Dövlət proqramı icra olunur
Qədim tarixi keçmişə malik olan baytarlıq təbabəti bütün dövrlərdə öz aktuallığını qoruyan və gündəlik həyata təsirini davamlı olaraq göstərən sahələrdən biridir. Uzun inkişaf yolu keçmiş bu sahə heyvan xəstəliklərinə qarşı mübarizə ilə yanaşı, insan sağlamlığının qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsində də önəmli rol oynayır.
Naxçıvan Muxtar Respublikasında baytarlıq xidmətinin müasir dövrün tələblərinə uyğun təşkili xüsusi diqqətdə saxlanılır. Bu sahəyə kompleks yanaşmanın nəticəsidir ki, son illərdə muxtar respublikada baytarlıq xidmətinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, texniki vasitələrlə təminat artırılmış, çoxsaylı baytarlıq obyektləri istifadəyə verilmişdir. Görülən işlər öz müsbət nəticəsini vermiş, əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təminatı davam etdirilmiş, heyvanlar arasında yayıla biləcək xəstəliklərin qarşısı vaxtında alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəlik yoxdur”.
Baytarlıq xidmətinin səmərəli fəaliyyət istiqamətlərindən birini süni mayalanma işinin həyata keçirilməsi təşkil edir. Süni mayalanma sahəsinin inkişafı heyvandarlıq məhsullarının intensiv istehsalını təmin etməyin də başlıca şərtlərindəndir. Muxtar respublikamızda Süni Mayalanma Mərkəzinin tikintisi, şübhəsiz ki, bu sahəyə göstərilən dövlət qayğısının ən mühüm təzahürüdür. Mərkəzin yaradılması ilə bağlı görülən işlər ikinci rübdə başa çatdırılmışdır. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Süni Mayalanma Mərkəzi istifadəyə verilmişdir. Həmin gün ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür”.
Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlara əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumlama sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Onu da qeyd etmək lazımdır ki, ikinci rübdə mərkəzə 3 baş Simmental və 1 baş Holşteyn-friz cinsli törədici buğa alınmışdır. Nəticədə ikinci rübün sonuna Süni Mayalanma Mərkəzində saxlanılan buğaların sayı 8, kəllərin sayı isə 2 başa çatdırılmışdır.
Mərkəzə Türkiyə Respublikasından dəvət olunan mütəxəssis tərəfindən aprel 15-də muxtar respublikada fəaliyyət göstərən 19 süni mayalanma texnikinə praktiki dərs keçirilmişdir. Dövlət Proqramının icrasına uyğun olaraq aprel-iyun aylarında 4 min 495 baş iribuynuzlu heyvanda səyyari süni mayalanmanın aparılması və ötən dövrdə mayalanmış 2 min 256 baş buzovun doğulması süni mayalanma məntəqələrinin texnikləri tərəfindən işlərin yüksək səviyyədə davam etdirilməsindən xəbər verir.
Sağlam ətraf mühitin formalaşdırılmasının başlıca şərtlərindən biri tullantıların vaxtında təmizlənməsi və bu işə nəzarətin mütəmadi həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikasında şəhər və kəndlərin təmizliyinə və səliqəli saxlanılmasına göstərilən diqqət insan amilinin yüksək səviyyədə qiymətləndirilməsinin nəticəsidir. Çünki təmiz ətraf mühitin mövcudluğu cəmiyyətin sağlıqlı fərdlərdən ibarət olması deməkdir. Tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması da həm ekologiyanın, həm də insan sağlamlığının qorunmasına xidmət edir. Bu istiqamətdə Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası aprel-iyun aylarında diqqətdə saxlanılmışdır. Ümumilikdə, bu dövrdə muxtar respublikada 12 baş iribuynuzlu, 39 baş xırdabuynuzlu heyvan və 15 baş quş tələf olmuşdur. Tələf olmuş heyvanların cəsədləri baytar həkimlərin nəzarəti altında və təlimata uyğun qaydada texniki vasitələrlə qazılan xəndəklərdə dərmanlanaraq basdırılmışdır. Həmçinin heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması məqsədilə Şahbuz rayonunun Kolanı və Biçənək kəndlərində quyular qazılmışdır.
İnsan sağlamlığının qorunmasına xidmət edən tədbirlərdən biri də heyvanlar arasında yayıla biləcək xəstəliklərin vaxtında qarşısının alınmasıdır. Bu xəstəliklər həm heyvandarlıqla məşğul olan təsərrüfatçılar üçün, həm də heyvandarlıq məhsullarının istehlakçıları üçün ciddi təhlükə deməkdir. Heyvanlarda baş verə biləcək xəstəliklərlə mübarizənin ən etibarlı üsullarından biri qabaqlayıcı analizlərin aparılması və peyvəndləmə işinin vaxtında təşkilidir. Dövlət Proqramının icrasına uyğun olaraq ikinci rübdə qarayara xəstəliyinə qarşı 21 min 451 baş iribuynuzlu, 728 min 976 baş xırdabuynuzlu, 50 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 12 min 580 baş iribuynuzlu, 499 min 109 baş xırdabuynuzlu, bruselyoz xəstəliyinə qarşı 479 baş iribuynuzlu, 251 min 199 baş xırdabuynuzlu, emkar xəstəliyinə qarşı 99 min 512, pasterelyoz xəstəliyinə qarşı 99 min 579, leptospiroz xəstəliyinə qarşı 19 min 891 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 99 min 705 baş xırdabuynuzlu heyvanda, nyukasl xəstəliyinə qarşı 258 min 280 baş quşda peyvəndləmə işi aparılmışdır. Proqramın icrası məqsədilə 579 baş heyvandan götürülən patoloji nümunələr yoxlanılmış və iti gedişli infeksion xəstəlik aşkar edilməmişdir. Həmçinin bu dövrdə diaqnostiki olaraq vərəm xəstəliyinə görə 9 min 876 baş iribuynuzluda, epididimitə görə 9 min 313 baş qoçda müayinələr aparılmışdır. İkinci rübdə 5 adda xəstəliklərə görə heyvanlardan kal nümunəsi götürülərək yoxlanılmış və təyinatı üzrə tədbirlər görülmüşdür. Aprel-iyun aylarında baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət davam etdirilmiş, bu məqsədlə baytarlıq əczaxanalarında 15 reyd keçirilmişdir. Görülən işlər muxtar respublikada epizootik sabitliyin qorunmasını təmin etmişdir.
Dövlət Proqramının icrası heyvandarlıqda məhsuldarlığa və istehsal prosesinə müsbət təsir göstərir. Bunun mahiyyəti ondan ibarətdir ki, yayıla biləcək infeksion xəstəliklərin qarşısının alınması heyvandarlıq təsərrüfatlarının davamlı fəaliyyətini təmin edir, eləcə də aparılan süni mayalanma tədbirləri heyvanların cins tərkibinin yaxşılaşması yolu ilə məhsuldarlığı artırır. Lakin təsərrüfatçıların fəaliyyətini stimullaşdıran tədbirlər təkcə bunlardan ibarət deyil. Heyvandarlıqda sığortanın tətbiqi bu sahədə görülən işlərin səmərəsini artıran digər faktordur. Proqramın icrası məqsədilə ikinci rübdə 135 baş iribuynuzlu, 455 baş xırdabuynuzlu heyvan və 140 arı ailəsi üzrə sığorta müqavilələrinin bağlanması onu göstərir ki, muxtar respublikada heyvandarlıq sahəsində həyata keçirilən sığorta xidməti təsərrüfatçıların maddi riskinin mühüm zəmanətçisidir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin xüsusi qayğı ilə əhatə etdiyi sahələrdən biri də arıçılıqdır. Həm maddi, həm də mütəxəssis dəstəyi bu sahənin inkişafına təkan verməkdədir. İkinci rübdə muxtar respublikada 3 min 965 arıçı sahibkara məxsus 99 min 740 arı ailəsi qeydiyyata alınmışdır. Daha sonra icmal siyahılar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş, nəticədə arıçı sahibkarlara ümumilikdə, 997 min 400 manat həcmində subsidiyanın ödənilməsi təmin olunmuşdur. Epizootik tədbirlər planına əsasən infeksion arı xəstəliklərinə qarşı 15 min 804 nümunə yoxlanılmış, xəstəlik aşkar edilməmişdir.
Naxçıvanda baytarlıq təbabəti sahəsində mütəxəssis hazırlığı mühüm diqqət yetirilən məsələlərdəndir. Süni mayalanma texniklərinə tanınmış mütəxəssislər tərəfindən praktiki dərslərin keçirilməsi ilə yanaşı, ali və orta ixtisas təhsili müəssisələrində bu sahə üzrə təhsil alan tələbələrin də vaxtaşırı təcrübəyə cəlb olunması kadr potensialının gücləndirilməsinə xidmət edir. Bu da muxtar respublikada baytarlıq xidmətinin gələcək fəaliyyəti və davamlı inkişafı üçün mütəxəssis bazasının formalaşmasına səbəb olur. Proqramın icrasına uyğun olaraq ikinci rübdə Naxçıvan Dövlət Universiteti və Texniki Kollecinin müvafiq ixtisasda təhsil alan tələbələri Gəmiqaya Heyvandarlıq Kompleksi, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası və Dövlət Baytarlıq Xidmətində istehsalat təcrübəsinə cəlb edilmişlər. Həmçinin kollecin tələbələri üçün Süni Mayalanma Mərkəzində birinci rübdən etibarən təşkil olunan texnoloji təcrübənin aprelin 26-dək davam etməsi mərkəzin kadr hazırlığı sahəsində də önəmli rol oynadığını deməyə əsas verir.
Heyvandarlığın inkişafı heyvanların saxlama və yem şəraitinin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Muxtar respublikamızın təmiz havaya və zəngin bitki örtüyünə malik yaylaqları bu istiqamətdə təsərrüfatçılar üçün geniş imkanlar vəd edir. Mövsüm ərzində heyvanların yaylaqda saxlanılması ət və süd məhsullarının keyfiyyətinə mühüm təsir göstərir. Heyvanlar yaylağa aparılmadan əvvəl həyata keçirilməli tədbirlərdən biri yataq yerlərində dezinfeksiya işlərinin aparılmasıdır. Dövlət Proqramının icrasına uyğun olaraq ikinci rübdə muxtar respublika üzrə 16 yaylaqda, ümumilikdə, 74 min 240 kvadratmetr sahə dezinfeksiya edilmişdir. Heyvanların yaylaq şəraitində epizootik durumunun araşdırılması və sahibkarlara lazımi köməklik göstərilməsi məqsədilə Batabat yaylağında səyyar baytarlıq xidməti təşkil olunmuşdur.
İyun ayında Qaraquş, Qazan, Dəmirli, Salvartı, Əyriçay və Batabat yaylaqlarında təsərrüfatçılarla maarifləndirici görüşlər keçirilmişdir.
“Şərq qapısı”