22 Dekabr 2024, Bazar

Hələ orta əsrlərdə səyyahların “meyvə cənnəti” adlandırdıqları Naxçıvanda meyvəçilik əhalinin əsas məşğuliyyət sahələrindən biridir. Münbit torpaq-iqlim şəraiti burada müxtəlif meyvələrin yetişdirilməsinə, bol və yüksəkkeyfiyyətli məhsul əldə etməyə imkan verir. Sağlam qidalanmada mühüm rol oynayan, zəngin vitaminli meyvələrə muxtar respublikamızın hər bir bölgəsində rast gəlmək olar. Belə bölgələrimizdən biri də vaxtilə ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonudur. Bağlar diyarı kimi tanınan bu bölgəmiz ta qədimdən dadlı-tamlı meyvələri ilə xüsusilə seçilib və hətta bir neçə xarici ölkədə həmin meyvələrlə sərgilərdə iştirak edib. Başlıca məşğuliyyət sahəsi kimi meyvəçilik bu gün də Ordubadda inkişaf etdirilir.

Bol, keyfiyyətli, rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı olan Ordubadın ən dadlı meyvələrindən biri də ərikdir. Xüsusilə müharibə illərində “çörək ağacı” hesab olunan Ordubadda əriyin abutalibi, balyarım, növrəstə, ağ və qırmızı təbərzə, badamı, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, fındığı ərik, kababı, göy ərik və sair sortları yetişdirilib. Bu gün də bu sortların bir neçəsi becərilir. Bu meyvədən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaşana, mürəbbə hazırlanır. Ərik Ordubadın, əsasən, Dəstə, Vənənd, Düylün, Aza, Sabirkənd və digər yaşayış məntəqələrində yetişdirilir.
İllərdir, meyvəçiliklə məşğul olan Sabirkənd sakini, ailə təsərrüfatçısı Xəlil Fərəcovla həmsöhbət oluruq. Müsahibim qeyd edir ki, ta qədimdən bu bölgə ərik bağları ilə məşhur olub. Vaxtilə xaricdə təşkil edilən meyvəçilik sərgilərində Ordubad meyvələri özünəməxsus dad-tamı, rəngi, ətri ilə fərqlənib.
Müsahibim bildirir ki, muxtar respublika rəhbərinin müvafiq Sərəncamı ilə qəbul edilmiş və icrası uğurla başa çatdırılmış “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” meyvəçiliklə məşğul olan kənd sakinlərinin sayının xeyli artmasına səbəb olub. O vaxtdan kəndimizdə hər il meyvə bağlarının sahələri genişləndirilir. Sabirkənd əvvəllər tərəvəzçilik üzrə tanınsa da, artıq meyvəçilik də maraq göstərilən məşğuliyyət sahəsinə çevrilib. Kənddə ərik yetişdirən təsərrüfatçılar kifayət qədərdir. Bu sırada Çingiz və Sərvər Mustafayev, Polad və Sadıq Əliyev və başqalarını göstərmək olar. Mən də 2012-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə Sahibkarlığın İnkişafı Fondundan kredit götürərək iki hektar yarım sahədə meyvə bağı salmışam. Bağda yerli ənənəvi ərik sortlarını yetişdirməyə üstünlük veririk. “Nəsir ağa” adlı ərik sortu keçən əsrdən bu kənddə əkilib, becərilib. Bir vaxtlar Qoşadizə kəndində yaşamış Nəsir ağa adlı kişi ərik bağı salıb, yerli ərik sortları yetişdirib. Elə o vaxtdan da bu sort unudulmayıb, kənd sakinləri tərəfindən bu gün də yetişdirilir.
Ərik bağlarının salınmasında diqqət ediləsi məqamlardan danışan müsahibim vurğulayır ki, ərik ağacları, adətən, toxum və calaqla artırılır. Əriyi, əsasən, ərik, şaftalı, rütubətli və gilli torpaqlarda alça, quru torpaqlarda badam və gavalı ilə calaq edirlər. Calağı yayda – iyul-avqust aylarında vurur və sen­t­­yabrın birinci yarısına kimi aparırıq. Bir sıra sortları toxumla da artırmaq mümkündür. Ərik istiyə tələbkar olduğu üçün qısamüddətli şaxtalar ağaclara təsir etmir, fevralda çiçək tumurcuqları yenidən inkişafa başlayır. Ərik yaxşı su və havakeçirmə qabiliyyətinə malik yüngül torpaqlarda normal inkişaf edir. Xəstəliklərə qarşı mübarizədə vaxtında yerinə yetirilmiş aqrotexniki tədbirlər böyük əhəmiyyətə malikdir. Ərik ağaclarını vaxtında dərmanlamaq, qurumasının qarşısını almaq, suvarılmasına diqqət etmək onların inkişafında vacib amillərdir. Düzgün aqrotexniki qulluq göstərilən hər bir ərik ağacından 100-300 kiloqram arası məhsul götürmək olar.
İnsan orqanizmi üçün əvəzsiz nemət olan ərik iqtisadi gəlirgətirən meyvə olduğu üçün ondan hazırlanan müxtəlif məhsullar məişətdə istifadə edilməklə yanaşı, bazara da çıxarılır və insanlar tərəfindən sevilərək alınır. Şübhəsizdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Ordubad rayonunda da uğurla icra olunması daxili bazarda meyvəçilik məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini, ixracyönümlü meyvəçilik məhsulları istehsalı sahələrinin yaradılmasını, yeni meyvə bağlarının salınmasını bundan sonra da təmin edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR