22 Dekabr 2024, Bazar

Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Cari ilin yanvar-may aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mövcud layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Təsadüfi deyil ki, Naxçıvanda yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin beş ayı ərzində sənaye üzrə 459 milyon 458 min 500 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricini 1 faiz üstələmişdir.

Son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələri yaradılmış, nəticədə, 384 növdə məhsulun istehsal olunduğu məkanda 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.
Muxtar respublikamızda son illər artan istehsal müəssisələri sırasında maşınqayırma sənayesi ilə məşğul olan Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur. Müəssisənin əsası 2006-cı ildə qoyulmuş, 2010-cu ildə istismara verilmişdir. İstehsal prosesində keyfiyyəti əsas götürən zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil olmuş, istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilmişdir.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulmuşdur. Naxçıvan və Bakı şəhərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır.

2021-ci ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılmışdır. Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 2020-ci il ərzində 117 ədəd avtomobil, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunmuşdur.
Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikamızda istehsal olunması Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR