Muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən quruculuq tədbirləri Babək rayonunu da əhatə etmiş, rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilmişdir. 30 çarpayılıq xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada Poliklinika, Ümumi stasionar, Ginekologiya və Doğuş, Təcili və təxirəsalınmaz yardım şöbələri, eləcə də Hemodializ bölməsi fəaliyyət göstərəcəkdir. Binanın zirzəmisində müasir laboratoriya, fizioterapiya otaqları, qazanxana, camaşırxana və yeməkxana yerləşir. Bununla yanaşı, xəstəxanada tibb işçiləri üçün otaqlar, iclas zalı və kitabxana yaradılmış, iki lift quraşdırılmışdır. Xəstəxanada quraşdırılmış müasir tibbi avadanlıqlar xəstələrin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa imkan verəcəkdir.
* * *
Rayonda Tarix-Diyarşünaslıq Muzeyinin binası əsaslı şəkildə yenidən qurularaq təhvilə hazır vəziyyətə gətirilib. Ulu keçmişimizə böyük diqqət və ehtiramın ifadəsi olan bu yenidənqurma ünvanında da müasir memarlıq elementlərindən istifadəyə üstünlük verilib. Muzeyin direktoru Kamran Rəhimovun verdiyi məlumata görə, bina ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeydə eksponatların nümayiş olunduğu vitrinlər dəyişdirilib, zalda müasir işıqlandırma və istilik sistemi qurulub.
Xəbərlər şöbəsi