16 Aprel 2024, Çərşənbə axşamı

 Hər bir ölkədə iqtisadiyyatın aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Aqrar sektor istər əhalinin məşğulluğunun artırılması, istər ərzaq təhlükəsizliyinin təmin olunması, istərsə də sənaye sahəsinin xammal təchizatı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Kənd təsərrüfatının önəmini xarakterizə edən əlamətlərdən biri də ondan ibarətdir ki, bu sahədə istehsal və emal olunan məhsulların çeşidi artdıqca idxaldan asılılıq da azalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “...Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

 

Naxçıvan Muxtar Respublikasında ötən dövrdə aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrəsini vermiş, məhsul istehsalının həcmi artırılmışdır. Əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qoşulması, mütərəqqi suvarma metodlarının tətbiqi, texnika və gübrə təminatı, süni mayalanma işinə diqqətin artırılması, yeni heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının yaradılması və digər istiqamətlərdə görülən işlər kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. İkinci rübdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində olmuşdur.
Muxtar respublikamızda aqrar sektorun əsas hərəkətverici qüvvələrindən biri bu sahəyə göstərilən dövlət dəstəyidir. Həm istehsal, həm də emal prosesinə verilən dəstək yeni təsərrüfatların və emal müəssisələrinin yaradılması baxımından stimullaşdırcı xarakter daşıyır. Aprel-iyun aylarında kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min 650 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, yeni sənaye, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif istiqamətli layihələrin hazırlanması davam etdirilmişdir. İkinci rübdə muxtar respublikada 13 heyvandarlıq, 4 arıçılıq, 1 quşçuluq, 1 bağçılıq, 1 istixana, 1 tingçilik təsərrüfatının və 2 soyuducu anbarın yaradılması, 4 heyvandarlıq, 1 arıçılıq və 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq, 6 arıçılıq, 2 bağçılıq təsərrüfatının, 3 soyuducu anbarın, 1 kompost və torf istehsalı, 1 süd məhsullarının emalı sahələrinin yaradılması, 2 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

Muxtar respublikada ixrac imkanlarının genişləndirilməsi üçün mühüm töhfələrdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Şərur Sənaye Məhəlləsi olacaqdır. Hazırda burada 6 istehsalat korpusundan 3-nün yaradılması istiqamətində işlər davam etdirilir. Sənaye məhəlləsində ilkin mərhələdə fəaliyyətə başlaması nəzərdə tutulan sahələrdən biri də bitki yağı istehsalıdır. Xammal bazası aqrar sektordan formalaşacaq istehsal sahəsinin yaradılması istiqamətində işlər ikinci rübdə davam etdirilmişdir. Bu istiqamətdə avadanlıqların alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndələri muxtar respublikaya dəvət olunmuş, sənaye məhəlləsinə baxış keçirilmiş və müzakirələr aparılmışdır. Dövlət proqramının icrası Şərur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələrinin xammalla təchizatı üçün önəmli rol oynayacaqdır.
Dövlət proqramının mühüm istiqamətlərindən birini istehsal olunan məhsulların ixrac potensialının artırılması təşkil edir. Muxtar respublikada ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün hərtərəfli şəraitin yaradılması onları məhsul istehsalını artırmağa sövq edən stimullaşdırıcı amildir. Bununla yanaşı, ixrac potensialı olan məhsulların istehsalı ilə bağlı müxtəlif layihələrin hazırlanması və sahibkarlara təqdimatının keçirilməsi mühüm istiqamətləndirici tədbir kimi qiymətləndirilə bilər. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən meyvə araqları və tütün məmulatlarının Polşa, İran İslam Respublikası və Bakı şəhərinə maneəsiz şəkildə çıxarılması məqsədilə 5 hаldа mənşə sеrtifikаtı verilmişdir. İxrac qabiliyyətli müəssisələrin istehsal potensialından tam istifadə edilməsi üçün 15 sahibkarlıq subyekti ilə birgə təhlillər aparılmış, bu müəssisələrin ixrac potensialının artırılması istiqamətində təkliflər hazırlanmışdır. Latviyanın Riqa şəhərində yerləşən “Azərbaycan Ticarət Evi”nin rəhbərinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində yerli məhsullarla tanışlığı təmin edilmiş, həmin məhsulların, eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixracı istiqamətində müzakirələr aparılmışdır. İkinci rübdə muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 39 ixrac potensiallı sahibkarlıq subyektinin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Naxçıvan məhsulları ixrac kataloqu”nun hazırlanması başa çatdırılmış və 250 ədəd çap edilmişdir. Bu dövrdə kənd təsərrüfatı yönümlü 39 layihənin biznes planları ciddi təhlil olunmuş, bu layihələrin özünüödəmə imkanları, rentabellik göstəriciləri müəyyənləşdirilmiş, təhlillərin nəticələri ilə bağlı sahibkarlıq subyektləri maarifləndirilmişdir.

