Cari ildə də belə kreditlərin verilməsi davam etdirilib
Muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsində dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması mühüm rol oynayır. Bu məqsədlə yaradılmış Sahibkarlığa Kömək Fondunun fəaliyyəti diqqətçəkicidir. Qurum cari ilin ötən dövrü ərzində də üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmışdır. Bəhs olunan dövrdə fond tərəfindən 78 layihənin maliyyələşdirilməsinə 7 milyon 419 min 700 manat həcmində güzəştli kredit verilmişdir. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 48 layihənin maliyyələşdirilməsinə 1 milyon 810 min 200 manat, sənayeyönümlü 27 layihənin maliyyələşdirilməsinə 5 milyon 483 min 500 manat, xidmət sahəsinin inkişafı yönümlü 3 layihənin maliyyələşdirilməsinə 126 min manat yönəldilmişdir.
Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır.
Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsində bağçılıq və üzümçülük üzrə 20 layihənin maliyyələşdirilməsinə 447 min 200 manat, quşçuluq üzrə 18 layihənin maliyyələşdirilməsinə 1 milyon 129 min 500 manat, tərəvəz istixanalarının yaradılması məqsədilə 3 layihənin maliyyələşdirilməsinə 85 min 500 manat, limonçuluq təsərrüfatının yaradılmasına 4 layihə üzrə 66 min manat kredit verilmişdir.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsini də artırır. Belə ki, Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına bu ilin 11 ayı ərzində yaradılmış 52 layihə üzrə 739 yeni iş yeri açılmış, yaradılması davam etdirilən 26 istehsal və xidmət sahəsi üzrə isə 162 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Həyata keçirilən tədbirlər yerli istehsal məhsullarının həcminin genişləndirilməsinə, çeşidinin artırılmasına, həmçinin ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalına imkan verir. Bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 346 növdə, 988 çeşiddə məhsul istehsal olunur. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq olmaqla, cəmi 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Əldə olunmuş nailiyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini əyani nümayiş etdirir.
Xəbərlər şöbəsi