22 Dekabr 2024, Bazar

BMT-nin ərzaq təhlükəsizliyi barədə hesabatına əsasən, 2011-2013-cü illər ərzində dünya əhalisinin 12 faizinin, yəni 842 milyon insanın xroniki aclıqdan əziyyət çəkdiyi bildirilir. Dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların getdikcə tükəndiyi bir səraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal problemə çevrilməkdədir.

Qloballaşma prosesləri ərzaq məhsullarına olan tələbatın da yerli istehsal hesabına ödənilməsini zəruri etmişdir. Bu problem Azərbaycanda ərzaq təminatının maddi əsasını təşkil edən sahələrin məhz regionlar üzrə ixtisaslaşmasına səbəb olmuşdur.
İnkişaf etmiş ölkələrin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyində idxal kanallarından asılılığın kifayət qədər zərərli nəticələri ola bilər. Çünki idxaldan asılılıq, son nəticədə, ərzaq bazarının strukturuna kifayət qədər mənfi təsir göstərir.

Ona görə də regionlarda ərzaq təminatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatının təkmilləşdirilməsi makroiqtisadi baxımdan ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm vasitələrdən hesab edilir. Bu səbəbdən ölkəmizdə qeyri-neft sektorunun əsas elementlərindən biri olan kənd təsərrüfatı və emal sənayesində makroiqtisadi və dinamik inkişafın təmin edilməsi daim ön plana çəkilir. Bu baxımdan daxili və xarici bazarlarda satışın dəstəklənməsi, yerli əmtəə istehsalçılarının stimullaşdırılması, aqrar sənaye kompleksində texniki xidmət sistemləri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi üçün tədbirlər həyata keçirilir. Bütün bunlar kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi  deməkdir ki, bu da, öz növbəsində, yeyinti sənayesinin inkişafına stimul yaradır.
Naxçıvan Muxtar Respublikası blokada şəraitində olan iqtisadi region olduğu üçün burada sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ərzaq təminatının yaxşılaşdırılmasına xüsusi önəm verilir. Bu baxımdan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” müstəsna əhəmiyyətə malikdir. Dövlət proqramı qloballaşma şəraitində dünya ərzaq bazarında müşahidə olunan qeyri-sabitliyin ərzaq məhsullarının qiymətinə təsirinin neytrallaşdırılmasına, ərzaq bazarının idxaldan asılılığının aradan qaldırılmasına xidmət edən mühüm dövlət sənədidir. Proqramın əsas məqsədi hər bir vətəndaşın sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul olunmuş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Dövlət proqramından irəli gələn vəzifələrin uğurla icra edilməsi nəticəsində əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr əldə edilmiş, yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəstli sərtlərlə gübrə satışının təskili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur.
1995-ci ildən etibarən muxtar respublikada həyata keçirilən aqrar islahatlar və bazar iqtisadiyyatına  keçidin mühüm elementlərindən olan sahibkarlığın inkişafı, bu sahəyə dövlət dəstəyinin göstərilməsi ərzaq təhlükəsizliyi sahəsində mühüm dəyişikliklərin yaranmasına gətirib çıxarmış, müstəqilliyin əvvəllərində mövcud olan qıtlıq tamamilə aradan qaldırılmış, ərzaq bazarında rəqabət səviyyəsinin yüksəlməsinə əlverişli şərait yaranmışdır. Bu isə istehlakçıların seçim imkanlarının genişlənməsinə səbəb olmuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması istehsalın intensivləşdirilməsi ilə bilavasitə bağlı olduğu üçün kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, intensiv texnologiyaların tətbiqi, torpaqların faktiki və potensial məhsuldarlığı arasındakı fərqlərin aradan qaldırılması, bazarın konyukturu nəzərə alınmaqla istehsalın sahə strukturunun təkmilləşdirilməsi həllivacib məsələ kimi qarşıya  qoyulmuşdur.
Görülən tədbirlər nəticəsində 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 1995-ci ilə nisbətən 8,7 dəfə çoxdur. Mövcud əkinəyararlı torpaqlardan səmərəli istifadənin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu nəzərə alınaraq ötən il 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 1995-ci ildən 2 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası kifayət qədər geniş iqtisadi potensiala və ixtisaslaşma istiqamətinə malikdir. Həm dağlıq, həm də düzənlik ərazilərə malik olması burada bitkiçiliyin və heyvandarlığın inkişafına əlverişli şərait yaratmışdır.
