 2 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi, həmçinin 1 bağçılıq, 1 tingçilik, 1 quşçuluq təsərrüfatının yaradılması və 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb.
Göründüyü kimi, muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait öz bəhrəsini verməklə hər il yeni-yeni biznes sahələrinin yaradılmasına səbəb olur. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, biznesin təşkilinin sadələşdirilməsi, texniki avadanlıqların alınmasına güzəştlər edilməsi və daxili bazarın qorunması çoxlu sayda yeni sahibkarlıq obyektlərinin yaradılmasına imkan verir ki, bütün bunlar da muxtar respublika əhalisinin daha keyfiyyətli yerli məhsullarla təmin olunması deməkdir.
Çinarə BALAYEVA