Muxtar respublikamızda insan amilinə verilən dəyərin əsas təzahürlərindən biri aztəminatlı ailələrin xüsusi dövlət qayğısı ilə əhatə olunmasıdır. Bu istiqamətdə görülən işlər bir tərəfdən həmin ailələrin məşğulluğunun təmin olunması ilə maddi rifahının yüksəldilməsinə, digər tərəfdən isə bu ailələrdə istehsal olunan məhsulların daxili bazarın tələbatının ödənilməsində xüsusi yer tutmasına səbəb olur. Dövlət proqramında da özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi barədə tapşırıq nəzərdə tutulmuşdur. Muxtar respublikada ikinci rübdə 85 ailə özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərənlərə, ümumilikdə, 96 baş iribuynuzlu, 320 baş xırdabuynuzlu heyvan, 40 arı ailəsi, 10 miniyerşumlayan aqreqat və 2 inkubator aparatı verilmişdir. Əvvəlki dövrlərdə aktiv verilmiş ailələrdən təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirənlərə, ümumilikdə, 2 arpa, buğdaqıran və 1 südsağan aqreqatın verilməsi isə özünüməşğulluq proqramı çərçivəsində həvəsləndirici tədbirlərin də davam etdirilməsinin ifadəsidir.

Naxçıvanda özünüməşğulluqda səmərəliliyin yüksəldilməsinin və alternativ gəlir mənbələrinin genişləndirilməsinin digər mühüm vasitəsi isə ailə təsərrüfatlarıdır. Onlara dövlət dəstəyinin göstərilməsi, mütəmadi olaraq görüşlərin keçirilməsi və məhsul istehsalının artırılması istiqamətində aparılan təşviqat işləri ailə təsərrüfatlarının sayının ildən-ilə artmasına və yeni fəaliyyət sahələrinə yönəlmələrinə səbəb olur. Bir çoxu kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu təsərrüfatlarda istehsal olunan məhsulların satışına lazımi şəraitin yaradılması da xüsusi diqqətdə saxlanılan məsələlərdəndir. İkinci rübdə xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində olmuş, Naxçıvan şəhəri və Babək rayonunun hər biri üzrə 11, Ordubad və Culfa rayonlarının hər biri üzrə 53, Şərur rayonu üzrə 5, Kəngərli rayonu üzrə 2 ticarət obyektində ailə təsərrüfatçılarının təqdim etdiyi məhsullardan ibarət bölmələrin ön sıralarda yerləşdirilməsi və istehlakçılara təklif edilməsi istiqamətində maarifləndirmə işi aparılmışdır.
Maarifləndirmə tədbirlərində, eləcə də Dövlət proqramının icrası ilə bağlı görülən işlərin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməsi də diqqət mərkəzində olmuşdur. Proqramın icrasına uyğun olaraq Naxçıvan Televiziyasında 8 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 9 yazı dərc olunmuşdur.
Dövlət proqramının icrası muxtar respublikada əlverişli aqrobiznes mühitinin formalaşdırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və ixrac potensialının artırılması sahəsində yeni nailiyyətlərin əsasını qoyacaqdır.

“Şərq qapısı”

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR