“Zümrüd” Kiçik Müəssisəsi 1997-ci ildə fərdi sifarişlərə uyğun kişi və qadın geyimləri tikməklə fəaliyyətə başlamışdır. 2010-cu ilin yanvar ayında isə istehsal sahəsini genişləndirmək üçün Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit verilmiş, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa edilmişdir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 810 min manat vəsait sərf olunmuşdur ki, bunun da 250 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
Ümumi ərazisi 590 kvadratmetr olan müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmış, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamışdır.
İstehsal prosesi avtomatlaşdırılmış müəssisədə məktəbli forması, ali məktəblərin tələbə və müəllimləri, hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi formalar və müxtəlif geyim dəstləri tikilir.
“Zümrüd” Kiçik Müəssisəsinin kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsullara olan tələbatın çox hissəsi idxal hesabına ödənilirdi. Lakin gündəlik istehsal gücü 100 dəst kostyum olan istehsal sahəsinin yaradılması ilə həmin məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Hazırda müəssisədə sifarişə uyğun Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları üçün xüsusi geyim formaları tikilir. Bundan başqa, vətəndaşların fərdi sifarişləri də qəbul olunur.
Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə müəssisədə istehsal edilməsi məqsədilə yeni – köynək istehsalı sahəsinin yaradılmasına başlanmışdır. Bu məqsədlə biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Layihənin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan 165 min manat güzəştli kredit ayrılmışdır. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi-39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün təmir-bərpa və yenidənqurma işləri aparılmış, su, istilik və kanalizasiya sistemləri yenidən qurulmuş, elektrik xətləri çəkilmiş, arakəsmələr hörülmüş, suvaq işləri başa çatdırılmışdır. Layihəyə uyğun olaraq, ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yaradılmışdır. Yaxın vaxtlarda fəaliyyətə başlaması nəzərdə tutulan köynək istehsalı sahəsində Yaponiya və Türkiyədə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılacaq. Artıq Türkiyənin “Talay makina” şirkəti ilə müqavilə bağlanılmışdır. İstehsal gücü gündə 1000 ədəd köynək olacaq yeni istehsal sahəsi daxili bazarın tələbatını tamamilə ödəyəcəkdir.
Kərəm HƏSƏNOV