22 Dekabr 2024, Bazar

Maddi nemətlər və xidmətlər istehsalı insanın rifahına təsir edən, onun həyatını dəyişdirən ən mühüm kəşflərdəndir. Bir neçə yüzillik tarixə malik sənaye inqilabının baş verdiyi Qərbi Avropadan tutmuş indiki Uzaq Şərq sənaye nəhənglərinə qədər ölkələr məhz bu yolla öz iqtisadi qüdrətlərini artırmağın və əməyin daha çox dəyərləndirilməsinin yolunu tapmış, təbii ehtiyatları və yaradıcı insan qabiliyyətini maddi nemətlər şəklində reallaşdıran güclü sənaye potensialı qurmuşlar.

Sənayenin ölkə iqtisadiyatında, onun ixrac potensialının artırılmasında hansı gücə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Sənaye elə bir təsərrüfat sahəsidir ki, burada cəmiyyətin bütün imkanları bir qüvvə şəklində birləşib, insan rifahına xidmət edən son məhsul istehsalına yönəldilir. Belə son məhsul isə öz çeşidinə və təyinatına görə minlərlədir. Düymədən tutmuş fəzadakı peyklərə qədər nə varsa, bunların hamısı sənayedə və sənaye sahəsində  yüzillərlə qazanılmış təcrübə sayəsində hasilə gəlir.

Ona görə də sənayenin inkişafı təkcə bəzilərinin dar mənadakı fikrincə, sadəcə, adamlara iş yeri qazandıran zavod və ya fabriklər tikilməsi kimi deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyinə xidmət edən, regionun əmək və təbii ehtiyatlarından səmərəli istifadəyə imkan verən, idxal və ixrac arasındakı balansı tənzimləyən, ekoloji vəziyyəti nəzarətdə saxlamaqla elm və texnikanın ən yeni innovativ nailiyyətlərinin tətbiq olunduğu kompleks kimi dərk edilməlidir. Sənaye elə bir səviyyəli işlərin nəticəsidir ki, burada istehsal olunan son məhsulda hər kəsin – qərar verən ali idarəedicidən elm adamına, sahibkara, mühəndisə, fəhləyə, nəqliyyatçıya, anbardara, satıcıya qədər hər kəsin əməyinin izləri görünür. Hazır sənaye məhsulu xammal təchizatçısı ilə sənaye müəssisəsi sahibkarı arasında qurulmuş əlaqələrin nəticəsində ortaya çıxsa da, onun istehlak bazarındakı əhəmiyyəti, demək olar ki, əhalinin hər nəfərini maraqlandırır. Müasir dövrdə dünyada əmək bölgüsünün dərinləşməsi və eyni zamanda xarici iqtisadi əlaqələrin  genişlənməsi ilə bu proseslər daha da qlobal xarakter almağa başlamış, ölkələrin ixrac etdikləri sənaye məhsulları valyuta gəlirlərindən əlavə, həm də onların iqtisadi-mədəni imkanları haqda təsəvvür yaradan amillər olmuşlar.
Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Regional inkişafa göstərilən bu vacib diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaratmış, artıq muxtar respublikamız öz inkişafının yeni mərhələsinə – ixracyönümlü inkişaf mərhələsinə qədəm qoymuşdur.
Muxtar respublikamızda geniş sənaye məhsulu istehsalının təşkili asan başa gələn proses olmamışdır. Bunlar gərgin əməyin və çoxmərhələli tədbirlərin nəticəsində mümkün olmuşdur. Blokada şəraitinin çətinliklərinə baxmayaraq, müstəqillik dövrlərində ilk mərhələdə sənaye məhsulu istehsalı üçün köhnədənqalma infrastrukturun yenilənməsi, magistral yolların əsaslı şəkildə yenidən qurulması və muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması məsələləri uğurla həll olunmuş və nəticədə, region investor sahibkarlar üçün cazibədar bir yerə çevrilmişdir. Muxtar respublikada özəl sahibkarlığa yaradılan şərait yerli imkanlar hesabına yüzlərlə məhsul istehsalını şərtləndirmişdir. Muxtar respublikaya müasir texnoloji avadanlıqların gətirilməsi üçün görülən işlər burada ən mürəkkəb texnoloji iş şəraitinin mənimsənilməsinə də şərait yaratmış, naxçıvanlı mühəndis və fəhlələr dünyadakı texnoloji yeniliklərin qısa müddətdə istehsalatda tətbiqinə nail olmuşlar. İstehsalın təhlükəsizliyinə göstərilən diqqət, insanların sağlamılığının, iş qüvvəsinin hər şeydən üstün qiymətləndirilməsi, sənaye sahələrində işləyənlərin sosial və əmək şəraitinin yaxşılaşdırılması, onların icbari sığortasının təşkili bu sahənin inkişafına öz təsirini göstərən amillərdən olmuşdur. Məhz belə şəraitin nəticəsi də öz bəhrəsini verməkdədir. Təkcə yola saldığımız 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş 863 milyon manatlıq sənaye məhsulları öz istehsalçısına qazanc, regionun büdcəsinə gəlir, əhalisinə rifah gətirmişdir. Muxtar respublikanın sənaye sahələrində istehsal olunan 529 çeşiddə qeyri-ərzaq məhsulu bir vaxtlar xaricdən gətirilən və ya primitiv, köhnə texnologiya ilə hazırlanan məhsulları keyfiyyətcə dəfələrlə üstələyib müvəffəqiyyətlə əvəz edərək istehlakçıların rəğbətini qazanır, ölkəmizin digər regionlarında və xarici ölkələrdə özünə alıcı tapır.
2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. Bu mühüm qərar Azərbaycanın sahib olduğu bütün təbii, iqlim, yeraltı, yerüstü ehtiyatlarının və insan resurslarının ölkəmizin güclənməsi naminə bir daha səfərbər olunmasına yönəlmişdir. Bunun hədəfində isə ölkəmizin sənaye potensialının əvvəlki dövrlərdə olduğu kimi, paytaxt və ətrafında deyil, onun hər yerində yüksəldilməsi durur. Keçdiyimiz inkişaf yolu və əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası özünün bütün potensialı ilə bu vəzifənin də öhdəsindən layiqincə gələcək. İndi buna bizim daha çox imkanlarımız var.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR