Muxtar respublikamızda meyvəçilik ənənəvi, eyni zamanda əsas kənd təsərrüfatı sahələrindən sayılır. Tərkibi müxtəlif vitaminlərlə zəngin olan meyvələrin insan orqanizminə faydalarını və meyvə ağaclarının ətraf mühitə ekoloji, estetik təsirini nəzərə alsaq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu görərik. Bu səbəbdən meyvəçilik uzun illərdən bəri Şərur rayonunda da insanların əsas məşğuliyyət növü olub və onların güzəranını təmin edib. Həmin meyvələr içərisində şaftalı xüsusi yer tutur. Rayonda bu meyvəni əkib-becərənlər çoxdur. Bu meyvəyə “hülü” də deyirlər. Rayonun bütün kəndlərində, ən çox isə Aşağı Daşarx, Danyeri, Yuxarı Daşarx, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Siyaqut kəndlərində yetişdirilir. Burada şaftalı bağlarının sahəsi ilbəil genişləndirilir. Artıq bir neçə müddətdir ki, məhsul yığımına başlanılıb. Naxçıvan-Sədərək avtomobil yolundan keçənlər, yolboyu istədikləri təsərrüfatdan bu ətirli meyvədən də alıb, dadına baxa bilirlər.
Dərəkənd sakini Muraz Məmmədzadə ilə saldığı şaftalı bağında həmsöhbət oluruq. Öyrənirəm ki, burada həm yay, həm də payız aylarında yetişən yerli növlər mövcuddur. Artıq üç həftədir ki, məhsul yığımına başlanılıb. İndiyə qədər 3 hektar bağdan 20 tondan artıq şaftalı tədarük edilib. Müsahibim deyir ki, şaftalıya yerli bazarda böyük tələbat olduğundan satışında çətinlik yaranmır. Onun sözlərinə görə, şaftalı digər meyvələrlə müqayisədə daha çox qulluq tələb edir. Bağdakı tinglərin növləri arasında “zəfəran” sortu üstünlük təşkil edir. Bu növün qeyri-adi ətri var. Meyvənin iki çeşidi daha məşhurdur. Ağımtılı şirin, sarımtılı isə daha ətirli olur. Bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Ağacların gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar uyğun miqdarda verilməli, dərmanlama vaxtında aparılmalıdır. Ötən il olduğu kimi, bu il də məhsulumuz boldur. Bazara çıxarmaqda da heç bir çətinliyimiz yoxdur. Həftəsonu yarmarkalarla yanaşı, məhsulu elə gəlib bağdan alıb aparanlar da çox olur. Şaftalıdan mürəbbə, marmelad, cem, kompot hazırlamaqla bərabər həm də onu qurudurlar. Muraz kişi onu da qeyd etdi ki, əkib-becərdiyi bağdan hər il bol məhsul əldə etmək üçün daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırır.
Yay meyvələrindən ən dadlı və ən şirini olan şaftalının faydalarını saymaqla bitməz. Şaftalı orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətli olan vitaminlər, minerallar və digər zəruri maddələrlə zəngin meyvədir. Tərkibində müxtəlif turşular və vitaminlər, kalsium, kalium, maqnezium, dəmir, manqan, fosfor, sink, selen vardır. Şaftalı həzm sisteminə xeyirlidir. Meyvənin tərkibində olan qida lifləri suyu mənimsəyir, bir sıra xəstəliklərin qarşısını alır, böyrəklərdə daşların həll olmasına kömək edir. Həmçinin şaftalının tərkibindəki maqnezium insanı stress və həyəcandan qoruyur, əsəb sistemini sağlam saxlayır, askorbin turşusu və sinklə zəngin olduğuna görə immun sisteminin sağlam olmasına kömək edir. Meyvənin qabığında və mətində olan fenol birləşmələr isə ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır, ziyanlı xolesterinin səviyyəsini aşağı salır, tərkibindəki bioloji aktiv komponentlər artıq çəki ilə mübarizə aparmağa kömək edir.
Bu gün muxtar respublikamızda hər sahədə olduğu kimi, meyvəçiliyin inkişaf etdirilməsinə də geniş imkanlar açılıb. Dövlət qayğısından bəhrələnən hər bir torpaq adamı öz təsərrüfatında istədiyi meyvəni yetişdirə bilir. Bu isə yerli bazara başqa yerlərdən gətirilən və genofondu dəyişdirilmiş meyvələrin qarşısını alır. Bundan isə həm bağbanlarımız qazanır, həm də muxtar respublika sakinləri.
Aytac CƏFƏRLİ