Meyvə-tərəvəzçilik iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızın torpaq-iqlim şəraiti bol meyvə və tərəvəz yetişdirilməsi üçün olduqca əlverişlidir. Bu gün də muxtar respublikada bu sahə diqqət mərkəzində saxlanılır, məhsul istehsalını artırmaq üçün kompleks tədbirlər görülür. Bu məqsədlə indiyə qədər mühüm qərarlar qəbul olunaraq onların icrası təmin edilib. İnsanlarda xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması, öz növbəsində, muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasına da təsir edib.
Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muхtar rеspublikada soyuducu anbarlar qurularaq istifadəyə vеrilib, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanması, istehsalı kimi ixraca stimul yaradan tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Muxtar respublikanın düzən, dağətəyi və dağlıq ərazilərində kartof, pomidor, sarımsaq, soğan, yerkökü və digər tərəvəzlərin, yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi, meyvə-tərəvəzçiliyin sənaye miqyasında inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Proqramda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının stimullaşdırılması, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulub. Bu məqsədə nail olmaq üçün intensiv texnologiyaya əsaslanan yüksəkkeyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz əkini sahələrinin genişləndirilməsi və məhsul artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin və saxlama soyuducu kameraların yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni, müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Sözügedən Dövlət Proqramının icra vəziyyəti ilə bağlı meyvə-tərəvəzçiliyin inkişafında böyük imkanlara malik olan Babək rayonunda olduq, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat aldıq. Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Abbas Əliyev bildirdi ki, rayon ərazisində torpaq-iqlim şəraitinə uyğunlaşan meyvə sortlarının yetişdirilməsi üçün Babək qəsəbəsində ötən il əkilən 1200 kvadratmetrlik tingçilik sahəsinə aqrotexniki qulluq göstərilib. Əlavə olaraq 4 min ədəd dibçəklər vasitəsilə ting yetişdirilib. Yetişdirilən tinglər yeni salınan meyvə bağlarına əkilib. Torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılmasının elmi əsaslarının hazırlanması və tətbiqi sahəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin müvafiq institutları ilə uğurlu əməkdaşlıq edilib. Belə ki, rayonun Nehrəm kəndində 450 metr qapalı drenaj, 3600 metr açıq drenaj kanalı lil və yığıntılardan təmizlənib. Həmçinin Nehrəm kəndində şoranlaşmanın qarşısını almaq məqsədilə 1100 metr, Nəcəfalı Dizə kəndində isə 1950 metr yeni açıq drenaj kanalları qazılıb, müxtəlifdiametrli borularla su keçidləri quraşdırılıb. Bu iş hazırda davam etdirilir. Bundan başqa, rayonun Sirab kəndində 450 metr uzunluğunda qapalı drenaj tikilib, Cəhri kəndində sakinlərin həyətində 270 metr yeni qapalı drenaj vurulub, kənd məhəllələrində isə 600 metr açıq drenaj kanalı qazılıb. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əkinəyararlı torpaq sahələrində meyvə və tərəvəzlərin əkilməsinin əkin atlaslarına uyğun təşkil edilməsi məqsədilə rayonun torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirələr keçirilib, maarifləndirmə işləri aparılıb. Rayon ərazisində 37 hektarda əkin atlasına uyğun meyvə bağı salınıb, 1498 hektar sahədə bostan, 1931 hektar sahədə isə tərəvəz əkini keçirilib. Muxtar respublikada özünəməxsus ənənələrə malik olan taxıl bitkisinin, kartof, pomidor, sarımsaq, soğan, yerkökü və digər tərəvəzlərin əkin sahələrinin artırılmasının dəstəklənməsi istiqamətində ötən il ərzində 339 nəfərə kreditlər verilib. Rayon ərazisində yerli iqlim və relyefə uyğun tezyetişən meyvə bağları salınması istiqamətində işlər aparılıb. Meyvə bağlarının salınması üçün sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaqların müəyyənləşdirilib əkin dövriyyəsinə daxil edilməsi məqsədilə lazımi tədbirlər həyata keçirilib. Sututan ərazilərdən 10 hektarı əkin dövriyyəsinə daxil edilib.
Abbas Əliyev onu da bildirdi ki, ötən il rayon ərazisində meyvə və tərəvəzçiliklə məşğul olan torpaq mülkiyyətçilərinin iştirakı ilə rayonun Cəhri, Nehrəm, Şıxmahmud, Sirab və Zeynəddin kəndlərində maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı təmin olunub, mülkiyyətçilərlə söhbətlər aparılıb, torpaqların münbitliyinin artırılması ilə əlaqədar torpaq mülkiyyətçilərinə tövsiyələr verilib. Heydər Əliyev Su Anbarının sol sahil kanalı vasitəsilə suvarılan 2000 hektar ərazidə su itkisinin və şoranlaşmanın qarşısının alınması məqsədilə yeraltı suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulub. Suvarma suyundan səmərəli istifadə olunması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su ilə təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi sahəsində aparılan işlərə müvafiq olaraq, ümumi uzunluğu 182,3 kilometr olan kanal və arxlar lildən təmizlənib. Həmçinin əkin sahələrini su ilə təmin edən Nehrəm nasos stansiyasında 1 ədəd yeni nasos aqreqatı, 2 ədəd elektrik mühərriki quraşdırılıb, Yarımca nasos stansiyasında 2 ədəd siyirtmə yenisi ilə əvəz edilib, Sirab nasos stansiyasının təzyiqli boru xəttinə metal borularla 1300 metr yeni xətt çəkilib. Güznüt kəndi ərazisində 5500 metr uzunluğunda yeni suvarma boru xəttinin tikintisinə başlanılıb. Nehrəm kəndində əkin sahələrinin suvarma normasını yaxşılaşdırmaq məqsədilə Araz çayından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi məqsədilə əraziyə baxış keçirilib və gələcəkdə nəzərdə tutulan işlərin görülməsi üçün əlaqədar qurumlarla fikir mübadiləsi aparılıb.
İstehsal olunan meyvə-tərəvəz məhsullarının realizə edilməsi üçün sahibkarlar arasında marketinq işinin təbliği, sərgi-satış yarmarkalarının təşkili məqsədilə torpaq mülkiyyətçilərinin sərgi-satış yarmarkalarında iştirakı təmin edilib. Rayon ərazilərində bitki örtüyünün nisbətən seyrək olduğu Pircüvar massivində iqlimləşdirilmiş yeni ərik, alma və armud bağlarının salınmasına diqqət yetirilib.
Ümumiyyətlə, Babək rayonunda həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, proqramın icra müddəti başa çatana qədər bölgədə meyvə-tərəvəzçilik sahəsində böyük nailiyyətlər əldə ediləcək.
Səbuhi HÜSEYNOV