Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin, o cümlədən muxtar respublikamızın qazlaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilmiş, 1978-ci ildə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılmış və 1980-ci ildə layihə uğurla başa çatdırılmışdır. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı və himayəsi ilə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqli bərpa edilmiş, mövcud orta və yüksəktəzyiqli qaz boru xətlərindən istifadə olunmaqla əhali təbii qazla təmin olunmuşdur. Orta və yüksəktəzyiqli qaz boru xətlərinin yenilənməsi işinin isə ikinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Səxavət Abbasov bizimlə söhbətində qeyd etdi ki, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Uzun müddət istifadəsiz qalan Naxçıvan-Şahbuz ortatəzyiqli və Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətləri yararsız vəziyyətə düşmüşdü. Ümumi uzunluğu 27 kilometr olan Naxçıvan-Şahbuz ortatəzyiqli və 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xətlərinin layihəsi hazırlanaraq tikinti işlərinə başlanılmış və qaz xətləri müasir tələblərə uyğun şəkildə çəkilmişdir. 12 atmosfer işçi təzyiqə hesablanmış Naxçıvan-Şahbuz qaz xətti hazırda 3 atmosfer təzyiqdə istismar olunur.
Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəməri də müasir tələblər səviyyəsində qurulmuşdur. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 min kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkündür ki, bu da hər hansı qəza halı baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunmasına imkan verir. Naxçıvan-Sədərək qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla 1 metr dərinlikdən çəkilmişdir. Kəmərin çay və yol keçidlərindən keçən hissələrində lazımi mühəndis-texniki qaydalara əməl edilmiş, kəmər boyu xidməti avtomobil yolu çəkilmiş, bu qaz xətti cari ilin oktyabr ayında istifadəyə verilmişdir.
Su-kanalizasiya sistemlərinin və yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar həyata keçirilən layihələr zamanı həmin ərazilərdən qaz xətləri kənarlaşdırılmış, ayrı-ayrı rayonlarda sel və daşqın zamanı zərər dəymiş müxtəlifdiametrli qaz xətləri bərpa olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyi üzrə təbii qazın qəbulu, paylanması və təhvili prosesində qaz sərfi göstəricilərinin mərkəzləşdirilmiş nöqtədə çevik kompüter-nəzarət və qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar hazırlanmış layihənin icrasına ötən ilin sonundan başlanılmışdır. ROC-407 tipli elektron sərfölçmə cihazları üzərində uzaq məsafədən operativ nəzarət üçün ölçü qovşağında yerləşən qaz-ölçü cihazı ilə mərkəzdəki kompüter arasında əlaqə yaradan modemlərin quraşdırılmasına başlanılmış, cari ilin ötən dövründə bu istiqamətdə işlər davam etdirilmiş, ümumilikdə, 2 ədəd qəbuledici, 22 ədəd xaricedici modemlər quraşdırılmışdır.
Qeyd edək ki, muxtar respublika ərazisində hazırda istismar edilən ROC-407 tipli sərfölçən cihazlardakı məlumatlar hər hesabat ayının sonunda işçilər tərəfındən yerlərə çıxmaqla səyyar kompüterlər vasitəsilə toplanılırdı. Bunun üçün servis xidməti ayrılır, əlavə xərc çəkilir, qış aylarında isə bəzi nöqtələrdən bu məlumatların əldə edilməsində çətinliklər yaranırdı. Həmçinin cihazın yaddaşında olan aylıq, saatlıq və dəqiqəlik sərf göstəriciləri, qazın xüsusi çəkisi, borunun və daraldıcı qurğunun daxili diametri və digər göstəricilər səyyar kompüter vasitəsilə götürüldükdə bu göstəricilərin təhlili yalnız həmin məlumatların “Naxçıvanqaz” İstehsalat Birliyinin inzibati binasına çatdırılmasından sonra mümkün olurdu. Bu da hesabatların vaxtında tərtib edilməsinə çətinlik törədirdi.
