22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətlərə görə ölkənin digər regionları arasında öncüllər sırasındadır. Xüsusi vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər muxtar respublikanın dinamik inkişafına və uğurlarına etibarlı zəmin yaradıb.  
Təkcə ötən il ərzində həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyasına nəzər salsaq, görərik ki, yola saldığımız ilin hər bir ayında muxtar respublikada müxtəliftəyinatlı obyektlər istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində insanların rahat yaşayışı üçün mənzil-kommunal xidmətlərinin səviyyəsi yüksəldilib, zəruri infrastruktur layihələri icra olunub.  Bir faktı qeyd edək ki, ötən il 592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Görülən işlərin əhatə dairəsinin ildən-ilə genişlənməsi hesabına tikinti-quraşdırma tədbirlərinə sərf olunan maliyyə vəsaitlərinin həcmi də artıb.  Yola saldığımız ildə əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunub.

Ötən il yanvar ayının quruculuq sahəsində ilk əlamətdar hadisəsi isə ucqar dağ kəndi Ağbulaqda yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi olub. Bundan sonra Naxçıvan şəhərində 10 nömrəli uşaq bağçası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binaları istifadəyə verilib.  Yanvarın 22-də isə Ordubad rayonunun Çənnəb kəndinin sakinlərinə yeni quruculuq töhfələri ərməğan edilib. Kənddə tam orta məktəb, kənd və xidmət mərkəzləri fəaliyyətə başlayıb. Bu əlamətdar hadisədən iki gün sonra isə Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binasının qapıları gənc sənətsevərlərin üzünə açılıb.
Ümumiyyətlə, ötən ildə 20 kənd mərkəzi tikilib və ya yenidən qurulub, kənd mərkəzlərinin sayı 104-ə çatdırılıb. Kənd sakinlərinin zəruri istehlak mallarına olan tələbatının sərfəli qiymətlərlə ödənməsinə, müxtəlif məişət xidmətlərindən istifadəsinə imkan verən xidmət mərkəzlərinin yaradılması diqqət mərkəzində saxlanılıb. Belə ki,  2013-cü ildə 21 xidmət mərkəzi inşa edilib və ya yenidən qurulub. Bütövlükdə, kənd və qəsəbələrdə 76 xidmət mərkəzi istifadəyə verilib.
Təhsilə qayğı da diqqətdən kənarda qalmayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, 846 şagird yerlik 16 nömrəli, Şərur rayonunun Sərxanlı kəndində 234 yerlik tam orta məktəb binaları şagird və müəllimlərin ixtiyarına verilib. Bundan başqa, Şərur rayonunun Dəmirçi kəndində 1026, Xanlıqlar kəndində 396, Şahbulaq kəndində 110, Gümüşlü kəndində 132, Babək rayonunun Şəkərabad kəndində 306, Çeşməbasar kəndində 234, Ordubad rayonundakı Sabirkənddə 378, Ələhi kəndində 88, Bist kəndində 154, Xurs və Nürgüt kəndlərinin hər birində 110, Nəsirvaz kəndində 88, Culfa rayonunun Kırna kəndində 306, Teyvaz kəndində 110, Şahbuz rayonunun Kükü kəndində 198, Ayrınc və Qızıl Qışlaq kəndlərinin hər birində 110, Kəngərli rayonunun Xok kəndində 1080 şagird yerlik tam orta məktəb binaları da istifadəyə verilib. Ümumilikdə, ötən il 9 min 164 şagird yerlik 25 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib. Bəhs olunan dövrdə məktəbəqədər təhsil də unudulmayıb. Ordubad şəhərində 242, Heydərabad qəsəbəsində isə 144 yerlik uşaq bağçalarının açılışı olub. Naxçıvan şəhərində və Babək qəsəbəsində uşaq bağçalarının tikintisi davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi tikilərək, 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün bina isə yenidən qurularaq istifadəyə verilib.
Səhiyyə infrastrukturu quruculuğu çərçivəsində 2013-cü ildə Şərur rayonunun Dəmirçi, Xanlıqlar və Sərxanlı, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü və Qızıl Qışlaq kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Gümüşlü və Şahbulaq, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq və Ayrınc kəndlərində isə feldşer-mama məntəqələri istifadəyə verilib.  Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Kəngərli Rayon Xəstəxanasının və Şahbuz rayonunun Sələsüz kəndində həkim ambulatoriyasının yenidən qurulması başa çatdırılıb. Bütövlükdə, ötən il 22 səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub.
İdman infrastrukturu quruculuğu sahəsində görülən işlər çərçivəsində Naxçıvan şəhərində Atıcılıq Mərkəzi, Babək rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni bina istifadəyə verilib, Naxçıvan Muxtar Respublika Stadionunda  yenidənqurma işləri aparılıb. “Araz-Naxçıvan” Futbol Klubunun peşəkar futbola qayıdışı təmin olunub.
2013-cü ildə mədəniyyət obyektlərinin də inşası və təmiri davam etdirilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonu tikilərək, Naxçıvan şəhərində Saat meydanı və parkı yaradılaraq istifadəyə verilib.
Ötən ilin əlamətdar hadisələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması olub. Ordubad rayonunun Nəsirvaz kəndində “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzey üçün bina tikilib, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yenidən qurulub. Şahbuz rayonu ərazisində müasir standartlara uyğun Ağbulaq İstirahət Mərkəzi fəaliyyətə başlayıb, mərkəzdə zəruri infrastruktur yaradılıb.
Qeyd edək ki, adlarını sadaladığımız bu obyektlər “Heydər Əliyev ili”ndə muxtar respublika əhalisinə ərməğan edilmiş quruculuq töhfələrinin yalnız bir hissəsidir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR