Naxçıvanın təbii-iqlim şəraiti aqrar istehsalın digər sahələri ilə yanaşı, arıçılığın inkişafı üçün də əlverişli imkanlar açır. Təbii resurslarla yanaşı, bu sahəyə dövlət dəstəyinin göstərilməsi nəticəsində arı ailələrinin sayı artırılır, məhsuldarlıq yüksəldilir, bal istehsalı və satışı genişləndirilir. Arıçılıqda məqsəd digər kənd təsərrüfatı sahələrində olduğu kimi ən az xərclə ən yüksək mənfəət əldə edilməsidir.
Naxçıvanda çoxəsrlik tarixə malik olan arıçılıq kompleks yanaşmanı ehtiva edən plan və proqramların təsdiqi, eləcə də dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində görülən işlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Arı ailələrinin çoxaldılmasının stimullaşdırılması, təbii bal məhsulunun istehsalının təşviqi ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada bu sahədə yeni nailiyyətlərin qazanılmasına gətirib çıxarmışdır. Müasir şəraitdə istehsal olunan məhsulların istehlakçıya çatdırılması, satışının təşkili bütün istehsal sahələrinin ümdə vəzifəsidir. Bu vəzifənin uğurlu həlli nəticəsində istehsal edilən məhsullar tez bir müddətdə realizə olunaraq qazanılan vəsait təkrar istehsala qaytarıla bilir. Belə olan halda, istehsal edilən mallar əldə qalmır, səmərəli fəaliyyət təmin olunur, istehsal həcminin artırılmasına və yeni sahələrin yaradılmasına maraq daha da artır. Hər il keçirilən bal festivalının ənənəvi xarakter alması isə istehsalçıların öz məhsullarını geniş alıcı kütləsinə təqdim etməsi və istehlakçıların çeşidli bal məhsullarına əlçatanlığının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bütün bu işlərin davamlılığının təmin edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Proqramın icrası baxımından cari ilin ikinci rübü arıçılığa dövlət dəstəyinin artaraq davam etməsi ilə yadda qalmışdır. Belə ki, bu dövrdə muxtar respublikada 5 arıçılıq təsərrüfatına 69 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkinci rübdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, Babək və Şahbuz rayonlarının hər birində 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmışdır. Həmçinin proqramın icrasına uyğun olaraq Naxçıvan şəhəri və Babək rayonlarının hər birində 2, Ordubad və Culfa rayonlarının hər birində isə 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir.
Ailə təsərrüfatçıları ilə mayın 6-da Şahbuz rayonunun Ağbulaq kəndində keçirilən görüşdə “Damazlıq ana arı yetişdirmə təsərrüfatı”, iyunun 22-də Şərur rayonunun Günnüt kəndində keçirilən müşavirədə eyni başlıqlı, eləcə də “Balın emalı və qablaşdırılması sahəsi” mövzulu layihələr təqdim edilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanmışdır.
Arıçılığa göstərilən dövlət dəstəyinin mühüm təzahürlərindən biri də hər il qeydiyyata alınan arı ailələri üzrə arıçı sahibkarlara subsidiyaların ödənilməsidir. Subsidiyaların verilməsində məqsəd arı ailələrinin genofondunu qorumaq və arıçılıqla məşğul olan sahibkarların fəaliyyətinin davamlı xarakter almasına nail olmaqdır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin 2021-ci il üçün icrası diqqət mərkəzində saxlanılmışdır. Aprel ayında muxtar respublikada qeydiyyata alınan arı ailələri üzrə 3 min 965 sahibkara, ümumilikdə, 997 min 400 manat məbləğində subsidiyanın ödənilməsi təmin edilmişdir. Hər arı ailəsi üçün 10 manat olmaqla, ödənilən bu vəsait arıçıların arı ailələrinin sayını artırması üçün stimullaşdırıcı xarakter daşıyır.
Muxtar respublikanın ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim şəraitinə və balverən zəngin bitki örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhfə verən ekoloji amildir. Arıçılıq kənd təsərrüfatının elə bir sahəsidir ki, onun inkişafı ətraf mühitə mənfi təsir etmir, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da, keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə gətirib çıxarır.
Arıçılığa dövlət qayğısı həm də özünü arı ailələrinin sığortalanması ilə bağlı həyata keçirilən tədbirlərdə büruzə verir. Qeyd etmək lazımdır ki, arıçılıq kənd təsərrüfatının faydalı və gəlirli sahələrindən olsa da, bu istiqamətdə həyata keçirilən fəaliyyətə zərər vura biləcək təhlükəli faktorlar da az deyil. Öncədən proqnoz verilməsi mümkün olmayan təbiət hadisələri, xüsusi təhlükəli ziyanvericilər, müxtəlif yoluxucu xəstəliklər arıçılıq fəaliyyətinə ciddi zərər vura bilər. Sahibkarın təsərrüfatındakı arı ailələrini sığorta etdirməsi onun öz xərclərini zəmanət altına alması deməkdir. Dövlət proqramının icrası məqsədilə ikinci rübdə muxtar respublikada 140 arı ailəsinin sığortalanması bu istiqamətdə işlərin uğurla davam etdirildiyini deməyə əsas verir.
Naxçıvanda mum vərəqinin yerli istehsal məhsulu kimi təqdim olunması arıçılıq sahəsində əldə edilən mühüm nailiyyətlərdəndir. Onu da qeyd etmək lazımdır ki, muxtar respublikada istehsal olunan mum vərəqinin keyfiyyətli olması arıçıların fəaliyyətinin məhsuldarlığına müsbət təsir göstərir. İkinci rübdə Şahbuz şəhərində fəaliyyət göstərən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində 830 kiloqram mum vərəqi istehsal edilmişdir. İstehsal olunan məhsulun 534,5 kiloqramının arıçılara satışının həyata keçirilməsi onu göstərir ki, bu məhsulun yerli istehsal hesabına ərsəyə gətirilməsi sahibkarlar üçün də sərfəli imkanların mövcudluğu deməkdir.
Muxtar respublikada arı xəstəliklərinin qarşısının alınması istiqamətində görülən işlər yerli arı genofondunun mühafizəsi və arıçıların dövlət qayğısı ilə əhatə olunması məqsədi daşıyır. Mütəmadi olaraq laboratoriyalarda arı xəstəlikləri ilə bağlı nümunələrin yoxlanılması baş verə biləcək mənfi halların vaxtında aradan qaldırılması baxımından həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı, istehsal olunan arıçılıq məhsullarının da analizlərə cəlb edilməsi istehlakçılara təklif olunan balın keyfiyyətini yüksəldən başlıca faktor hesab edilir. İkinci rübdə epizootik tədbirlər planına əsasən Amerika və Avropa çürüməsi, eləcə də Varroatoz, Akarapidoz, Nozematoz və digər arı xəstəliklərinə qarşı 15 min 804 nümunə üzərində yoxlama aparılmış, infeksion xəstəlik aşkar edilməmişdir. Bundan əlavə, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyasında arıçılıq təsərrüfatlarında istehsal olunan təbii bal məhsulundan 4 halda nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini məqsədilə təhlillər aparılmışdır. Nəticədə, nümunələrin keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
İkinci rübdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə maarifləndirmə tədbirləri davam etdirilmişdir. Belə ki, bu dövrdə Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Mahmudkənd, Oğlanqala, Günnüt, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Əylis, Culfa rayonunun Ərəfsə, Şahbuz rayonunun Sələsüz kəndlərində və Batabat yaylağında arıçılarla maarifləndirici görüşlər keçirilmişdir. Bu görüşlərdə iştirakçılara arıçılıq məhsullarının istehsalının artırılması üçün xammal bazasının yaradılması məqsədilə yonca, xaşa, şənbəllə, xəşənbül bitkilərinin əkin sahələrinin genişləndirilməsi, bitkilərin vegetasiya müddəti başa çatdıqdan sonra ot biçininin həyata keçirilməsi tövsiyə olunmuşdur. Həmçinin aprel-iyun aylarında Babək rayonunun Güznüt, Çeşməbasar, Ordubad rayonunun Bist, Nəsirvaz, Culfa rayonunun Əbrəqunus, Şahbuz rayonunun Qızıl Qışlaq, Biçənək kəndlərində arıçılar və kənd sakinləri arasında arıçılıq təsərrüfatlarının yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan ağac və kolların kəsilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə işi aparılmışdır.
Muxtar respublikada kənd təsərrüfatının dinamik inkişaf etdiyi hazırkı dövrdə arıçılıq təsərrüfatlarının fəaliyyətinin yüksəldilməsi, məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyinin təmin edilməsi bu sahənin məhsullarına tələbatın tam ödənilməsinə şərait yaradır.
“Şərq qapısı”