Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq, ötən il 13 yeni quşçuluq təsərrüfatı yaradılıb. Beləliklə, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılıb.
Xatırladaq ki, muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılıb. Birliyin tərkibinə daxil olan müəssisələr muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətlərini genişləndirirlər. Bu məqsədlə birliyə daxil olan broyler məhsulları istehsalçıları bir araya gələrək regionda quş əti və yumurta istehsalı ilə bağlı qarşıda duran məsələləri birgə müzakirə edirlər. Belə görüşlərdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq müəssisələri qarşısında duran cari problemlərə toxunulur, istehsal olunan məhsulun maya dəyəri, satışı, reklamı ilə bağlı məsələlər haqqında fikir mübadiləsi aparılır. Muxtar respublikaya kənardan müxtəlif yollarla gətirilən broyler məhsullarının yerli istehsalçıların işinə yaratdığı çətinliklər, broyler müəssisələrinin damazlıq yumurta və ətlik cücəyə olan tələbatlarının ödənilməsi quş əti istehsalçılarının cari qayğılarından olub, gələcəkdə koordinasiya əlaqələrinin genişləndirilməsi və istehsal olunmuş məhsulların ixracı məsələləri də müzakirə olunan mövzulardandır.
Xəbərlər şöbəsi