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biri olub, əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması vacib məsələlərdən biri olmuşdur. 2013-cü ildə 102 min 960 ton taxıl istehsal olunmuşdur. Bu, 1995-ci ilə nisbətən 4,4 dəfə çoxdur. Taxıldan sonra strateji əhəmiyyət kəsb edən kartof istehsalında isə bu dövrlər ərzində 102,5 dəfə artım müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının daha çox meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşması nəinki ərzaq təminatının yaxşılaşmasına, daxili və xarici bazara çıxış imkanlarının genişlənməsinə də potensial şərait yaradır. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bu istiqamətdə xeyli uğurlar əldə edilmiş, ötən il 67 min tona yaxın tərəvəz, 58 min tondan çox meyvə və giləmeyvə tədarük olunmuşdur ki, bu da 1995-ci illə müqayisədə  müvafiq olaraq 51,5 və 3 dəfə çoxdur.
Heyvandarlıq sektoru kənd təsərrüfatının ən mühüm sahələrindən biri olub, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sənayenin xammala olan tələbatının ödənilməsində xüsusi çəkiyə malikdir. Son 5 ildə muxtar respublikaya 1678 baş damazlıq və cins mal-qara gətirilməsi əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün zəmin yaratmış, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
1999-cu ildən etibarən kənd təsərrüfatı əmtəə istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergi növlərindən azad edilməsi bu sahədə fəaliyyət göstərən istehsalçıların iqtisadi dayanıqlılığının artırılmasına xidmət etmişdir. Fəaliyyət göstərən əmtəə istehsalçılarının iqtisadi cəhətdən stimullaşdırılması və güzəştli şərtlərlə kreditləşdirilməsi ərzaq təminatının yaxşılaşdırılmasının başlıca istiqamətlərindəndir. Eyni zamanda Sahibkarlığa Kömək Fondu tərəfindən kənd təsərrüfatı əmtəə istehsalçılarına və emal müəssisələrinə güzəştli şərtlərlə kreditlər verilir ki, bu da yeni emal müəssisələrinin fəaliyyətə başlamasına əlverişli şərait yaradır. Hazırda muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq məhsulu istehsal olunur və 106 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının artırılması, tam məşğulluğun təmin edilməsi ilə alıcılıq qabiliyyətinin yüksəldilməsi ərzaq təhlükəsizliyinin əsas amillərindəndir. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi ərzaq bazarında əmtəə dövriyyəsinin həcminin artmasına, ərzaq məhsulları istehlakçısının çoxalmasına və onun strukturunda inkişafa gətirib çıxarır. Ərzaq məhsulları ilə təminat cəmiyyətdə sosial stabilliyin qorunmasının başlıca şərtidir. Ona görə də dövlətin siyasətinin başlıca istiqamətləri cəmiyyət üzvlərinin yaşayış səviyyələrini yaxşılaşdırmaqdan, onların alıcılıq qabiliyyətinin yüksəldilməsini təmin etməkdən ibarət olmuşdur. Bu istiqamətdə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əməkhaqlarının artırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması görülən tədbirlərin əsasını təşkil edir. Son illər Naxçıvan şəhərində davamlı olaraq ərzaq yarmarkaları keçirilir ki, bunun da əsas məqsədi, ilk növbədə, əhalinin bazar qiymətləri ilə müqayisədə nisbətən ucuz qiymətə keyfiyyətli ərzaq məhsulları əldə etməsinə şərait yaratmaqdır. Belə bir şəraitdə əmtəə istehsalçıları öz məhsullarını birbaşa istehlakçıya təklif etmək imkanına malik olurlar. 2013-cü ildə əhali gəlirləri əvvəlki ilə nisbətən 7 faiz artmışdır ki, bu da alıcı­lıq qabiliyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərmişdir.    
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və daha da yaxşılaşdırılması, təbii fəlakətlər zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması zəruri hesab edilir. Hazırda muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının  saxlanması və satışını təmin edən soyuducu anbarlarının sayı 17-yə, tutumu isə 12 min tona çatdırılmışdır.
Aparılan məqsədyönlü tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edilir və əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatına etibarlı zəmin yaradır.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR