Naxçıvan Avtomobil Zavodunun tikintisinə 2008-ci ilin avqust ayında başlanılıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər baqaj hissəsi salonda olan (xetçbek) “320” və “520İ”, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “520” və “620” modellərindən ibarətdir. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılır. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.
Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Bu istiqamətdə işlər uğurla davam etdirilib, ötən ilin oktyabr ayında “NAZ-Lifan 620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillərin də 2014-cü ilin may ayında Bakıda keçiriləcək VIII Beynəlxalq Avtomobil Sərgisində təqdimatı nəzərdə tutulur.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 5 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
İstehsal olunan avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Avtomobil zavodunun fəaliyyətə başladığı dövrdən ötən 4 il “NAZ-Lifan” markalı minik avtomobillərinin tanıdılması mərhələsi olub. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə Xaçmaz rayonunda satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu, həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə aparmadan yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.
Avtomobillərin dəyəri 8400-16000 manat arasında dəyişir. Ötən 4 il müddətində 2085 ədəd “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1903 ədədi satılıb. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
Kərəm HƏSƏNOV