Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, bu sahədə əldə olunan uğurlardan danışıb.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov çıxışında qeyd edib ki, dövlət qayğısı ilə sahibkarlığın inkişafının yeni mərhələsi qoyulmuşdur. Onun əsas hədəfi, iqtisadi səmərəlilik, məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə muxtar respublikada əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Seminar-treninqdə “Ləzzət Qida Sənaye” MMC-nin baş mühasibi Ramazan Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin auditi şöbəsində böyük dövlət vergi müfəttişi İsmayıl Bağırov, Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev müxtəlif mövzularda məruzə ediblər.
Tədbir müzakirə şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin
mətbuat xidməti