Şahbuz rayonu belə tədbirlər hesabına müasir rayona çevrilib. Əvvəlcə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzi Şahbuz şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün inzibati bina, rayonun ucqar kənd yaşayış məntəqələri olan Kükü və Ağbulaq kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Bu yaxınlarda isə Ayrınc kəndində ikimərtəbəli kənd mərkəzi və xidmət mərkəzi qapılarını ayrınclıların üzünə açıb, kənd məktəbi yenidən qurulub.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri də kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevrilib.
Qızıl Qışlaqda həyata vəsiqə alan binalardan biri kənd tam orta məktəbinin binasıdır. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni binanın maddi-texniki bazası gücləndirilib, təhsilin səviyyəsini yüksəltmək üçün imkanlar genişləndirilib. Məktəb binasının yaxınlığında istifadəyə verilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılıb. Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin istifadəyə verilməsidir. Xidmət mərkəzində mağaza və müxtəlif xidmət sahələri yaradılıb.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edib. Bu yaşayış məntəqəsində iki mərtəbədən ibarət kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzi istifadəyə verilib. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçiriblər.
Sələsüz kəndində məktəb binası əsaslı təmir edilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası təhvilə hazırlanır.
Xəbərlər şöbəsi