Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq və yenidənqurma tədbirləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında müstəsna rol oynamaqdadır. Bu işlər cari ildə də müxtəlif istiqamətləri əhatə edir.
Həyata keçirilən quruculuq tədbirlərindən biri paytaxt şəhərimizin Həsən Əliyev küçəsində inşa edilən Adil Babayev adına Uşaq Kitabxanası üçün inşa olunan binadır.
Cari ildə tikintisinə başlanan, zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq kitabxana binasının zirzəmi hissəsində qarderob, iclas zalı, bufet, elektrik otağı, qazanxana, anbar və rəssam otağı, birinci mərtəbəsində zal və işçi otaqları, ikinci mərtəbəsində 1-4 və 5-11-ci siniflər üçün abonement fondu, kitabxanaçı otağı, üçüncü mərtəbəsində isə fond və işçi otaqları nəzərdə tutulub.
Qeyd edək ki, binada dəmir-beton işləri artıq yekunlaşdırılıb, zirzəmi hissəsində hörgü, suvaq işləri sona çatdırılıb. Hazırda döşəmələrin təbii daşla üzlənməsi, birinci və ikinci mərtəbədə suvaq, üçüncü mərtəbədə isə hörgü işlərinin aparılması davam etdirilir.
Naxçıvan şəhərinin Babək məhəlləsində isə bu ilin aprel ayından Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi üçün binanın tikintisinə başlanılıb. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində elektrik otağı, anbar, arxiv, qazanxana, qarderob, təsərrüfat otağı, birinci mərtəbədə gözləmə zalı və işçi otaqları, həmçinin notarius otağı, ikinci mərtəbədə isə mətbəx və tədbir zalı yerləşəcək.
Məlumat üçün bildirək ki, binanın bütün mərtəbələrində dəmir-beton və hörgü işləri artıq yekunlaşdırılıb, həmçinin binanın daxili hissəsində suvaq işləri sona çatdırılıb. Hazırda birinci, ikinci mərtəbələrdə döşəmənin və binanın fasadının təbii daşlarla üzlənməsi işləri aparılır.
Hər iki obyektdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir. Keyfiyyət amili diqqətdə saxlanılır, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Məcid RƏŞADƏTOĞLU