Mərkəzləşdirilmiş (məsafədən) çevik kompüter-nəzarət və qeydiyyat sisteminin yaradılması ölçü qovşağında quraşdırılmış cihazın sərf göstəricilərini əlavə kabel xətləri çəkilmədən muxtar respublikamızda mövcud olan GSM şəbəkəsi əlaqəsinin köməyi ilə məsafədən götürülməsinə imkan verir. Bu isə, öz növbəsində, baş verən dəyişikliklərin vaxtında qeydə alınmasına, onların başvermə səbəblərini araşdıraraq qısa müddət ərzində lazımi tədbirlərin görülməsinə şərait yaradır. Bundan əlavə, ildə iki dəfə – payız-qış, yaz-yay mövsümlərində saatların dəyişdirilməsi prosesini mərkəzləşdirilmiş sistem vasitəsi ilə cihazlara daxil etməklə, həmin gün ərzində azalan və ya çoxalan saatların sayını da nəzərə almaqla hesabatların daha dəqiq aparılması təmin edilir.
Mərkəzdəki kompüter hər bir sərfölçən cihazdan dəqiqəlik, saatlıq, ongünlük və aylıq sərf göstəriciləri haqqında məlumatları bir saatdan bir götürür. Məlumatların bir saatdan bir götürülməsinə səbəb ROC-407 sərfölçən cihazın dəqiqəlik sərfiyyat barədə məlumatların yalnız bir saat ərzində yaddaşda saxlaya bilməsidir. “Naxçıvanqaz” İstehsalat Birliyində quraşdırılan server kompüteri mərkəzdəki kompüterdən sərf göstəriciləri haqqında məlumatları iki saatdan bir yalnız istifadəçi (baxış) rejimində götürür və “Naxçıvanqaz” İstehsalat Birliyinin müvafiq idarə və şöbələri istənilən vaxt aidiyyəti üzrə məlumatları həmin server kompüterdən götürməklə müxtəlif hesabat formalarının hazırlanmasında istifadə edirlər. Bu isə Naxçıvan Muxtar Respublikasında təbii qazın nəqli və paylanması proseslərini tam nəzarətdə saxlamaqla məlumatların vaxtında, daha dəqiq əldə edilməsinə və hesabatların düzgün aparılmasına imkan yaradır.
Muxtar respublikada təbii qazın qeydiyyatının dəqiq aparılması məqsədilə quraşdırılmış ROC-407 tipli qaz-ölçü cihazına və “Elestr” tipli qaz sayğaclarına ciddi nəzarət olunur. Avtomat qazpaylayıcı stansiyalarda istismar olunan ROC-407 tipli ölçü cihazı yoxlamadan keçirilmiş və kalibrləşdirilmişdir. Əhali abunəçilərinin normal, sabit və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədilə alınmış qaztənzimləyici şkaflar və qaztənzimləyicilər tələb olunan yerlərdə quraşdırılmışdır. Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir edilmiş, təmiri mümkün olmayan 2345 ədəd sayğac isə yenisi ilə əvəzlənmişdir.
Səxavət Abbasov onu da bildirdi ki, abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir.
Muxtar respublikamızın yaşayış məntəqələrində yeni tikilən yaşayış evlərinin vətəndaşların müraciətinə əsasən qazlaşdırılması işi də uğurla aparılmış, yeni sayğaclar quraşdırılmış və qaz təchizatı haqqında müqavilə bağlandıqdan sonra təbii qazın verilməsinə başlanılmışdır. Ümumilikdə, muxtar respublikada 82 min 606 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 1056 abonent, 94 müəssisə cari ilin 11 ayında təbii qazla təmin olunmuşdur.
Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılmış, 2013-cü ilin 11 ayında enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 130 milyon 832 min 896 kubmetr qazın satışından 13 milyon 89 min 104 manat vəsait əldə edilmiş, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 65 milyon 450 min 772 kubmetr qazın satışından toplanan vəsait 6 milyon 552 min 645 manata çatmışdır ki, bu da 100 faiz ödəmə deməkdir.
2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirildiyini bildirən Səxavət Abbasov onu da vurğuladı ki, qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onların üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüşdür. Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlıq vaxtında aradan qaldırılacaq, əhali fasiləsiz və təhlükəsiz təbii qazla təmin ediləcəkdir.
Kərəm HƏSƏNOV