22 Dekabr 2024, Bazar

Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyi məsələləri daha böyük aktuallıq kəsb edir. Belə ki, özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa məcbur olurlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsullarının keyfiyyətinə təsir edən bir çox amillər mövcuddur. Bu baxımdan onların keyfiyyət göstəriciləri dəqiq təyin olunmalı, məhsulların daşınması, lazımi şəraitdə saxlanılması, qablaşdırılması, markalanması, etiketlənməsi zamanı müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl edilməlidir.

Havaların isinməsi ilə insanların dondurmaya olan tələbatı da artıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən 2021-ci ilin ötən dövrü ərzində 12 halda dondurma məhsulundan nümunələr götürülərək laboratoriyada ekspertizadan keçirilib. Aparılan laboratoriya müayinələri zamanı məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ-texniki sənədlərin tələblərinə uyğun olub.
İstehlakçıların nəzərinə çatdırmaq istərdik ki, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə edilən süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal edildikdən sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır.

Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə bu məhsullarda mikrobioloji proseslər başlayır ki, bu da insan orqanizmi üçün təhlükələrə səbəb olur.
Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında dondurmanın yağlılığını artırmaq üçün standartlara uyğun olaraq kərə yağından istifadə edilməlidir. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.
Daşınma və saxlanma qaydalarına görə dondurma soyudulan avtorefrijeratorlarda və ya digər izotermik nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarab olan malların daşınması qaydalarına uyğun olaraq daşınır. Daşınma zamanı məhsulun temperaturunun mənfi 120 C-dən yüksək olmaması təmin edilməlidir.
Topdansatış bazalarının və digər müəssisələrin soyuducularında dondurma mənfi 240C-dən yüksək olmayan temperaturda ən çoxu 1 ay, mənfi 180 C-dən yuxarı olmayan temperaturda ən çoxu 20 sutka, mənfi 120 C-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutka saxlanılmalıdır.
Ticarət şəbəkəsində dondurmanın satış müddəti mənfi 240 C-dən yuxarı olmayan temperaturda 20 sutkadan, mənfi 180 C-dən yuxarı olmayan temperaturda 10 sutkadan və mənfi 120 C-dən yuxarı olmayan temperaturda 2 sutkadan artıq olmamalıdır.
Ev şəraitində dondurmanı mənfi 180 C-dən yuxarı olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür.

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR