22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Bu işlərin davamı olaraq iyul ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 15 yoxlama­-reyd keçirilmiş, 4 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.


Muxtar respublikamızın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Babək rayonunun Vayxır kəndində ətraf kəndlərin də nümayəndələrinin iştirakı ilə əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmiş, ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları və torpaqların münbitliyinin qorunması haqqında müzakirələr aparılmışdır.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında iyul ayı ərzində Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 8, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 olmaqla, ümumilikdə, 20 su nümunəsi götürülmüş və 194 analiz aparılmışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. Belə ki, ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmiş, 12 hektar sahədə suvarma, 3 hektar sahədə alaq otlarından təmizləmə işləri aparılmış, 0,8 hektar sahədə yeni yaradılacaq toxmacarlıq sahəsi texnika vasitəsilə şumlanmış, toxmacarlıq sahələrinə 20 kiloqram gübrə verilmişdir. Cari ilin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq 157 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunmuşdur.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində də davam etdirilmişdir.
Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, çöl işləri, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir.
İyul ayı ərzində yaylaq mövsümü ilə əlaqədar olaraq Şahbuz rayonunun Batabat, Keçəldağ, Gömür dağı, Culfa rayonunun Kola və Dəmirli yaylaqları ərazisində məskunlaşmış fermerlərlə fərdi görüşlər keçirilmiş və yaylaqdan istifadə qaydaları haqqında maarifləndirici söhbət aparılmışdır.
Ötən ay nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin və ekologiya könüllülərinin Şahbuz Dövlət Təbiət Qoruğu ərazisinə ekskursiyası təşkil edilmiş, gənclərə xüsusi mühafizə olunan təbiət əraziləri, onların yaradılması, əhəmiyyəti və həyata keçirilən mühafizə tədbirləri haqqında geniş məlumat verilmişdir. Tədbir iştirakçıları qoruğun muzey fondu ilə tanış olmuş, onlara qoruq ərazisində mövcud olan flora, fauna növləri və ərazidən tapılmış tarixi-mədəniyyət nümunələri haqqında geniş məlumat verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR