Muxtar respublikanın digər rayonları kimi, Ordubad rayonunda da hər bir sahədə inkişaf tempi artır. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir.
Hazırda rayonun Aşağı Əndəmic kəndində rabitə xətlərinin yenilənməsi və yeni nəsil avtomat telefon stansiyasının qurulması istiqamətində həyata keçirilən tədbirlər bu sahənin inkişafına göstərilən diqqət və qayğının əyani ifadəsidir. Yeni sistem abunəçilərə telefon, genişzolaqlı internet xidmətləri ilə yanaşı, müasir rabitə xidmətlərinin göstərilməsinə də imkan verəcəkdir.
Rabitə sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradır. Rayonun kəndlərində yeni inşa olunan yaşayış binalarına və qurumlara rabitə xətləri çəkilir, sakinlərin internet xidmətləri ilə təmin olunması məqsədilə müvafiq işlər həyata keçirilir. Yeni inşa olunacaq kənd mərkəzində rabitə evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri dəmir dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilməklə rabitə xətlərində digər nasazlıqlar aşkar edilərək bərpa olunur.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində də yenilənmə işləri görülür, rabitə infrastrukturunun yenidən qurulması istiqamətində müvafiq işlər həyata keçirilir.
Əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq xətt təsərrüfatının vəziyyəti yoxlanılır, müraciətlərinə uyğun olaraq sakinlərə texniki dəstək və metodik köməklik göstərilir.
Fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması, yeni nəsil telekommunikasiya sisteminin qurulması sakinlərin müasir rabitə xidmətlərindən yararlanmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti