22 Dekabr 2024, Bazar

Muxtar respublikada abonentlərin etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmişdir. 110/35/10 kilovoltluq “Ordubad” yarımstansiyası yeni avadanlıqlarla təchiz edilməklə daha münasib yerə köçürülmüş, ümumi gücü 41 mva olan güc transformatorları, 110 kilovoltluq kommutasiya aparatları – açarlar, ayırıcılar, gərginlik və cərəyan ölçü transformatorları, 35 və 10 kilovoltluq müasir hücrələr və digər zəruri elektrik avadanlıqları quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda 39 ədəd yeni transformator yarım­stansiyası qoyulmuş, 87,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi materiallarla təmin edilmiş, 112 ədəd 35/6 və 10/04 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qoşulmuşdur.

Əsas avadanlıq və materialların alınması davam etdirilmiş, ötən il Türkiyə Respublikasından yarım­stansiyalar üçün eleqaz açarları, ayırıcılar, turbin yağları, işıqlandırma dirəkləri, kabellər, Ukrayna Respublikasından güc transformatorları, müxtəlif izolyatorlar alınmış, yeni avadanlıqların alınması üçün müqavilələr bağlanmışdır. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə mütəxəssislərdən ibarət təmir-bərpa briqadalarının fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır.
2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilmişdir. Enerji təsərrüfatında istismarda olan mövcud avadanlıqlara və xətt təsərrüfatlarına müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara fasiləsiz elektrik enerjisinin verilməsi diqqətdə saxlanılmışdır. Qəzalara səbəb olan və istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, naqillər bərkidilmişdir. Qış mövsümündə baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün maşın-mexanizmlər saz vəziyyətə gətirilmiş, kifayət qədər mal-material ehtiyatı yaradılmışdır.
İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada vətəndaşların ev və mənzillərinə rəqəmsal sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Nəzarət-məlumat işinin səmərəli təşkili və əhali arasında aparılan maarifləndirici söhbətlər də öz bəhrəsini vermiş, ötən il  texniki itki nəzərə alınmaqla 396 milyon 218 min kilovat-saat elektrik enerjisi sərf olunmuş, sərf olunan elektrik enerjisinin dəyəri 100,18 faiz ödənilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR