22 Dekabr 2024, Bazar

İnsanların qida rasionunda ət məhsulları mühüm yer tutur. Heyvan, balıq və quş ətinin müxtəlif qidalandırıcı maddələr, vitamin və yağlarla zəngin olması onlarla qidalanmanı müxtəlifyaşlı insanların sağlamlığı üçün zəruri edir. Bu  xüsusən qış aylarında insan orqanizminin vitamin və enerji ehtiyacının ödənilməsi üçün çox vacibdir. Zülal və mineral maddələrlə zəngin olan quş əti isə xüsusən uşaqlar üçün daha çox faydalıdır.
Naxçıvanda quş ətinə olan tələbatın ödənilməsi üçün yaradılan broyler müəssisələri əhalinin bu vacib ərzaq məhsulları ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda bu sahədə idxaldan asılılığın azaldılması və bazarın daha keyfiyyətli yerli məhsullarla təmin olunması məqsədilə yaradılmış broyler müəssisələri qısa müddət ərzində əhali tələbatını ödəyə biləcək səviyyədə istehsal gücünə çataraq bazara lazım olan həcmdə məhsul istehsalını təmin edirlər.

Muxtar respublikamızda fəaliyyət göstərən quşçuluq müəssisələrindən biri də “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir.  Bu müəssisə 2011-ci ilin noyabrından fəaliyyət göstərir. Türkiyə mənşəli müasir avadanlıqların quraşdırıldığı müəssisədə 31 nəfər işlə təmin olunmuşdur. İstehsal gücü saatda 1500 baş olan müəssisədə müxtəlif çeşidlərdə quş əti istehsal edilir. Mağazaların vitrinlərində, dondurucularda “Ləzzət” etiketi ilə qablaşdırılmış bütöv toyuq, içalat, bud, qanad və sinə kimi broyler məhsulları artıq alıcılarımıza yaxşı tanışdır. Alıcıların tələbatına cavab vermək üçün müəssisədə qəbul olunmuş istehsal standartlarına ciddi diqqət yetirilir. Belə ki, müəssisədə quş ətinin çəki normasından tutmuş adi gigiyenik tələblərə qədər bütün şərtlər daim nəzarət altında saxlanılır. “Ləzzət Broyler” MMC-nin istehsal etdiyi quş ətinin keyfiyyəti daim nəzarətdə saxlanılır. Bu məqsədlə istehsal olunmuş məhsuldan götürülən nümunələrin müntəzəm olaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən analizi həyata keçirilir.
Qeyd edək ki, muxtar respublikada “Ləzzət Broyler” MMC ilə yanaşı, bir çox quş əti istehsalçıları da fəaliyyət göstərirlər. Onların fəaliyyətini koordinasiya etmək və yaranan problemləri həll etmək məqsədilə cari ilin 22 noyabrında Quşçuluq Birliyi yaradılmışdır. Birliyin tərkibinə daxil olan müəssisələr muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətlərini genişləndirirlər. Bu məqsədlə birliyə daxil olan broyler məhsulları istehsalçıları bir araya gələrək regionda quş əti və yumurta istehsalı ilə bağlı qarşıda duran məsələləri birgə müzakirə edirlər. Belə görüşlərdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq müəssisələri qarşısında duran cari problemlərə toxunulur, istehsal olunan məhsulun maya dəyəri, satışı, reklamı ilə bağlı məsələlər haqqında fikir mübadiləsi aparılır. Muxtar respublikaya kənardan müxtəlif yollarla gətirilən broyler məhsullarının yerli istehsalçıların işinə yaratdığı çətinliklər, broyler müəssisələrinin damazlıq yumurta və ətlik cücəyə olan tələbatlarının ödənilməsi quş əti istehsalçılarının cari qayğılarından olub, gələcəkdə koordinasiya əlaqələrinin genişləndirilməsi və istehsal olunmuş məhsulların ixracı məsələləri də onların diqqət mərkəzindədir.   

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR