22 Dekabr 2024, Bazar

Hamımıza məlumdur ki, müstəqilliyimizi bərpa etdikdən sonra digər inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bazar iqtisadiyyatı yolunu tutmuş və bu yolda sürətlə irəliləməkdədir. Təbii ki, bu yol göründüyü kimi hamar deyil. Azərbaycan dövləti milli iqtisadiyyatda özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramları həyata keçirmiş, hərtərəfli qanunvericilik bazasının yaradılmasına nail ola bilmişdir. Bunun da nəticəsində ölkəmizdə, həmçinin muxtar respublikamızda böyük sahibkarlar ordusu yaranmış və bu sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar.

Qeyd olunmalıdır ki, bir ölkənin hərtərəfli inkişafı həmin ölkənin güclü və çoxsaylı sahibkarlarının fəaliyyətindən birbaşa asılıdır. Hər bir sahədə dəqiq mexanizm işlədiyi kimi, sahibkarlığın da özünəxas dəqiq, düşünülmüş mexanizm və hədəfləri var. Bu sahəyə təsadüfən gəlib düşmək nadir hallarda effektli ola bilər. Elə bu yazıda da sahibkar­lığın əsas xüsusiyyətlərinin yazılan yox, yazılmayan tərəflərindən bəhs edəcəyik. İnanırıq ki, mövzu sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyətini daha da genişləndirmək istəyənlər üçün maraqlı olacaq.

Qısamüddətli sahibkarlıq fəaliyyətindən sonra iflasa uğrayan və ya özündən asılı olmayan səbəblər kimi görünən, əslində isə tamamilə özündən qaynaqlanan çatışmazlıqlar üzündən işini bərbad vəziyyətə salan sahibkarlarımız da var. Təbii ki, bu hal tək bizdə deyil, istənilən ölkədə ola bilər və mövcuddur. İnkişaf etmiş ölkələrdə sahibkarı bu və ya digər mövzuda maarifləndirəcək və ona istiqamət verəcək müxtəlif ictimai birliklər, müstəqil iqtisadçılar, tədqiqat mərkəzləri var. Etiraf edək ki, muxtar respublikamızda bu sahədə görüləcək işlər çoxdur və bu işlərin reallaşdırılması dövlətin yox, bu işdə marağı olanların vəzifəsidir. Bizim sahibkarlarımızın çoxu elə düşünür ki, hər bir sahibkarın qarşılaşdığı problemin həlli ilə dövlət özü məşğul olmalıdır. Təbii ki, dövlətin bu işdə vəzifəsi sahibkarlar üçün hərtərəfli şəraitin və qanunvericilik bazasının yaradılması, süni əngəllərin qarşısının alınması və sairdən ibarətdir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət üzərinə düşən bu işləri görüb və görməkdə davam edir. Bəs sahibkarlıqda olması vacib tərəflər və xüsusiyyətlər nədən ibarətdir?
Əvvəlcədən qeyd edim ki, mövzunu müşahidə etdiyim, araşdırdığım və müəyyən nəticələrə gəldiyim təhlillər əsasında açmağa çalışacağam.
Həyatda elə sahələr var ki, o sahədə müəyyən təhsilə malik olmadan işləmək mümkün deyil. Lakin dünyanın heç bir ölkəsində sahibkarlıqla məşğul olmaq istəyən şəxsin qarşısında ali təhsilin olub-olmaması şərt kimi irəli sürülmür. Hətta ən yüksək iqtisadiyyat təhsili alan şəxsin özünün də bacarıqlı sahibkar olması yalnız ehtimallara əsaslanır. Həmçinin bu sahədə yaş məsələsi də önəmli deyil. Dünya praktikasında 12 yaşından başlayaraq 40, 50, hətta 70 yaşında belə, sahibkarlıq fəaliyyətinə başlayaraq uğur qazanan insanların olduğu məlumdur. Biznes elə bir fəaliyyət növüdür ki, bu sahəyə təhsilindən, cinsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs maraq göstərir. Lakin çox az insan uğur qazana bilir. Buradan isə belə nəticəyə gəlmək olur ki, sahibkarlıq özündə tamam fərqli xüsusiyyətləri birləşdirir. Hansı ki bu xüsusiyyətləri bəzi sahibkarlar və ya işə yeni başlamaq istəyənlər çox zaman nəzərə almırlar. Bu tərəflərin hansılar olduğunu aydınlaşdırmazdan əvvəl sualı belə qoyaq: siz niyə yeni biznes yaratmaq istəyirsiniz? Bir çoxumuz fikirləşirik ki, sərbəst olmaq, vaxtımızın daha çox olması və pul qazanmaq üçün. Bəri başdan deyim ki, əsl sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin heç zaman vaxtı olmur. Çünki sahibkar hər zaman işçilərindən çox işləmək məcburiyyətində qalır. Sərbəst də ola bilmir. Çünki sahibkar kimi sərbəst qərarlar vermək səlahiyyətləri olsa da, qurduğu işin məsuliyyəti onu heç zaman sərbəst buraxmır. O ki qaldı pul qazanmağa, doğrusunu bilmək istəsəniz, dünyanın ən böyük şirkətlərinin sahibləri belə, pulu hədəf kimi görməyiblər. Halbuki maddi vəsait olmasa, biznesdə irəliləmək mümkün deyil. Pul həmişə onlarda məqsədə çatmaq üçün vasitə rolunu oynayıb.
Deməli, biznes yaratmaq – sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcə yaxşı düşünməli və məqsədimizi müəyyənləşdirməliyik.  Buna görə də başlayacağımız işin miqyasını əvvəlcədən görməyimiz tələb olunur. Əks halda, bunun maddi və mənəvi zərbələri ilə qarşılaşmalı olacağıq. Əlbəttə, istənilən sahibkar­lıq fəaliyyəti ilk olaraq maliyyə tələb edir. Bəzən çoxları fikirləşir ki, kimdənsə müəyyən miqdarda borc götürüb işimi quraram. Praktik cəhətdən bu variant özünü doğrultmur. Çünki pul götürdüyümüz şəxs – investor pul yatırdığı üçün işə qarışmalı olacaq: nəzarət funksiyasını ələ alacaq, müəyyən qərarlar verəcək, nəhayət, pulunun tez bir vaxtda geri qayıtması üçün müdaxilələr edəcək və sair. Beləliklə, yeni başladığınız işdə investorla münasibətləri tənzimləməyə diqqət edəcəksiniz, əsas iş kənarda qalacaq. Bundan əlavə, pul özünüzün olmadığına görə biznesinizə olan inam hissi də azalacaq. Halbuki biznes hədəflərin düzgün qoyulmasını sevir. Buradan isə belə nəticəyə gəlinir ki, tanış pulu ilə biznes qurmaq qəliz məsələdir. Deməli, biznesə başlamaq üçün az miqdarda da olsa, özümüzün pulu olmalıdır. Söhbət yeni işə başlamaqdan gedir, işin həcmini genişlətməkdən yox.  
Düşünək ki, müəyyən miqdarda pulumuz var, ancaq bu pul yeni işimiz üçün azdır. Belə olan halda yaradacağımız biznesi kiçik hədəflərə bölmək lazımdır. Pul bu kiçik hissə üçün az olsa belə, işə başlamaq üçün stimul yarada, eyni zamanda böyüməyə kömək edə bilər. Unudulmamalıdır ki, indiyədək heyvandarlıqla məşğul olub 5-10 litr süd satmayan şəxsin birdən-birə süd istehsalı müəssisəsi yaratmaq arzusu xəyaldan başqa bir şey deyildir. Doğrudur, bu gün həmin şəxs dövlət vəsaiti hesabına həmin müəssisəni qura bilər, lakin onun rentabelli və davamlı olaraq fəaliyyəti inandırıcı görünmür. Həmin sahibkar daim banklara borclu olacaq, istehsalını artıra bilməyəcək, işçilərin məvacibini ödəməkdə çətinlik çəkəcək və sair. Buradan isə belə nəticəyə gəlirik ki, sahibkar məşğul olacağı fəaliyyət növü ilə əlaqəli olmalı və ən əsası öz işini sevməlidir. Etiraf etmək lazımdır ki, yerli sahibkarların bir çoxunda bu tərəflər çatışmır.
Son nəticəyə varmazdan əvvəl bir məsələni də qeyd etmək istərdim. Gündən-günə bizneslə məşğul olmaq istəyənlərin sayı çoxalır. Bu, təqdir­olunası haldır. Çünki insanlar getdikcə artıq sahibkarlıq ruhunu daha yaxından hiss etməyə başlayırlar. Muxtar respublikamızda nə qədər çox sahibkar olarsa, o qədər də güclü olarıq. Ancaq biznesə hazırlıq olduqca önəmlidir. Buna görə də mövzunun əvvəlində də vurğuladığımız kimi, sahibkarlıqda lazım olan zəruri tərəfləri yekunlaşdıraraq belə bir nəticəyə gələ bilərik:
1. İstənilən işə başlayarkən, əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, pozitiv ruhda olmalı və bu əhval bizi daim təqib etməlidir. Uğur əldə edə bilməyən sahibkarlarda bu səbəb əsas rol oynayır.
2. Biznesə başlamaq üçün maddi vəsait şərtdir. Çalışaq, ilk vəsaiti özümüz qazanaq. Təbii ki, bu, çox zaman ehtiyacı ödəməyəcək, ancaq qarşıya qoyduğunuz hədəflərə kiçik mərhələlərlə çatmağa imkan və inam yaradacaq, həm də təcrübə qazandıracaq. Bir müddət sonra həcmi genişlətmək və digər mənbələrdən maliyyə cəlb etmək asan olacaq. Hətta deyim ki, maliyyə mənbələri özləri bizim üçün maraqlı olacaq.
3. Məşğul olacağımız fəaliyyət növü ilə bu və ya digər şəkildə bağlı olmağa çalışmalı, yəni sıradan bir işə başlamamalıyıq. Eyni zamanda görüləcək işin məqsəd və vəzifələrini düzgün müəyyənləşdirib hədəfə doğru birdən-birə yox, addım-addım getməliyik.
4. Və nəhayət, sərbəst qərarlar verməliyik. Qərarlarımızda “tələsik” və “gecikmiş” məfhumlar arasındakı ortaq nöqtəni heç zaman qaçırmamalıyıq! Bu gün erkən saydığımız qərar sabah gec ola bilər. Riskli olaq, heç zaman özümüzə olan gücü, inamı və qətiyyəti itirməyək. Bunu da yaddan çıxarmayaq ki, sahibkar­lığın inkişafı dövlətimizin marağındadır. Yetər ki, hədəf bəlli, gedilən yol düşünülmüş, aydın və qətiyyətli olsun.
Hər birinizə bol qazanclar arzusu ilə!..

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR