22 Dekabr 2024, Bazar

İnkişaf edən bölgələrimiz

Kəngərli Naxçıvanın çoxəsrlik qədim tarixini və zəngin mədəniyyət ənənələrini özündə yaşadan rayonlarımızdandır. Bu qədim bölgə Naxçıvanın tarixində, dövlət idarəçiliyində mühüm yer tutmuş Kəngərli tayfalarının əsas yaşayış məskəni kimi tanınır və 17 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan yeni rayona “Kəngərli” adının verilməsi tariximizə, onun yetirdiyi şəxsiyyətlərə böyük qiymətin göstəricisidir. Digər tərəfdən iki inzibati rayon və iki xarici ölkə ilə həmsərhəd olan Kəngərli rayonu muxtar respublikanın mühüm aqrar və sənaye müəssisələrinin cəmləşdiyi bir bölgədir.

 

Muxtar respublikanın mühüm faydalı qazıntı yataqlarından olan travertin və mərmər daş, sement, gips yataqları bu rayonun ərazisində yerləşir ki, bu da həmin xammal ehtiyatından istifadəni uyğun edərək bölgədə böyük sənaye müəssisələrinin yaradılmasına imkan vermişdir. Hazırda rayonun Böyükdüz kəndi ərazisində fəaliyyət göstərən Naxçıvan Sənaye Kompleksində istehsal edilən sement, gips, alçı, məsaməli beton məmulatları, Qarabağlar və Çalxanqala kəndlərindəki travertin və mərmər yataqlarından çıxarılaraq emal olunan eyniadlı məhsullar daxili bazarın tələbini ödəməklə yanaşı, ixraca da yönəldilir.
Müstəqillik illərində yaradılmış Kəngərli rayonu 1 qəsəbə, 10 kənd yaşayış məntəqəsini özündə birləşdirir. Ötən 17 il ərzində burada görülmüş işlər bir rayonun infrastrukturu baxımından tələb olunan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Qısa müddətdə rayonda bütün yaşayış məntəqələri yenidən qurulmuş, yollar abadlaşdırılmış, sosial-iqtisadi inkişaf təmin olunmuş, əhalinin həyat səviyyəsi dəfələrlə yüksəlmişdir. İdarəçilikdə təkmilləşmənin təzahürü kimi təşkil olunmuş rayonda görülmüş işləri təfsilatı ilə bir yazıya sığdırmaq mümkün olmasa da, Kəngərli rayonunun qədim və müasir Naxçıvanın simasında tutduğu yer danılmazdır.

Kəngərli rayonu aqrar bölgədir və bu sahənin inkişafı muxtar respublika iqtisadiyyatında özünəməxsusuğu ilə seçilir. Məsələn, Böyükdüz ərazisi muxtar respublikada ən çox taxıl məhsullarının əkildiyi sahələrdəndir. Son illərdə bu sahələrin suvarılması üçün böyükmiqyaslı meliorasiya və irriqasiya tədbirləri həyata keçirilib. Bu da ərazidəki yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib. Və yaxud, muxtar respublikada badam istehsalı ən çox bu rayonun payına düşür. Son illərdə rayonun müxtəlif ərazilərində on hektarlarla yeni badam bağları salınıb. Həmçinin muxtar respublikada ilk dəfə, həm də böyük həcmdə püstə bağı da Kəngərli rayonunun ərazisində salınıb. Bundan əlavə, son illərdə muxtar respublikada tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tədbirlərə ilk olaraq bu rayonda başlanılıb, bölgədə yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb. Hazırda muxtar respublikada istehsal olunan tütünün həcmində ən böyük pay bu rayona məxsusdur.
Həm sənaye, həm də aqrar sahədə mühüm nailiyyətlərin əldə olunduğu rayonun sosial-iqtisadi inkişafı ötən dövrdə davamlı xarakter alıb. Rayon Statistika İdarəsinin cari ilin ilk altı ayını əks etdirən sosial-iqtisadi göstəricilərinə görə, 2021-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 25 milyon 756 min 100 manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 24 milyon 466 min 300 manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Sənaye istehsalına gəldikdə bu dövrdə 11 milyon 890 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir ki, 2021-ci ilin yanvar-iyun aylarında rayonda 2 hüquqi, 151 fiziki şəxs qeydiyyata alınmış, dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 4 layihə üzrə istehsal sahəsi yaradılmış, 3 layihə üzrə istehsal obyektinin yaradılması davam etdirilmişdir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2021-ci ilin birinci yarısında rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 11 min 202 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

Qeyd etmək lazımdır ki, Kəngərli rayonunda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Statistikaya görə, bu ilin məhsulu üçün rayonda 10158 hektar sahədə əkin aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 591 hektar çoxdur. Əkinçilikdə ən üstün istiqamət kimi taxılçılığa böyük önəm verilir. 5998 hektar sahədə aparılmış taxıl əkininin 3215 hektarını buğda, 2783 hektarını isə arpa təşkil etmişdir. Əvvəlki illə müqayisədə taxıl əkini sahəsi 92 hektar artmışdır. Heyvandarlıqda isə ət istehsalı diri çəkidə 1,5 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1,1 faiz artmışdır. Ümumilikdə götürsək, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 1,9 faiz çox, yəni 15 milyon 911 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Təbii ki, əldə olunmuş uğurları digər sahələr üzrə də söyləmək mümkündür. Lakin qısa olaraq onu qeyd edək ki, ötən müddət ərzində rayonda təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə mühüm infrastruktur quruculuğu işləri aparılmış, bu qurumların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda rayonda tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması işləri də diqqət mərkəzində saxlanılmış, bu sahədə mühüm işlər görülmüşdür. Təsadüfi deyil ki, indi rayona üz tutan yerli və xarici turistlər rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şahtaxtinskilərin ev-muzeyi kimi mədəniyyət müəssisələrini də ziyarət edir, bölgənin qədim və zəngin tarixi haqqında məlumatlar alırlar.
Son illərdə Kəngərli rayonunda diqqətçəkən sahələrdən biri də alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərdir. Xüsusilə su elektrik stansiyaları ilə yanaşı, son illərdə muxtar respublikada günəş elektrik stansiyalarının fəaliyyətə başlaması da bu sahədə mühüm işlərin görüldüyünü sübut edir. Kəngərli rayonu da təbii-coğrafi baxımdan günəş elektrik stansiyalarının fəaliyyəti üçün məqbul sayıldığından ilk dəfə 2019-cu ildə rayonun Qabıllı kəndi ərazisində 2 meqavat, 2020-ci ildə isə 3 meqavat gücündə Günəş Elektrik stansiyaları qurularaq istifadəyə verilib.
Qeyd edək ki, sosial-iqtisadi göstəricilərin ildən-ilə artması əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə də öz müsbət təsrini göstərir. Nəticədə, bu amil demoqrafik vəziyyətin yaxşılaşmasına öz töhfəsini verir. Statistikaya görə, rayon əhalisinin sayı bir il öncəyə nisbətdə 173 nəfər artaraq 1 iyun 2021-ci il tarixə 33 min 46 nəfərə çatıb.
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, Kəngərli rayonu bu gün muxtar respublikamızın hərtərəfli inkişafında məxsusi yeri olan bölgələrimizdəndir. Hazırda əhali sayı 32 mindən çox olan rayon həm də böyük turizm potensialına malikdir. Ötən dövrdə dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksinin əsaslı bərpa işlərindən sonra istifadəyə verilməsi, Şahtaxtı kəndindəki tarixi Şahtaxtı hamamında yenidənqurma işlərinin başa çatdırılması, həmçinin rayon ərazisindəki digər arxeoloji və təbiət abidələri bu potensialı daha da artırır. İnanırıq ki, hazırda icrası davam etdirilən, turizmin inkişaf məqsədilə qəbul olunmuş məlum Dövlət proqramı yaxın gələcəkdə Kəngərli rayonunu turistlərin daha çox maraq göstərdiyi bölgəyə çevirəcək.
Kəngərli rayonu bu gün özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bölgədə inkişaf və yüksəliş davamlı xarakter alıb. Bu inkişaf və tərəqqi isə Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Səbuhi HƏSƏNOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR