Əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir.
May ayında da məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 91 halda, o cümlədən qida məhsullarının 77 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Ötən ay Kəngərli rayonunun Çalxanqala, Şahbuz rayonunun Sələsüz kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmışdır.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq emal edilmiş kənd təsərrüfatı məhsullarının 27 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu müəyyən olunmuş və müvafiq məhsulların 3 halda sertifikatlaşdırılması həyata keçirilmişdir. Kənd təsərrüfatının digər sahələri kimi, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. May ayında meyvə və tərəvəz məhsullarının 15 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi davam etdirilməkdədir. Hesabat ayında Babək şəhərində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı 20 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Ötən ay muxtar respublika üzrə 5 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Həmçinin “Göycə məhsullarının satış yarmarkası”nda satışa çıxarılan məhsulların üzərinə vurulması üçün 270 etiket ailə təsərrüfatlarına təqdim olunmuşdur. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 15 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 2, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Ötən ay 1 sınaq laboratoriyası akkreditasiya olunmuş, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 1 subyekt qeydiyyata alınaraq dövlət reyestrinə daxil edilmiş, təsərrüfat subyektlərinə 23 sertifikat, lisenziya alınması üçün 7 təsdiqedici sənəd verilmişdir.
“Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin olunmuşdur.
Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti