Yəqin, çox az adam tapılar ki, o, hədəflərinə çatmaq üçün rahat yolu bir tərəfə qoyub, daş-kəsəkli cığırları əziyyətlə keçərək macəra axtarsın. Amma yol yoldaşının tərəddüdlərinə rəğmən, özünə heç keçilməmiş yeni yol seçən, bununla da, bağlı olduğu torpağının, elinin, obasının həyatını kökündən dəyişdirən, insanların qaranlıq, buz kimi soyuq evlərində tükənmiş arzularını yenidən oyadıb geniş kölgəli xan çinarlar qədər böyüdən ürəkli insanlar da var ki, məhz onların “yoruldum” demədən xidmətləri ilə salınan həmin yolda indi hər kəs rahatlıqla öz həyatını qurur, səhər işinə, axşam da evinə tələsir.
İnsan ömrü bir ağaca bənzəyir. Ömründə heç olmasa bircə ağac əkən də yaxşı bilir ki, bağban öz nübarının yolunu necə səbirsizliklə gözləyir və onun üçün nə qədər cəfa çəkir. Bu, elə bir hissdir ki, o, ilbəil böyüyüb ərsəyə gələn həmin ağacın kökləri qədər dərindir. Amma nə qədər möcüzəli olsa da, bu arzu həmişəyaşardır. Çünki bu hissin qidası kökün bağlı olduğu torpaqdandırsa, onun şaxələnməsi bu torpağın rişəsini cana hopduran suyun səxavətindəndir. Beləcə, harda su, torpaq varsa, orda həyat, orda həyatını bu torpağa bağlamış insan vardır. O insanın isə bir məqsədi – ona miras qoyulmuş xalqa xidmət yolunu yaşatmaq var.
İnkişaf və tərəqqi hər bir insanın öz həyatında görmək istədiyi, onu yaşamaq istədiyi bir arzudur. Buna qovuşmaq isə təkcə insanın istəyi ilə bitməyib, onun həyatda öz yerini tutması ilə çox bağlıdır. İnkişaf o zaman mümkündür ki, iş-peşəsindən asılı olmayaraq, hər bir insan cəmiyyətin ondan gözlədiyini edə bilmək üçün bütün gücünü ortaya qoysun, fədakarlıq etsin. Çünki cəmiyyət canlı orqanizm kimi elə bir mükəmməl sistemdir ki, onun da çox zaman qısa bir təlatümdən sonra özünə gəlməsi üçün illər, bəzən də on illər tələb olunur. Bu, ötən əsrin 90-cı illərinin əvvəlində dərin sosial-iqtisadi böhran və hərbi təcavüzlə üz-üzə qalmış ölkəmizin, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının son iyirmi ilə yaxın müddətdə keçdiyi çətin və şərəfli inkişaf yolunun da ən qısa essesidir. Çünki Naxçıvan və naxçıvanlılar, Naxçıvana rəhbərlik etmiş müdrik şəxsiyyətlər Azərbaycanın yaxın tarixində elə bir qəhrəmanlıq səhifəsi yaratdı ki, indi oturub keçmişi vərəqlədikdə həmin səhifələrdəki qızıl hərflərlə yazılmış sətirlər aydın görünməkdədir. Bu tarix dünyanı dəyişdirməsə də, blokada məngənəsinə salınmış bütöv bir regionu nəinki məhv olmaq təhlükəsindən qurtardı, hətta onu dəyişən dünyadan heç də geri qalmayan bir səviyyəyə qaldırdı. Beləliklə, Naxçıvanın qaranlıq gecələrində onun xilaskarı xalqımızın ümummilli lideri Heydər Əliyevin lampa işığında işləyib hazırladığı həyati qərarlardan başlayan yeni dövrün tarixi sonrakı illərdə onun layiqli davamçıları ilə yazılaraq gecə-gündüz gözoxşayan çıraqban Naxçıvanı hasilə gətirdi.
XXI əsr sürət və inkişaf dövrüdür. İnkişafın isə elə qanunları vardır ki, buna əməl olunmasa, dünən görülmüş bir iş bugünkü tələbləri ödəməyərək, on il əvvəlkiymiş kimi yerində sayacaqdır. Dinamik inkişaf dediyimiz və cəmiyyətin hərtərəfli inkişafını şərtləndirən belə qanunlar isə işgüzarlığa elə bir yanaşma tələb edir ki, bu zaman quruculuq regionunda hər kəsin maraqları təmin olunsun. Bu fikir çoxları tərəfindən deyilsə də, çox çətin formuldur və onun üzərində düşünənlərin heç də hamısı son nəticədə uğurlu olduqlarına inanmırlar. Əlbəttə, bu, elə bir məsələdir ki, onun həlli üçün heç də hansısa səlis və ya qeyri-səlis məntiq, yaxud iqtisadi-riyazi hesablamalarla əsaslandırılmış proqramlar bəs etməyə bilər. Yaxşı iqtisadçılar da bilirlər ki, tarixdə məhz bu yollarla hətta böyük ölkələrin iqtisadiyyatı makroiqtisadi tarazlığa, cəmiyyəti də sabitliyə qovuşdurulmuşdur. Bu isə çox vacibdir, axı iqtisadiyyat hər şey deməkdir. Məhz iqtisadiyyatın inkişafı ilə cəmiyyətdə digər sosial-mədəni tələbatlar da yada düşür, onların ödənilməsinə çalışılır. Ona görə də iqtisadiyyatı tənəzzül etmiş bir regionun gələcəyini qurmaq üçün elmi təsəvvürlərlə yanaşı, insan amilinə də ehtiyac yaranır. Bu, elə bir amildir ki, o, son məqsədə çatmaq üçün hər addımda özünü qətiyyət və dünyagörüş, təcrübə və səriştə, sədaqət və inamda nümayiş etdirir, insanı bəzən 16 saatlıq iş rejiminə, bəzən də məzuniyyətsiz illərə alışdırır. Qarşıda başqa bir alternativ seçimin olmadığını, qonşu payının da davamlı olmayacağını biləndən sonra bu torpağın hər övladının fədakarlığından üstün heç bir inkişaf amili görünmür. Bu, elə bir gücdür ki, o, qışın buz kimi soyuğunda da, yayın 40 dərəcə qızmarında da heç dayanmadan irəliyə doğru düşünən rəhbərinin ətrafında sıx birləşdi və dünyada bənzərinə çətin rast gəlinən dözüm və yurd sevgisi örnəyi göstərdi. Bizim səbir və sədaqətimiz də mükafatsız qalmadı. Və beləcə, bir də baxıb gördük ki, həmin o kosmos əsrində kerosin lampası şüşəsinin əllərdə qıt satıldığı Naxçıvandan elektrik enerjisi ixrac edən Naxçıvana gəlib çatdıq.
Dəyişimi hiss etmək üçün onu canlı yaşamaq lazımdır. Amma təəccüblü odur ki, həyatın çox sürətli axını içində nəinki 15-20 illik dinamikanı, heç 2-3 illik fərqi də gözlə tutmaq mümkün olmur. Bu, tamamilə təbiidir və insanlar öz həyatlarını daha keyfiyyətli qurmaq üçün inkişaf edən dünyada nə varsa, onları öz həyatlarında görmək istəyirlər. Amma tarix tarixliyində qalır və bu yolun əvvəlində nə bu şəhərimiz, nə gördüyümüz bu müasir yolların uzanıb getdiyi o müasir kəndlər, nə bol dükan-bazar, nə də isti ev-eşik var idi. Xırda bir şey almaq üçün xarici bazarlara qaçan naxçıvanlılar artıq texnologiya idxal edib, özü istehsal ilə məşğul olur, xarici bazarlara mal göndərirlər. Düzgün istiqamət verib, işinə qayğı göstərsən, bizim sahibkarların görə bilməyəcəyi bir iş varmı? Sement və avtomobil zavodları, ərzaq məhsulları ilə 100 faiz təminat, cinayətsiz region statusu, ixracın idxalı üstələməsi, inşa olunan, yaxud yenidən qurulan yüzlərlə məktəb binası, səhiyyə ocağı, inzibati bina, kənd mərkəzi, yaradılan istehsal müəssisələri Şərqdə doğan Günəşin, inkişafın “Naxçıvan modeli”nin bəhrələridir. Məqsədlər ali, hədəflər geniş olanda isə keçiləcək hələ çox yol vardır. Çünki bu, xalqa xidmət yoludur.
Əli CABBAROV