Muxtar respublikada bütün infrastruktur sahələri kimi, yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir, beynəlxalq standartlara uyğun yeni yollar salınır. Bu səbəbdəndir ki, muxtar respublikada magistral yolların böyük əksəriyyəti yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılmasına diqqət ildən-ilə artır. 2013-cü ildə də bu istiqamətdə xeyli iş görülüb. Belə ki, ümumilikdə, 164 kilometr uzunluğunda yollar salınaraq və ya əsaslı təmir olunaraq istismara verilib. Quruculuq tədbirləri körpüləri də əhatə edib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən və 6 milyon 300 min manat vəsait ayrılan 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisində işlər başa çatdırılıb.
Xəbərlər şöbəsi