Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi, onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birlikdən aldığımız məlumata görə, muxtar respublikada, ümumilikdə, 82 min 753 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 1176 abonent, 121 müəssisə ötən il təbii qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.
Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza-dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan mavi yanacağın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir edilmiş, təmiri mümkün olmayan 2728 ədəd sayğac isə yenisi ilə əvəzlənmişdir.
Payız-qış mövsümünə hazırlıqla bağlı kompleks tədbirlər həyata keçirilmiş, baş verə biləcək qəzaların qarşısının alınması və nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün qaz təsərrüfatında istifadə olunan material və avadanlıqların ehtiyat fondu yaradılmışdır.
Əhali abunəçiləri arasında qaz avadanlıqlarından düzgün istifadə barədə izahat və maarifləndirmə işləri aparılmışdır.
Qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün mütəmadi olaraq qaz təsərrüfatına texniki baxış keçirilmiş, yaradılmış mal-material ehtiyatından səmərəli istifadə olunmuşdur. Təbii qazdan istifadə zamanı israfçılığın qarşısının alınması məqsədilə qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilərək tədbirlər görülmüş, təbii qazın verilməsində müşahidə olunan texniki itkinin minimuma endirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Ötən il sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılmış, enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 151 milyon 760 min 906 kubmetr qazın satışından 15 milyon 186 min 441 manat vəsait əldə edilmiş, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 76 milyon 976 min 414 kubmetr qazın satışından toplanan vəsait 7 milyon 705 min 792 manata çatmışdır ki, bu da 100 faiz ödəmə deməkdir.
Xəbərlər şöbəsi