22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə əvvəllər Zaqafqaziyanın vahid energetika sistemi və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur ermənilərin düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik verilişi dayandırılmış, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülmüşdür. Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından Naxçıvan Muxtar Respublikasının “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik verilişi xətti çəkilmiş və Sədərək rayonuna 3-4 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır.

İran İslam Respublikasından elektrik enerjisi alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovoltluq 40 meqavolt­amper güclü “Araz” yarımstansiyası tikilib quraşdırılmış, 132 kilovoltluq Araz-Araz elektrik verilişi xətti çəkilmiş və 1992-ci il dekabr ayının 3-də istismara verilmişdir ki, bu da qonşu dövlətdən 30 meqavat gücündə elektrik enerjisi almağa imkan vermişdir. 1992-ci il dekabr ayının 20-də İran İslam Respublikasının “Culfa” yarımstansiyası ilə Naxçıvan Muxtar Respublikasının “Culfa” yarımstansiyasını əlaqələndirən 10 kilovoltluq elektrik verilişi xətti istismara verilmiş, bu xətlərlə Culfa rayonunun işlədicilərinə 6-7 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır. Həmçinin 1992-ci ilin dekabr ayında Türkiyə Respublikasından gətirilərək 220 kilovoltluq “Babək” yarımstansiyası ərazisində quraşdırılmış 4 ədəd – hər birinin gücü 15 meqavat olan və dizel yanacağı ilə işləyən turbin qurğuları istifadəyə verilmişdir. 1993-cü ilin may ayında isə Türkiyə Respublikasının “İqdır” transformator yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına çəkilmiş 87,5 kilometr uzunluqlu 154 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi başa çatdırılmış və Naxçıvana Türkiyə Respublikasından 50-60 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır. Beləliklə, 1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olmuşdur. Muxtar respublikanın elektrik şəbəkələrinin 120 meqavata qədər güclü elektrik enerjisini paylaşdırmaq üçün texniki imkanları var idi.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı  ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.
Regionumuzda təbii resurslar sayəsində yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsinə əlverişli şərait olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov bizimlə söhbətində qeyd etdi ki, yola salmaqda olduğumuz 2013-cü il də ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu illərdən biri kimi tarixə çevrilməkdədir. Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhali və təsərrüfat subyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Şərur rayonu ərazisində Arpaçay üzərində gücü 20,5 meqavat, illik elektrik enerjisi istehsalı 60 milyon kilovat-saat olan Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Stansiyada 110 metr uzunluğunda 3,9 metr diametrli tunel qazılıb betonlanmış, suqəbul­edici qurğuda qapılar qoyulmuş, stansiya üçün bina tikilmişdir. Avstriyanın “Andritz” firmasından iki ədəd 7,75 meqavat və 1 ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Leroy-Somer” firmasından isə generatorlar alınıb stansiyada quraşdırılmışdır. Stansiyada istehsal olunan elektrik enerjisini şəbəkələrə ötürmək üçün 30 meqavolt­amper güclü transformator yarım­stansiyası tikilib quraşdırılmış, 10 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir.  
Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerji istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında isə tikinti işləri davam etdirilir. Stansiyanın tənzimləyici bəndi Dəstə kəndində, stansiya binası isə Ordubad şəhəri yaxınlığında yerləşəcək. Uzunluğu 12,5 kilometr olan suötürmə kanalına Araz çayından saniyədə 126 kubmetr su ötürüləcək. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 hidroaqreqat quraşdırılması, elektrik enerjisinin şəbəkələrə ötürülməsi üçün 80 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi və müvafiq güclü transformator yarımstansiyasının qoyulması nəzərdə tutulur.
2012-ci ildə Arpaçayın aşağı gölü üzərində tikintisinə başlanılmış 1,4 meqavat güclü su elektrik stansiyasında tikinti işləri əsasən başa çatdırılmış, avadanlıqların quraşdırılmasına başlanılmışdır. Onu da qeyd edək ki, burada Avstriya və Fransada istehsal olunmuş hər birinin gücü 0,7 meqavat olan 2 ədəd turbin və generator, 2500 kva güclü 35/04 kilovoltluq transformator qoyulacaq. Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 14 meqavat güclü derivasiya-tipli su elektrik stansiyasının tikilməsinin texniki iqtisadi əsaslandırılması sənədləri də hazırlanmışdır. Hazırda layihə işləri yekunlaşmaq üzrədir.
