22 Dekabr 2024, Bazar

Ordubad Rayon Vergilər Şöbəsində nəzarət-kassa aparatlarından istifadə, vergi part­nyorluğu sazişinin bağlanması qaydaları haqqında maarifləndirmə işlərinin aparılması məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
Tədbiri rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq bildirib ki, malları, işləri, xidmətləri təqdim edən şəxs üçün sahibkarın satıcılarına nəzarətinin gücləndirilməsi, mədaxil və məxaric edilmiş malların, işlərin, xidmətlərin uçotunun rahat və dəqiq aparılması, malların, işlərin, xidmətlərin dövriyyəsi üzrə istər operativ, istərsə də müəyyən tarixlərə görə hesabatların əldə edilməsi imkanının olması nəzarət-kassa aparatlarının tətbiqinin müsbət tərəfləridir.

Bundan başqa, alınmış mallar keyfiyyətsiz və ya standartlara uyğun olmadıqda onun geri qaytarılmasının tələb edilməsi imkanının olması, satıcı malları, işləri, xidmətləri təqdim edərkən alıcının aldadılması hallarının qarşısının alınması nəzarət-kassa aparatlarından istifadə edilməsi ilə mümkündür. Təbii ki, istər vergi ödəyicisinin, istərsə də istehlakçıların fərdi maraqlarının təmin olunmasından başqa, nəzarət-kassa aparatlarının tətbiqi, ümumən, cəmiyyətin maraqlarına xidmət edir. Tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınması vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticə etibarilə, dövlətin qüdrətinin və əhalinin rifah səviyyəsinin artmasına səbəb olur.
Vergi partnyorluğu sazişinin bağlanması qaydaları haqqında da danışan şöbə rəisi qeyd edib ki, vergi partnyorluğu sazişi vergi orqanı ilə ödəyici arasında risklərin minimallaşdırılması məqsədilə könüllü bağlanmış niyyət razılaşmasıdır. Bu saziş vergi inzibatçılığı prosesini daha da təkmilləşdirməklə yanaşı, vergi orqanları ilə ödəyici arasında münasibətlərin tamamilə yeni əsasda qurulmasına imkan verəcək. Bu təcrübənin səmərəliliyi artıq təsdiqini tapıb. Vergi part­nyorluğu sazişləri könüllülük əsasında bağlanılmaqla, ilk növbədə, qarşılıqlı etimada və məsuliyyətə əsaslanır. Bu da gələcəkdə vergi ödəyicisinin vergidən yayınma risklərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısını alır. Bu cür tərəfdaşlıq münasibətlərinin qurulması heç bir halda vergi öhdə­liklərinin azaldılmasını nəzərdə tutmur. Vergi partnyorluğu sazişi fəaliyyətində qanunvericiliyə tam əməl etməyə çalışan hər bir vergi ödəyicisi üçün son dərəcə əlverişlidir. Bu halda vergi ödəyicisi, məsələn, vergi bəyannamələrini vaxtlı-vaxtında təqdim edəcəyinə, hesablanmış vergiləri tam həcmdə ödəyəcəyinə, hesablaşmalar aparılarkən nəzarət-kassa aparatlarından istifadə edəcəyinə, müştərilərin plastik kartlarla ödəmələr aparmasına şərait yaradacağına dair öhdəliklər götürür. Vergi orqanları da bunun əvəzində vergi nəzarətinin distant formada aparılacağına razılıq verir.
Vurğulanıb ki, vergi ödəyiciləri belə bir sazişi imzalamaqla müəyyən risklərdən azad ola bilərlər. Saziş imzalanarkən risk yarada biləcək bütün nüanslar müəyyən ediləcək. Sonra həmin öhdəliklərin yerinə yetirilməsi üçün partnyorluq sazişi bağlanacaq və sonrakı dövrlərdə vergi orqanı tərəfindən vergi ödəyicilərinə əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlər olmayacaq.
Tədbirdə şöbənin əməkdaşlarından Həsən Məmmədovun, Malik Məmmədovun, Səttar İsmayılovun çıxışları olub, istehlakçıların və vergi ödəyicilərinin sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR