Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Tədbiri iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. Qeyd olunub ki, iqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, onlara müxtəlif güzəştli kreditlərin verilməsi həyata keçirilən mühüm tədbirlərdəndir. Bunun nəticəsidir ki, muxtar respublikamızda sahibkarlar dövlət dəstəyindən lazımınca yararlanır, onların sayı ildən-ilə artır.
Vurğulanıb ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri muxtar respublikanın daxili tələbatını ödəyən bütün növ məhsulların istehsalına nail olunması və ixracyönümlü məhsulların həcminin artırılmasıdır. Bu sahədə əsas vəzifənin sahibkarların üzərinə düşdüyünü qeyd edən nazir onlara hərtərəfli dəstəyin bundan sonra da göstəriləcəyini bildirib.
Sahibkarların qarşılaşdıqları problemlər haqqında iş adamlarını dinləməyə hazır olduqlarını, əsassız yoxlamaların qarşısının alınmasında sahibkarların maarifləndirilməsinin böyük önəmə malik olduğunu deyən Famil Seyidov qeyd edib ki, gələn ildən başlayaraq istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək. Xüsusilə də muxtar respublikaya məhsul idxal edən sahibkarların bəzi məhsulları muxtar respublikada istehsal olunan eynitəyinatlı və keyfiyyətli məhsullardan qat-qat yüksək qiymətə bazara çıxarmasının qarşısı alınacaq. Bu tədbir daxili bazarda süni qiymət artımına şərait yaradan amillərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Sahibkarlar Naxçıvan Biznes Mərkəzində tədbirlər keçirməyə maraqlı olmalıdırlar.
Sahibkarlığa Kömək Fondunun icraçı direktoru Abbasağa Babayev çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində fondun investisiya xərcləri 7 milyon 419 min 700 manat təşkil edib. Ümumilikdə, fond tərəfindən 78 layihəyə güzəştli dövlət maliyyə dəstəyi göstərilib. Bəhs olunan dövrdə fond tərəfindən yaradılması başa çatdırılmış 52 layihə üzrə 739 yeni iş yeri açılıb, icrası davam edən 26 layihə üzrə isə 162 yeni iş yerinin açılması nəzərdə tutulub. Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə, o cümlədən iri maldarlıq kompleksləri, ətin konservləşdirilməsi və tara istehsalı, kompleks arıçılıq, elektrik açarları istehsalı, meyvə-tərəvəz qurutma, pendir, xama istehsalı, mətbəə və nəşriyyat ləvazimatı istehsalı, köynək istehsalı, kompot istehsalı və digər sahələrin qurulması davam etdirilir. Cari ilin ötən dövrü ərzində muxtar respublikanın bütün rayonlarını əhatə etməklə torpaq mülkiyyətçiləri və sahibkarlarla çoxsaylı görüşlər keçirilib, torpaq mülkiyyətçilərinə və sahibkarlara 2013-cü ildə yaradılması prioritet hesab olunan kənd təsərrüfatı yönümlü 22 kiçikhəcmli layihənin təşviqi və təqdimatı olub. Bu tədbirlərin nəticəsi olaraq, ötən müddət ərzində müvəkkil kredit təşkilatları və sahibkarlar tərəfindən, ümumilikdə, 81 layihə fonda daxil olub, 1 dekabr 2013-cü il tarixə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına kənd təsərrüfatı yönümlü kiçikhəcmli 67 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 1 milyon 563 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib.
Sonra yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı olub. İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rauf Rəhimov layihələr haqqında geniş məlumat verərək sahibkarları maraqlandıran sualları cavablandırıb. O qeyd edib ki, yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən sahələrin layihələri arasında dəftər, döşəmə üçün PVC örtük istehsalı sahəsi, meyvə və tərəvəzin dondurulması sahəsi, istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası sahəsi, plastik taraların yenidən emalı və bərk band istehsalı sahəsi də var. Bundan başqa, yunun emalı və xalça istehsalı, köynək, şalvar tikilişi, alçıpan örtüklər üçün lent istehsalı, elektrod istehsalı, şüşə lifli izolyasiya materialı istehsalı sahəsi və digər sahələr üzrə layihələr də sahibkarlara təqdim olunur.
Sonda mərkəzdə nümayiş olunan yerli istehsal məhsullarından və əl işlərindən ibarət sərgiyə baxış olub.
Səbuhi HÜSEYNOV