Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib. Təlimə Naxçıvan Muxtar Respublikası Prokurorluq, Hərbi Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi, İnzibati Məhkəmə, Ağır Cinayətlər Məhkəməsi və Ali Məhkəmədə çalışan 12 mütəxəssis cəlb olunub.
Təlimi giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, təlimin keçirilməsində məqsəd hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən aparılması, maliyyə hesabatlarının hazırlanması ilə bağlı biliklərin artırılması və daha da təkmilləşdirilməsindən ibarətdir.
Dörd moduldan ibarət olan təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Elvin Əlimərdanov çıxış ediblər. Növbəti gün “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktik izahı” adlı təlim zamanı maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun şəkildə tərtib edilməsi üzərində praktik iş aparılıb.
Gündəliyə uyğun olaraq son gün “Büdcə təşkilatlarında aktivlərlə bağlı əməliyyatların uçotu və maliyyə hesabatlarında əks etdirilməsi” modulu üzrə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Arzuman İmanov tərəfindən iştirakçılara aktivlərin təsnifatının düzgün aparılması ilə bağlı məlumat verilib.
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti