22 Dekabr 2024, Bazar

Ulu öndərin hifz etdiyi torpaq

Son vaxtlar kimin yolu Sədərəyə düşürsə, qəribə bir mənzərə ilə qarşılaşır: bir tərəfdə abad, yaraşıqlı tikintilər, park və xiyabanlar, səliqəli məhəllələr, digər tərəfdə torpağı qazılmış, sonradan üstü müvəqqəti örtülmüş küçə və döngələr. Kələ-kötür yollardan keçmək də çətinləşib. Amma bu mənzərədən heç kim narahat olmur, gileylənmir, alternativ küçələrdən istifadə edilir. Xüsusilə rayon sakinləri Sədərəkdə nə iş görüldüyünü bilir və bütün bunları “müvəqqəti çətinlik” adlandırır, hətta yeri gəldikdə həyət-bacanın qarşısında çalışan inşaatçı və quraşdırıcılara öz kömək əllərini uzadırlar. Bir sözlə, hamı nikbindir. Çünki Sədərəyə yeni su və kanalizasiya xətləri çəkilir! Bunun isə nə demək olduğunu dərk etmək üçün mütəxəssis olmaq gərək deyil. Adi məktəbli də bilir ki, bu quruculuq tədbiri xeyirxah bir məqsədə xidmət edir.

Bu gün muxtar respublikamızın hər yerində olduğu kimi, Sədərək rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Rayonda uşaqlara qayğı tükənməzdir. Keçən il Sədərək kəndində 60 yerlik yeni uşaq bağçası istifadəyə verilmişdir. Bu il oktyabrın 8-də isə rayon mərkəzi Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 3 mərtəbəli, 144 yerlik uşaq bağçasının açılışı olmuşdur. Həmin gün Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəməri də istifadəyə verilmişdir.
Sədərəkdə əsaslı təmir olunan və yenidən qurulan daha bir obyekt isə 1 nömrəli tam orta məktəbin binasıdır. Əvvəllər məktəb heç bir şəraiti olmayan köhnə binada yerləşirdi. Artıq bura müasir görkəmə salınır, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün hər cür şərait yaradılır.
Rayonda tikinti-quruculuq işləri bunlarla məhdudlaşmır. Yuxarıda qeyd etdiyimiz kimi, “Sədərək rayonunun içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi də sürətlə icra olunur.
Rayonda Araz çayından qidalanan Şir arxının üzərində sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyasının tikintisində işlər yekunlaşmaq üzrədir. Nasos stansiyası istifadəyə verildikdən sonra sərhəd bölgəsinin 1000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.
Bu ilin mart ayından etibarən Sədərək rayonu ərazisində sahilbərkitmə işlərinə də başlanılmışdır. Hələlik, 7 min metrədək məsafədə daşla sahilbərkitmə işləri aparılmışdır. 2100 metr məsafədən artıq ərazidə isə yeni torpaq bənd tikilmişdir. Hazırda daşla sahilbərkitmə işləri davam etdirilir. Sahilbərkitmə işlərinin aparılması Sədərək rayonunda yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, torpaqların yuyulmasının və şoranlaşmasının qarşısının alınmasına xidmət edir.
Bəli, regionların sosial-iqtisadi inkişafı prosesində Sədərək öncüllük mövqeyini inamla qoruyub saxlamaqdadır. Bu mövqeyi təmin edən əsas şərt Azərbaycan Prezidentinin və Ali Məclis Sədrinin bu sərhəd bölgəsinə davamlı və yetərli qayğısıdır. Bu qayğının məntiqi nəticəsidir ki, Sədərək son illər, sözün həqiqi mənasında, əsl intibah dövrünü yaşayır. Uğurlu illər bir-birini əvəzlədikcə bu tarixi yurdun siması sürətlə dəyişir, müasir görkəm alır, gözəlləşir. Son 18 ildə böyük inkişaf yolu keçən Sədərək rayonu sakinlərinin həyat tərzi, dolanışıq səviyyəsi müqayisəedilməz dərəcədə yaxşılaşmışdır. Uğurla həyata keçirilən sosial layihələr, yeni şəraitə uyğun olaraq yaradıcılıqla qurulan infrastruktur adamları doğma yurda daha möhkəm tellərlə bağlayır. Artıq neçə ildir ki, bölgəyə təbii qaz verilir, elektrik enerjisi ilə təminatdakı fasilələr tamamilə aradan qaldırılmışdır.
Bölgədə müasir tələblərə cavab verən yol infrastrukturu yaradılır. Sahibkarlığın inkişafı yolunda yandırılan yaşıl işıq, sahibkarlara göstərilən qayğı və diqqət iş adamlarına qol-qanad verir, yeni istehsal sahələrinin yaradılması ilə nəticələnir, yüzlərlə rayon sakini üçün daimi və sərfəli iş yerləri açılır. Təkcə bu il 50-dən artıq sədərəkli daimi işlə təmin edilmişdir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidovun dediklərindən:
– Ulu öndər Heydər Əliyev dühası Sədərəyi erməni işğalından hifz etmişdir. Siz də görürsünüz ki, bu bölgədə, bu torpaqda nələr yaradılmışdır. Rayonumuzun mərkəzi olan Heydərabad qəsəbəsi indi muxtar respublikamızın ən gözəl qəsəbələrindən birinə çevrilmişdir. Kənd­lərimiz öz simasını əsaslı surətdə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur.

Artım, yüksəliş

Son illər sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə muxtar respublikanın qabaqcıl rayonları sırasına çıxmış Sədərək rayonunda cari ildə də qarşıda duran vəzifələr layiqincə yerinə yetirilmişdir. Bunu statistik rəqəmlər də təsdiqləyir.
Sənaye məhsulu istehsalı ötən illə müqayisədə xeyli artaraq 4 milyon 15,4 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 10 milyon 633,8 min manata yüksəlmişdir. Əmtəə dövriyyəsinin həcmi 25 milyon 923,4 min manat olmuşdur. Pullu xidmətlərin ümumi həcmi 3 milyon 360,3 min manata çatmışdır. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 21 milyon 674,8 min manat təşkil etmişdir.
Rayon üzrə orta aylıq əməkhaqqının artım dinamikası da qalmaqdadır. Hazır­da 384,7 manat təşkil edən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründən çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Sədərək Rayon Şöbəsi tərəfindən 2022 nəfər əmək pensiyaçısına 2 milyon 365 min 389 manat pensiya ödənilmişdir.
Sözügedən dövrdə 1941-1945-ci illər müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş 4 nəfər sədərəkli “NAZ-Lifan” markalı minik avtomobili ilə təmin olunmuşdur.
Rabitə xidmətinin müasir tələblər səviyyəsində inkişafı istiqamətində də tədbirlər ardıcıl olaraq davam etdirilir. 13 mənzilə telefon çəkilmiş, 200 nəfərdən artıq abunəçi internet xəttinə qoşulmuşdur.

Qış qapını alsa da...

Sədərəkdə qışa hazırlıq tədbirləri vaxtında həyata keçirildiyindən bu gün rayon sakinləri heç bir çətinliklə üzləşmirlər. Hələ avqust ayında rayon İcra Hakimiyyətində keçirilən müşavirədə payız-qış mövsümünə hazırlıqla əlaqədar idarə, müəssisə və təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur: istiliklə təmin edilməyən obyekt və ya bina olmamalıdır!
Təbii ki, ilk növbədə, qaz, elektrik enerjisi, su təchizatı, yolların təmiri ilə məşğul olan təşkilatların üzərinə böyük məsuliyyət düşür.
Qış mövsümündə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri görülmüş, yeni elektrik sayğacları və transformatorlar quraşdırılmış, zədəli sayğaclar və istismar müddəti bitmiş transformatorlar yenisi ilə əvəz edilmişdir. Rayon ərazisindəki keyfiyyətsiz dayaqlar dəyişdirilmiş, elektrik yarımstansiyalarında avadanlıqlar əsaslı və cari təmir olunmuşdur. Qış mövsümünə hazırlıqla əlaqədar rayon Qaz İstismarı İdarəsi tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri də qış mövsümünə tam hazır vəziyyətə gətirilmişdir. İçməli su problemi də yoxdur. Çünki 115 subartezian quyusu əhalinin xidmətindədir.

Aqrar sahə: il uğurla yola salınır

Kənd təsərrüfatında işin səmərəli təşkili, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi məhsul istehsalının artımına təkan vermişdir. Cari ilin əvvəlində 284 nəfər buğda istehsalçısına 68 min 680 manat yardım verilmiş, 280 ton pulsuz mineral gübrə paylanmışdır. Bundan əlavə, 210 nəfər torpaq mülkiyyətçisinə yaz əkinlərinin aparılması üçün 202 min manat güzəştli kredit verilmişdir.
Həyata keçirilən bu kimi tədbirlər nəticəsində 2013-cü ildə bitkiçiliyin əsasını təşkil edən taxıl istehsalında nailiyyətlər qazanılmışdır. Belə ki, 2 min 128 hektar zəminin taxılı biçilmiş, keçən ildəkindən 22 ton çox, yəni 6142 ton məhsul götürül­müşdür. 1 dekabr 2013-cü il tarixə 1205 hektar sahədə dən üçün payızlıq səpin aparılmışdır ki, bunun da 940 hektarı buğda, 265 hektarı isə arpadır.
Rayonda kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 3574 hektar olmuşdur. Müxtəlif bitkiçilik sahələri üzrə çəkilən zəhmət hədər getməmişdir. 95 hektar kartof əkini sahəsindən 1795,5 ton kartof, 412 hektar tərəvəz əkini sahəsindən 4861,6 ton tərəvəz, 185 hektar bostan əkini sahəsindən 2121,9 ton bostan məhsulları, barverən meyvə bağlarından 586,4 ton meyvə, üzüm bağlarından 1288 ton üzüm  tədarük olunmuşdur.

Bu qısa yazıda rayon həyatının bəzi sahələri haqqında konkret faktlar və rəqəmlər əsasında fikir söyləməyə çalışdıq. Ümumi mülahizələrin hamısını bir cümlə ilə ifadə edən fikir isə belədir: aparılan bütün tədbirlər rayonda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, insanların maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sədərəyin bugünkü inkişaf və tərəqqisi də bununla bağlıdır. Qədim yurd yerinin sabahı daha işıqlı, daha nurlu olacaqdır. Çünki həyata keçirilən əsaslı tədbirlər, nəzərdə tutulan yeni planlar, müəyyənləşdirilmiş vəzifələr rayonu yeni uğurlara doğru aparır. Sədərəkdə adamların yeganə devizi belədir: düşmənə gözdağı olan doğma yurdumuzu cənnətə döndərək!
...Daha bir önəmli cəhət ondan ibarətdir ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərindən Sədərəyə uzanan geniş, abad magistral yol müasirliyi ilə diqqət çəkir. Bu təkcə Sədərəyə gedəndə zaman məsafəsini azaltmır, eyni zamanda adama bir könül rahatlığı və dinclik gətirir. Çünki bu yolun o biri başında Sədərəyə üz tutanları düşmənin bir addımlığında qərar tutan məğrur bir rayonun rahatlığa, firavan yaşayışa haqqı çatan insanların alqışları, xeyir-duaları qarşılayır.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR