22 Dekabr 2024, Bazar

İstehsal və xidmət sferasının bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər cari ilin iyul ayında da davam etdirilmiş, məhsulların keyfiyyət göstəricilərinin standartlara uyğunluğu diqqətdə saxlanılmışdır.


Cari ilin iyul ayında qida məhsullarının 83 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin nümayəndələri ilə birlikdə 2021-ci ilin 23 iyul tarixində Culfa rayonunun Dəmirli yaylağında arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmışdır.
Hesabat dövründə emal olunmuş kənd təsərrüfatı məhsullarının 23, meyvə-tərəvəz məhsullarının 37 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nəticələrin standartlara uyğun olduğu müəyyən edilmişdir.
2021-ci ilin 8 iyul tarixində Şərur rayonunun Məmmədsabir kəndində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı 32 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. İyul ayında 2 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 3, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyən edilmişdir.
İstehlakçıların məhsullar haqqında dolğun məlumatlandırılması məqsədilə 2 müəssisədə istehsal olunan 6 məhsulun etiket layihəsi standartlara uyğun hazırlanmışdır.
Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə iyul ayında, ümumilikdə, 739 qaz cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 12 qaz cihazının idxalına icazə verilməmişdir.
Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR