İyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Kiçik və Orta Biznesi İnkişafı Agentliyi “KOBİA” və Ukraynanın Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb və şuranın ilk iclası keçirilib. KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunub.
İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıb.
KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları təmsil olunub. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak edib. Tədbir çərçivəsində, həmçinin AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.
Müzakirələrdə Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi Muxtar respublikamızın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.
Qeyd olunub ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir.
İclas sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası