Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra edilməkdədir.
Belə ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq iyun ayında Kəngərli rayonu ərazisində 16380 metr kanal, 20 min 450 metr kollektor-drenaj şəbəkəsi plana alınıb. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq həmin rayonun ərazisində 307,4 hektar meyvə bağı, 71,5 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
Muxtar respublikada kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması məqsədilə Sədərək rayonunun Sədərək, Ordubad rayonunun Sabirkənd yaşayış məntəqələrində, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar olaraq Kəngərli rayonunun Yurdçu kəndində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Məmmədsabir və Qarxun kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar edilən qanun pozuntuları aradan qaldırılıb. Şərur rayonunun Muğancıq Mehrab, Siyaqut və Kəngərli rayonunun Çalxanqala kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.
Təkcə iyun ayı ərzində 721 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 527 texniki sənəd hazırlanıb, yeni yaranan 31 daşınmaz əmlak obyektinə ünvan verilib, 119 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 6 ailə təsərrüfatının icarəsinə verilən 0,62 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti