İnsanlarda xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması, öz növbəsində, muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasına da təsir edib.
Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muхtar rеspublikada ümumi tutumu 9720 ton olan 14 soyuducu anbar qurularaq istifadəyə vеrilib, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanması, istehsalı kimi ixraca stimul yaradan tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Meyvə-tərəvəzçilik iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın düzən, dağətəyi və dağlıq ərazilərində kartof, pomidor, sarımsaq, soğan, yerkökü və digər tərəvəzlərin, yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi, meyvə-tərəvəzçiliyin sənaye miqyasında inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur.
Muхtar rеspublikada əhalinin meyvə-tərəvəz məhsuluna olan tələbatı haliyədə yеrli istеhsal hеsabına ödənilir. Bununla bеlə, tələbatdan artıq olan məhsulların еmala yönəldilməsi də prioritеt məsələlərdəndir. Meyvə və tərəvəz məhsullarından hazırlanan müхtəlif turşular, tomat pastası, mürəbbələr, şirələr, pürеlər, sous və digər konsеrv məmulatları istеhsal еtməklə əhalinin bu məhsullara olan tələbatını ödəmək mümkündür. Hazırda əhalinin yuхarıda adları çəkilən məhsullara olan tələbatının əksər hissəsi еvlərdə hazırlanmış və ya хaricdən idхal olunan məhsullar hеsabına ödənilir. Digər tərəfdən, belə müəssisələrin yaradılması yеni iş yеrlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin, yеrli büdcə gəlirlərinin artmasına və daхili bazarın idхaldan asılılığının tamamilə azalmasına təsir еdə bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Proqramda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının stimullaşdırılması, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulub. Bu məqsədə nail olunması üçün intensiv texnologiyaya əsaslanan yüksəkkeyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz əkini sahələrinin genişləndirilməsi və məhsul artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin və saxlama soyuducu kameraların yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni, müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Bəs mühüm dövlət proqramının icrası bölgələrimizdə necə həyata keçirilir? Ötən dövr ərzində bu proqramın icrası istiqamətində Şahbuz rayonunda müvafiq dövlət qurumları tərəfindən konkret olaraq hansı işlər görülüb?
Məsələ ilə bağlı ilk müraciət etdiyimiz qurum muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi oldu. Komitədən Şahbuz rayonunda görülmüş işlərlə bağlı qəzetimizə verilən məlumatda bildirilir ki, komitə və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bütün kəndlərdə əkin sahələrinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə torpaq nümunələri götürərək müvafiq analizlər aparıb, tədqiqat aparılan sahələrdə kənd təsərrüfatı bitkilərindən nəzərdə tutulan məhsuldarlığın alınması üçün mineral gübrə normaları müəyyənləşdirilib və yekun olaraq həmin kəndlərin kartoqramma xəritələri hazırlanaraq bələdiyyələrə təqdim edilib. Hal-hazırda becərilən meyvə sortlarının məhsuldarlığının unudulmuş bəzi meyvə sortlarının məhsuldarlığından aşağı olduğu və xəstəliklərə qarşı davamlılığına görə aborigen sortlardan geri qaldığı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin diqqətinə çatdırılıb. Bundan başqa, rayonun bütün kəndlərində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birlikdə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin istifadəsində olan torpaq sahələrinə baxış keçirilib, torpaqların konfiqurasiyası aparılaraq sahələrdə şoran, şorakət torpaqlar qeydə alınmayıb. Həmçinin torpaq istifadəçilərinə torpaqlardan səmərəli istifadə olunması və onların münbitliyinin artırılmasına dair tövsiyələr verilib. Rayon ərazisində dəmyə əkin sahələrinin əkin dövriyyəsindən kənarda saxlanılmasının onların münbit qatının yağan leysan yağışları vasitəsilə yuyulmasına gətirib çıxardığı istifadəçilərin diqqətinə çatdırılıb. Rayon ərazisində əkin atlasına uyğun olaraq, meyvə və tərəvəz əkini sahələrinin müəyyən edilməsi üçün adıçəkilən nazirliyin əməkdaşları ilə birlikdə sahələr müəyyənləşdirilib, maarifləndirici tədbirlər həyata keçirilərək yerli icra orqanlarına və torpaq mülkiyyətçilərinə əkin atlaslarının elmi əsasları barədə məlumat verilib, atlaslardan istifadə qaydaları izah olunub. Bundan əlavə, rayonda torpaq islahatı zamanı dövlət və bələdiyyə mülkiyyətində saxlanılan, habelə istifadə olunmayan 9,3 hektar torpaq sahəsi müəyyən edilərək plana alınıb kəndlərin elektron xəritə materialları üzərinə köçürülüb və eksplikasiyası tərtib edilib. Şahbuz rayonu üzrə tərtib olunmuş xəritə materialları məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinə və rayon İcra Hakimiyyətinə göndərilib. Şahbuz rayonunda yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilib, onlara torpaqların münbitliyinin qorunması və artırılması, müasir əkin üsullarının və texnologiyalarının əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. Torpaq və iqlim xüsusiyyətlərinə uyğun yerli meyvə və tərəvəz sortlarının əkilməsinin, torpaqların bu məqsədlə düzgün, aqrotexniki qaydalara əməl edilməklə becərilməsinin əhəmiyyəti izah edilib.
Dövlət proqramının icrası ilə bağlı Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. 2012-ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən 2 sahibkara 8 hektar sahədə bağçılıq təsərrüfatlarının yaradılması məqsədilə 56 min manat məbləğində kredit verilib. 2013-cü ilin ötən dövründə isə fond tərəfindən 5 sahibkara 19 hektar sahədə bağçılıq təsərrüfatlarının yaradılması məqsədilə 115 min 100 manat məbləğində kreditlər verilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən qəzetimizə verilən məlumatda bildirilir ki, 2012-ci ildə Şahbuz rayonunda 30,5 hektar sahədə meyvə bağları salınıb və 27000 ədəd meyvə tingi əkilib. 2013-cü ildə də bu proses davam etdirilib. Bundan başqa, proqramın icrasına aidiyyəti orqanlarla birlikdə rayon bələdiyyələrinin ehtiyat fonduna daxil olan kənd təsərrüfatına az yararlı torpaq sahələrində ekspedisiya işləri aparılıb, meyvə bağlarının salınması üçün istifadə olunacaq torpaq sahələrinin planaalma işləri başa çatdırılıb. Hazırlanmış plan və xəritə materialları rayonun aid təşkilatlarına təqdim olunmaqla rəsmi şəkildə tövsiyələr verilib. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları mütəmadi olaraq rayonun ayrı-ayrı kəndlərində torpaq sahibkarları ilə görüşlər keçirərək meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi, tətbiq olunan aqrotexniki tədbirlər kompleksi barədə maarifləndirmə aparıblar. Nazirlik əməkdaşları rayonun mütəxəssisləri ilə birlikdə tətbiq olunan meyvə-tərəvəz sortlarının botaniki və biomorfoloji xüsusiyyətləri haqqında əkiləcək torpaq sahələrinin struktur tərkibini öyrənərək sahibkarlara tövsiyələr veriblər. Bitki Mühafizəsi Stansiyasının əməkdaşları mütəmadi olaraq rayonda mövcud meyvə bağları sahibkarları ilə görüşlər keçirərək meyvə bitkilərinin zərərverici və xəstəliklərinə qarşı mübarizə aparılmasında mütərəqqi üsullar haqqında geniş maarifləndirmə tədbirləri təşkil ediblər. Rayonun torpaq tiplərinə uyğun kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə etməklə meyvə bağlarının, eləcə də tərəvəz sahələrinin becərilməsində əl əməyinin yüngülləşdirilməsinə də xüsusi diqqət yetirilib. Nazirlik tərəfindən meyvəçilik və tərəvəzçilik sahələrinə dair biznes-planlar hazırlanaraq buklet informasiya bülletenləri şəklində torpaq sahibkarlarına təqdim olunub.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Yenibar Vəliyevlə söhbətimiz də elə sözügedən dövlət proqramının icra vəziyyəti barədə oldu. O bildirdi ki, rayon ərazisinin 2765 hektar sahəsi əkin altındadır. Rayonun iqlim şəraiti burada kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri, xüsusilə Ağbulaq, Gömür, Kükü kəndlərinin sakinləri torpaq sahələrinin böyük hissəsində kartof əkib-becərirlər. Ümumilikdə, bu il rayon üzrə 416 hektar kartof əkini sahəsindən 6 min tondan çox məhsul götürülüb. Bu sahənin inkişafı üçün 262 nəfərə 262 min manat kredit verilib. Dövlət proqramının icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Proqramın qəbulundan ötən müddət ərzində rayonda iməciliklər yolu ilə bağ sahələri 40 hektara çatdırılıb. Yeddi nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürərək yeni meyvə bağları salıb. Meyvəçilər üçün cari ili uğurlu saymaq olar. Belə ki, ümumilikdə 790,8 hektar meyvə bağı olan bölgədə 584 hektar məhsulverən sahədən ilin ilk 11 ayında 6 min tona yaxın məhsul götürülüb.
Şahbuzlular tərəvəzçilikdə də yaxşı təcrübəyə malikdirlər. Başa çatan təsərrüfat ilində 283 hektar sahədən tərəvəz tədarük edilib. Rayonda son illər üzümçülüyün inkişafına da diqqət artıb. Bunun nəticəsidir ki, ötən illərdə salınmış 17 hektar üzüm bağının 13 hektarı artıq məhsul verir. Bağlardan 156 ton məhsul götürülüb. Göstəricilər dövlət proqramının icrasının uğurlu nəticələrindən xəbər verir.
Ümumiyyətlə, Şahbuz rayonunda həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, proqramın icra müddəti başa çatdığında bölgədə meyvə-tərəvəzçilik sahəsində böyük nailiyyətlər əldə ediləcək.
Səbuhi HÜSEYNOV