Muxtar respublikada digər sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına son illərdə yüksək diqqət və qayğı göstərilir. Çünki aqrar bölmənin bir tərəfdən əhalinin ərzaq məhsullarına, digər tərəfdən emal müəssisələrinin xammala olan tələbatının ödənilməsindəki rolu və əhalinin məşğulluğunun təmin olunmasındakı yeri böyük əhəmiyyətə malikdir. Ona görə də bu sahə ilə məşğul olanlar yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, kənd adamlarının, sahibkarların yeni texnika və avadanlıqlarla təchiz olunmaları, müxtəlif meliorasiya tədbirlərinin aparılması, satış yarmarkalarının təşkili yerli kənd təsərrüfatı məhsullarının xüsusi çəkisini xeyli artırmış, 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.
Bəhs olunan dövrdə əkinçiliyin müxtəlif sahələrində əldə edilən göstəricilərə diqqət yetirsək, 2013-cü ilin uğurla başa çatan illərdən biri olduğunu görərik.
2008-ci il sentyabrın 17-də qəbul edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası nəticəsində kənd təsərrüfatının inkişafı sahəsində yeni imkanlar yaranmış, əlverişli iqlim və torpaq şəraiti muxtar respublikada əkinçiliyə marağı xeyli artırmış, 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin aparılmışdır.
Müasir kənd təsərrüfatı texnikalarına olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də davam etdirilmiş, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda bu təşkilat tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatmışdır. Gətirilmiş texnikalardan 253-ü ötən il lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bununla yanaşı, torpağın məhsuldarlığını artırmaq məqsədilə əkinçiliklə məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri 4 min 124 ton mineral gübrə ilə təchiz olunmuşlar.
Həyata keçirilən tədbirlər sırasında meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsini də xüsusi qeyd etmək lazımdır. Başa vurduğumuz ildə muxtar respublikada 4 nasos stansiyasının, 3 subartezian quyusunun və 11 kəhrizin istifadəyə verilməsi bu sahədə olan problemlərin aradan qaldırılmasını təmin etmişdir.
Muxtar respublikada taxılçılıq xüsusi önəm verilən sahələrdən biridir. Belə məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi əsas tutularaq taxıl əkini sahələri ilbəil genişləndirilir. Bu səbəbdəndir ki, ötən ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda təşkil etmişdir. Məlumat üçün bildirək ki, 2012-ci illə müqayisədə taxıl əkini sahələrinin həcmi 359 hektar artırılmışdır. Torpaq mülkiyyətçiləri əkin sahələrində aqrotexniki tədbirləri vaxtında həyata keçirdiklərindən zəmilərdən 102 min 960 ton məhsul toplamışlar. Bu da 2012-ci ildəkindən 1112 ton çoxdur. Bəhs olunan dövrdə taxıl istehsalı ilə yanaşı, bu strateji məhsulun ehtiyatının yaradılması da diqqətdə saxlanılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da, muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır.
Kartofçuluqda da yüksək göstəricilər əldə edilmiş, 2957 hektar əkin sahəsindən 41 min tondan çox məhsul götürülmüşdür.
Ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınan qədim diyarımızda belə məhsulların istehsalını artırmaq da prioritet vəzifəyə çevrilmiş, 2012-ci il fevralın 14-də qəbul olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası diqqət mərkəzində saxlanılmışdır. Bu səbəbdən də 2013-cü ildə tərəvəz məhsullarının istehsalı məqsədilə torpaq mülkiyyətçilərinə 359 min manat, bağçılıq təsərrüfatlarının inkişafı üçün isə 538 min manat kredit verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsiz qalmamış, məhsuldarlıq xeyli yüksəlmişdir. Əkin sahələrindən 67 min tona yaxın tərəvəz, meyvə bağlarından 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm tədarük olunmuşdur.
Muxtar respublikada əhalinin təzə ət, süd və süd məhsullarına olan tələbatının ödənilməsi 2013-cü ildə də davam etdirilmiş, müasir tələblərə cavab verən 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf etdirmək məqsədilə bəhs olunan dövrdə 337 baş, ümumilikdə isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Aqrar sahənin inkişafına göstərilən qayğı torpağın hər bir qarışının əkilməsinə marağı artırmış, əhalinin məşğulluğu yüksəldilmişdir.
Muxtar MƏMMƏDOV