Muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonunda da hər il hərtərəfli dövlət qayğısının bariz ifadəsi kimi dəyərləndirilən müxtəliftəyinatlı obyektlər istifadəyə verilir. Bu ünvanlarda müasir iş şəraiti yaradılır. Yaxşı hal həm də ondan ibarətdir ki, quruculuq tədbirləri mərkəzdən uzaq, ucqar dağ və sərhəd kəndlərində daha çox diqqəti çəkir. Bu cəhətdən cari il də istisna deyil. Mart ayından yeni sosial obyektlərin inşasına və mövcud obyektlərin yenidən qurulmasına başlanılan rayonun Kırna, Teyvaz, Əlincə, Ərəfsə, Şurud kəndlərində onların bir neçəsi artıq təhvil verilib.
Bu sırada ilk olaraq Kırna kəndinin avtomobil yolunun yenidən qurulmasını qeyd etmək yerinə düşər. Yolun uzunluğu 4 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yenidən qurulan yol piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin edib. Quruculuq işləri aparılarkən yola suötürücülər qoyulub. Müasir tələblər səviyyəsində qurulan yol rayon mərkəzi və digər kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına imkan verib.
Kənd məktəbində təhsilin səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılaraq mövcud məktəb binası da yenidən qurulub. 306 şagird yerlik bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı var.
Kırna kəndində istifadəyə verilən kənd mərkəzində müasir iş şəraiti yaradılıb. Binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, eləcə də kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi, arxiv və 55 yerlik iclas zalı yerləşir. Yeni tikintilər sırasında həkim ambulatoriyası və xidmət mərkəzi də vardır.
Tikinti-quruculuq tədbirlərindən Teyvaz kəndi də bəhrələnib. Kənddə 110 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunub. Yeni məktəb binası yüksək təhsil göstəriciləri qazanmağa imkan verib. Digər bir qayğı isə müasir layihə əsasında inşa edilən kənd mərkəzidir. Mərkəzdə Teyvazda fəaliyyət göstərən dövlət qurumları yerləşir. Burada həm də 4 otaqdan ibarət olan tibb məntəqəsi üçün lazımi şərait yaradılıb.
Culfa şəhərindəki 16 nömrəli beşmərtəbəli yaşayış binasının, Şurud kəndində 110 şagird yerlik, Ərəfsə kəndində 306 şagird yerlik məktəb binalarının əsaslı təmiri başa çatdırılıb. Əlincə kəndində xidmət və kənd mərkəzlərinin inşası, məktəb binasının təmiri, Culfa şəhərinin girəcəyində Dövlət Bayrağı Meydanı Kompleksinin tikintisi də yekunlaşdırılmaqdadır.
Xəbərlər şöbəsi