Son illər muxtar respublikada həyata keçirilən meliorasiya-irriqasiya tədbirlərinin geniş vüsət alması bu sahədə olan çətinlikləri aradan qaldırıb, içməli və təsərrüfat suyuna olan tələbatın ödənilməsi istiqamətində yüksək göstəricilərə nail olunub. 2013-cü ildə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, 4 nasos stansiyası, 3 subartezian quyusu, 11 kəhriz istifadəyə verilib. Kommunal-məişət sistemlərinin yaxşılaşdırılması əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərin tərkib hissəsidir. Bunu nəzərə alaraq ötən il Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su xətlərinin və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilib. Belə tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün hərtərəfli qayğı ilə əhatə edilən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, mal-material ehtiyatı yaradılmasına ciddi önəm verilir. Komitənin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Mübariz Məmmədovdan aldığımız məlumata görə, həmin tədbirlərin davamı kimi, bu günlərdə komitəyə 11 yeni texnika alınıb. Yüksək texniki göstəricilərə malik olan 4 adda 6 ədəd təkərli, 3 adda 4 ədəd tırtıllı ekskavatorlar Amerika Birləşmiş Ştatları, 1 ədəd özüboşaldan ağırtonnajlı yük avtomaşını isə Almaniya istehsalıdır.
Həmin texnikalar komitənin rayonlarda fəaliyyət göstərən idarələrinə veriləcək.
Xəbərlər şöbəsi