Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həlli yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.
Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə muxtar respublikada, ümumulikdə, 48,9 hektar sahədə yeni meyvə bağları salınmış, 121302 ədəd müxtəlif növ ting, 8463 ədəd üzüm kolu əkin dövriyyəsinə daxil edilmişdir.
Təbii ki, yaşıllıq salmaq işin bir tərəfidirsə, onu böyütmək, ərsəyə gətirmək, qulluq göstərmək işin qalan tərəfidir. Görülən işlər içərisində vacib bir məqamı – yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq lazımdır. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə 2,2 kilometr ana xətt, 22,92 kilometr müxtəlif diametrli borularla paylayıcı boru xətti çəkilmiş, 232 hidrant və üç istiqamətdə çıxışı olan dəmir-beton hovuzlar quraşdırılmış, 1,5 kilometr açıq drenaj qazılmış, 3,3 kilometr qapalı drenaj xətti çəkilmişdir.
Qeyd olunan proqramın icrası nəticəsində muxtar respublikada cari ilin ikinci rübü ərzində meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bağçılığın inkişafı məqsədilə 2 layihə üzrə 46 min manat, daxili tələbata uyğun yüksək məhsuldarlığa və intensiv üsullara əsaslanan tingçilik təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə bir layihəyə 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi və yenilərinin yaradılması istiqamətində tədbirlər görülmüş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 3 layihə üzrə 66 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Hesabat dövründə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 bağçılıq, Şərur rayonunda isə 1 tingçilik təsərrüfatının yaradılması, Babək rayonunda 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmış, Şərur və Ordubad rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 2021-ci ilin ikinci rübü ərzində ümumi sahəsi 5570 kvadratmetr olan 3 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Hazırda muxtar respublikada ümumi sahəsi 151 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılmasına da ciddi önəm verilmiş, ikinci rübdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Şərur rayonunda ümumi tutumu 170 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılmış, ümumi tutumu 800 ton olan soyuducu anbarın yaradılması üçün “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə 424 min 750 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, Naxçıvan şəhəri və Şərur rayonunda ümumi tutumu 1730 ton olan 4 soyuducu anbarın yaradılması istiqamətində işlər davam etdirilmişdir. Ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar istifadəyə verilmişdir.
Muxtar respublikanın aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort müxtəlifliyinin qorunması, zənginləşdirilməsi, tətbiqyönümlü sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadi səmərə əldə edilməsi əsas strateji istiqamətlərdəndir. İkinci rübdə AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında müxtəlif meyvə sortlarından ibarət calaq işləri həyata keçirilmiş, 600-ə yaxın meyvə tingi calaq edilmişdir.
Müasir dövrdə sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün sahələrini əhаtə еtməklə, mаddi rifаhın və sаhibkаrlıq riskinin zəmаnətçisi kimi çıхış еdir. Meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması işinin davam etdirilməsi məqsədilə 2021-ci ilin ikinci rübü ərzində, ümumilikdə, 44 meyvə, 31 tərəvəz təsərrüfatı olmaqla, cəmi 75 meyvə bağı və tərəvəz əkini sahələrinin sığortalanması işi həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında bazara təqdim olunan bütün məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır ki, bu istiqamətdə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsullar xüsusi yer tutur. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında meyvə-tərəvəz məhsullarından götürülən 43 nümunə laboratoriya analizlərinə cəlb edilmişdir. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 50 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmışdır.
Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsi məqsədilə gömrük prosedurları qanunvericiliyə uyğun olaraq sadələşdirilmiş, malların sürətli keçidləri təmin olunmuşdur. Dövlət Gömrük Komitəsi tərəfindən kənd təsərrüfatı məhsullarının gömrük sərhədindən sürətli buraxılışının təmin edilməsi üçün ixracatçılara “Yaşıl dəhliz” buraxılış sistemlərindən daimi istifadə hüququ verilmişdir.
Yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənaye məhsulları yarmarkası təşkil olunmuş və məhsulların bazar qiymətlərindən 10 faiz aşağı qiymətə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilmişdir.
Bütün bunlar onu göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.
Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı