2013-cü ildə muxtar respublikada makroiqtisadi göstəricilərin artması sosial-iqtisadi inkişafın möhkəm amillər üzərində dayandığının göstəricisidir. Bəhs olunan dövrdə diyarımızda Ümumi Daxili Məhsul istehsalı 2012-ci ildəkindən 10 faiz artaraq 2 milyard 337 milyon manatı ötüb. Təbii ki, bu, əməkhaqlarının və əhali gəlirlərinin artmasına da təsir göstərib. Konkret olaraq, 2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri əvvəlki ilə nisbətən 7 faiz artaraq 1 milyard 737 milyon manatdan çox olub. Bu rəqəm əhalinin alıcılıq qabiliyyətinin daha da yüksəlməsini, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımını təmin edib. Adıçəkilən dövrdə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak mallarının satılması, pullu xidmətlər göstərilməsi bunun bariz ifadəsidir və əvvəlki ilin göstəricilərindən 13 faiz çoxdur.
Digər bir önəmli fakt isə 2013-cü ildə muxtar respublika büdcəsinin gəlirlərinin artaraq 59 milyon 464 min manata çatmasıdır.
Bəhs edilən dövrdə əməliyyatların nağdsız hesablaşmalar vasitəsilə aparılması diqqət mərkəzində saxlanılıb ki, bu da dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında və vergidənyayınma hallarının qarşısının alınmasında başlıca amillərdən biridir. Bu məqsədlə bəhs olunan müddətdə ticarət və satış obyektlərində 131 POS-terminal quraşdırılmaqla fəaliyyət göstərən POS-terminalların sayı 227-yə çatdırılıb.
2013-cü il ərzində bankların da fəaliyyəti diqqətçəkicidir. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 58-i hüquqi, 7 min 702-si isə fiziki şəxs olmaqla, 7 min 760 bank hesabı açılıb. Açılmış bank hesablarından 7 min 706-sı və ya 99 faizi aktiv hesablardır.
Xəbərlər şöbəsi