Muxtar respublikanın təbii şəraiti külək və Günəş elektrik stansiyalarının da tikilib-quraşdırılmasına imkan verir. Babək rayonu ərazisindəki Xalxal meşəsi yaxınlığında Günəş elektrik stansiyasının, Culfa rayonu ərazisində, Araz çayının kənarında külək elektrik stansiyasının tikilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasında bu layihələrin icrası Bərpa Olunan və Alternativ Enerji Mənbələri Dövlət Şirkəti tərəfindən həyata keçirilir. Artıq şirkət tərəfindən Naxçıvana da müvafiq ölçü avadanlıqları göndərilmişdir.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edəcəkdir. Belə ki, 1970-ci ildən istismar olunan 22 meqavat güclü Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla ümumi istehsal gücü 206 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq, 80-90 meqavat gücündə elektrik enerjisi istehsal olunur. Araz Su Elektrik Stansiyasında generatorlar 5-6 meqavat, Naxçıvan Modul Elektrik Stansiyasında 55-60 meqavat, Biləv Su Elektrik Stansiyasında 1-2 meqavat, Arpaçay Su Elektrik Stansiyasında 4-5 meqavat, Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında 0,5-1 meqavat güclə işləyir.
Yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq, muxtar respublikamızın elektrik enerjisinə tələbatı 75-80 meqavat, qalan aylarda isə 45-50 meqavat olur.  Yay aylarında su elektrik stansiyalarında 60-68 meqavata qədər, o cümlədən Araz Su Elektrik Stansiyasında 22, Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında 4,5, Arpaçay Su Elektrik Stansiyasında 20, Biləv Su Elektrik Stansiyasında 22 meqavata qədər gücdə elektrik enerjisi istehsal edilir.
Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılmışdır.
İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta 25-30 meqavat elektrik enerjisi ixrac etməyə imkan verir. Bu sahədə müvafiq işlər görülmüş, son illər İran İslam Respublikasının “Pars Sakhtar” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Naxçıvan Modul Elektrik Stansiyası ilə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında dəyəri 1 milyon 680 min avro təşkil edən 24 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Xəttin istismara verilməsi muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlılığının xeyli yüksəlməsinə, həmçinin qonşu dövlətlərlə enerji mübadiləsinin yaxşılaşdırılmasına texniki imkanlar yaratmışdır. Hazırda İran İslam Respublikası ilə enerji mübadiləsi aparılır, Türkiyə Respublikasına 20-30 meqavat elektrik enerjisi ixrac edilir.
Tabeliyində 6 elektrik stansiyası və 9 elektrik şəbəkəsi olan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 950 nəfərdən çox işçi çalışır. Energetiklər mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərirlər. Artıq yüklənmiş transformatorların ayrı-ayrı yarım­stansiyalara bölünməsi, yüklərin paylaşdırılmasında səmərəliliyin artırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər cari ildə də uğurla davam etdirilmiş, 110/35/10 kilovoltluq “Ordubad” yarımstansiyası yeni avadanlıqlarla təchiz edilməklə daha münasib yerə köçürülmüş, ümumi gücü 41 mva olan güc transformatorları, 110 kilovoltluq kommutasiya aparatları – açarlar, ayırıcılar, gərginlik və cərəyan ölçü transformatorları, 35 və 10 kilovoltluq müasirtipli hücrələr və digər zəruri elektrik avadanlıqları quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda 36 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 78 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə olunması və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Muxtar respublikada nəzarət-məlumat işinin səmərəli təşkili və əhali arasında aparılan maarifləndirici söhbətlər öz bəhrəsini vermiş, cari ilin ilk 11 ayında texniki itki nəzərə alınmaqla, 362 milyon 921 min kilovat-saat elektrik enerjisi sərf olunmuş, sərf edilən elektrik enerjisinin dəyəri tamamilə ödənilmişdir.

2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirildiyini bildirən Yasin Səfərov onu da vurğuladı ki, enerji təsərrüfatında istismarda olan mövcud avadanlıqlara, xətt təsərrüfatlarına müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara fasiləsiz elektrik enerjisinin verilməsi diqqətdə saxlanılmışdır. Qəzalara səbəb olan istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, naqillər çəkilib bərkidilmişdir. Qış mövsümündə baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün maşın-mexanizmlər saz vəziyyətə gətirilmiş, kifayət qədər mal-material ehtiyatı yaradılmışdır. Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlıq vaxtında aradan qaldırılacaq, əhali fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin ediləcəkdir.   

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR