Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bu ilin 11 ayı ərzində ixracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 46 avadanlıq sertifikatlaşdırılıb, regional standartların tətbiqi məqsədilə 472 ədəd dövlətlərarası, 4415 ədəd beynəlxalq standartlara uyğun sertifikat verilib. Muxtar respublikada istehsal olunan mebellərin keyfiyyətinin nəzarətdə saxlanılması ilə əlaqədar istehsal olunan mebellərə 33, xammal və köməkçi materiallara 77 uyğunluq sertifikatı verilib.
Keyfiyyətli un istehsal etmək üçün dəyirmanlarda texnoloji proseslərə nəzarət olunması, laboratoriya analizlərinin aparılması və keyfiyyətli un istehsalı ilə əlaqədar 2 un dəyirmanının sınaq laboratoriyası təkmilləşdirilərək akkreditasiya olunub. 11 dəyirmanda istehsal olunan 29 halda un məhsulunun laboratoriya analizlərinə əsasən, standartın tələblərinə uyğun olduğu və dəmir mineral tozu ilə zənginləşdirildiyi müəyyən edilib. Haliyədə bütün çörək istehsalı müəssisələrində zənginləşdirilmiş undan istifadə olunur.
Məlumatda o da bildirilib ki, müasir laboratoriyaların akkreditasiyası üzrə 23-ü texniki səlahiyyətli, 11-i isə texniki səlahiyyətli və müstəqil olmaqla 34 laboratoriyada akkreditasiya işləri aparılıb, bu laboratoriyalardan 10-nun akkreditasiya attestatının qüvvədəolma müddəti bir il artırılıb, 24-nə isə yeni attestat verilib. İki laboratoriya isə standartın tələblərinə uyğun şəraitə malik olmadığından və avadanlıqların müvafiq texniki sənədləri olmadığından akkreditasiya olunmayıb. Akkreditasiya olunmuş laboratoriyaların 14-ü muxtar respublikada istehsal və idxal olunan yeyinti və kənd təsərrüfatı, 5-i alkoqollu içkilər, 7-si tikinti materialları, 1-i karbon qazı və quru buz məhsullarının, 1-i tütün, 1-i elektrik mallarının, 1-i təbii yanar qaz məhsullarının, 1-i qeyri-üzvi duzların dərman preparatları və yeyinti məhsulları, 1-i trikotaj məmulatlarının, 2-si isə rabitə vasitələri və qurğularının sınaqlarının aparılması və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə ixtisaslaşdırılıb.
Xəbərlər şöbəsi