22 Dekabr 2024, Bazar

Məşhur fransız alimi və təbiətşünası Jan Batist Lamark deyirdi: “Sanki müasir insanın əsas məqsədi əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət, özünü məhv etməkdir”. Hələ XIX əsrin əvvəllərində sürətlə sənayeləşməkdə olan Avropada baş verən prosesləri görən, kor-koranə inkişaf və sənayeləşmənin gələcək fəsadlarını bilən Lamarkın bu fikirləri sonradan sənayeləşməkdə olan ölkələrdə özünü büruzə verdi. Dəniz və çay sahillərində, sənaye zavodlarının ətrafında yaranan ölü sahələr, çirklənmiş hava, su və torpaq – ümumilikdə, təbiət insanlardan acı intiqam almağa başladı. İnsan ömrü getdikcə qısalmağa, müxtəlif xəstəliklər sürətlə yayılmağa başladı. Beləliklə də, minilliklər boyu bəşəriyyətə qarşılıqsız olaraq qayğı göstərmiş ana təbiət bəşər övladından qayğı tələb edirdi.

Elə Azərbaycan da əsas ekoloji problemlərlə XIX əsrdən üzləşib. Sürətlə sənayeləşən Bakının və ümumilikdə, ölkənin təbii resurslarının çar Rusiyası tərəfindən dağıdıcı xarakterli istismarı bunun əsas səbəbi idi. XX əsrin 20-ci illərində Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra təbiətin istismarı daha geniş xarakter aldı. 1941-1945-ci illər müharibəsi dövründə bütün cəbhəni neftlə, bir çox sənaye və hərbi-sənaye məhsulları ilə təmin edən Azərbaycanda ekoloji tarazlıq kəskin şəkildə pozulmuşdu. Əsrin 50-60-cı illərindən isə ekoloji tarazlığın qorunub saxlanılmasına, ətraf mühitin mühafizəsi məsələlərinə ciddi zərurət yaranmışdı.
XX əsrin 60-cı illərinin sonlarında ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasından sonra ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi, təbiətin və bütün canlı aləmin yaşaması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hələ o zaman Naxçıvan ərazisində təbii mühitin unikallığı, maddi-mənəvi sərvətlərin zənginliyi, flora, fauna müxtəlifliyi, bu ərazilərin xüsusi qorunması zəruriliyi nəzərə alınaraq ilk xüsusi mühafizə olunan təbiət ərazisi yaradılmışdı. Bu, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə qəbul etdiyi qərarla  yaradılan, sahəsi 40000 hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı idi. Əsrin 70-ci illərində Azərbaycanda ekoloji təfəkkürün formalaşdırılması prosesinə başlanılmışdır. Bu sahədə qanunvericilik bazası yaradılmış, bir sıra qanun və qərarlar qəbul edilmişdir.  
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra yaranmış böhranlı vəziyyət, ümumilikdə, bütün ölkədə ciddi ekoloji problemlərin üzə çıxmasına da səbəb olmuşdu. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, Naxçıvan ərazisinə təşkil edilən hücumlar, regionun blokada vəziyyətinə düşməsi, normal enerji və qida təminatının olmaması muxtar respublikanın təbiətinə də təsirsiz ötüşmədi. Nəinki meşələrdə, qoruq və yasaqlıqlarda, hətta park və xiyabanlardakı ağacların istilik təminatı məqsədilə insanlar tərəfindən qırılması, çöl heyvanlarının, quşların plansız şəkildə ovlanması  20 il bundan əvvəlin gözümüzün önündə gerçəkləşən reallıqları idi.  
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ətraf mühitin qorunması məsələləri, ekoloji problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi  müəyyənləşdirilmişdir. Ətraf mühitin qorunması ilə bağlı məsələlər ölkə­nin Əsas Qanununun – Konstitusiyanın üç maddəsində öz əksini tapmış və bu maddələr ekoloji siyasətin əsas istiqamətlərini təsbit etmişdir. Ölkəmiz ətraf mühitin qorunması ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etməyə başlamışdır.
Qeyd etmək lazımdır ki, 1996-cı ildən sonrakı dövrdə Naxçıvanda əsas diqqət XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində muxtar respublika ərazisində pozulmuş ekoloji tarazlığın bərpasına yönəldilmişdir. Bu istiqamətdə ilk addım isə hələ ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə – 1993-cü ilin 2 aprel tarixində atılmışdı. Ulu öndər Heydər Əliyevin proqram xarakterli “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir” fikirlərini əsas götürən muxtar respublika rəhbəri az qala yox olmaq həddinə çatmış meşə sahələrinin bərpasına, yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, son 18 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 12 min 350 hektar sahədə yaşıllıqlar – meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 10 faizdən çoxunu yaşıllıqlar əhatə edir. Müqayisə üçün qeyd edək ki, 1990-cı ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur. Muxtar respublikamızın tarixi meyvəçilik ənənələrinə uyğun olaraq, yeni meyvə bağlarının salınması sahəsində aparılan işlər də davam etdirilmiş və son illərdə 1000 hektardan çox sahədə alma, armud, badam, tut, iydə, gilənar, şaftalı, alça, ərik  bağları salınmışdır.
Muxtar respublika ərazisində tingçilik təsərrüfatları inkişaf etdirilmiş, yeni təsərrüfatlar yaradılmış, regionun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış 10 milyon 500 min ədəddən çox müxtəlif növ meşə və meyvə tingləri, həmişəyaşıl və dekorativ ağaclar yetişdirilərək əkin dövriyyəsinə daxil edilmişdir. Muxtar respublika ərazisində tingçilik təsərrüfatlarının yaradılması bir tərəfdən yeni iş yerləri olmaqla əhalinin sosial-rifah halının yüksəldilməsinə, kiçik sahibkarlığın inkişaf etdirilməsinə xidmət edirsə, digər tərəfdən əkilən tinglərin yerli şəraitə uyğunlaşmasında problemləri aradan qaldırır. Çünki sərt kontinental iqlim şəraitinə malik olan Naxçıvanda kənardan gətirilən ağac tinglərinin uyğunlaşması heç də bütün hallarda mümkün olmur.
“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”, – deyən ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ölkənin ayrı-ayrı regionlarında yaşayan əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün irimiqyaslı layihələr həyata keçirilmiş, bu işə müxtəlif beynəlxalq təşkilat və qurumların nümayəndələri də cəlb edilmişdir.
Həm sudan səmərəli istifadə, həm də əhalinin içməli su ilə təminatı istiqamətində Naxçıvan Muxtar Respublikasında da irimiqyaslı layihələr reallaşdırılmışdır. Torpaqların münbitliyinin qorunması, sudan səmərəli istifadə edilməsi, ekoloji və iqtisadi səmərəlilik əsas götürülərək ölkə ərazisində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında  damcı üsulu ilə suvarma sistemi yaradılmış və 1000 hektardan çox ərazidə tətbiq edilmişdir.
Muxtar respublika əhalisinin ekoloji cəhətdən təmiz, mövcud standartlara uyğun içməli su ilə təmin edilməsi məqsədilə Arazboyu yaşayış məntəqələrində 6 ədəd modultipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Qafqaz ekoregionunda canlı təbiət muzeyi kimi qəbul olunan Naxçıvanda zəngin fauna və flora müxtəlifliyinə malik olan ərazilərin xüsusi mühafizəsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyildir ki, muxtar respublika ərazisində ilk xüsusi mühafizə olunan təbiət ərazisi 1969-cu ildə yaradılan, ümumi ərazisi 40000 hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı olmuşdur.  
Müstəqillik dövründə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi daha da inkişaf etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli  Sərəncamı ilə ərazisi 12 min 131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, ərazisi 3139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Naxçıvan  Qafqaz ekoregionunda transsərhəd çayı olan Araz çayı boyunca ilk xüsusi mühafizə olunan təbiət obyektinin yaradıldığı yer kimi də tarixə düşmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin 2005-ci il 23 sen­tyabr tarixli Sərəncamı ilə Qafqaz ekoregionunda transsərhəd çay olan Araz çayı boyunca ilk xüsusi mühafizə olunan təbiət obyekti –  “Arazboyu” Dövlət Təbiət Yasaqlığı (ərazisi 9118 hektar) yaradılmışdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz, Babək rayonlarının ərazisində 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması təbiət komplekslərinin, flora və fauna ehtiyatlarının qorunmasına, bərpasına, ekoloji tarazlığın təmin edilməsinə müsbət təsir göstərmişdir. Kiçik Qafqazın Zəngəzur-Dərələyəz dağ silsilələrinin Naxçıvan hüdudlarına aid hissəsini əhatə edən, təbiət komplekslərinin, təbiət və tarixi mədəniyyət abidələrinin yerləşdiyi coğrafi ərazilərdə respublika və beynəlxalq əhəmiyyətli milli parkın yaradılması sahəsində zəruri işlər görülmüşdür. Ekoloji mühitin sağlamlaşdırılması, ekoturizm potensialının inkişaf etdirilməsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə 42 min 787 hektar ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda muxtar respublika ərazisində 1 milli park, 1 qoruq, 3 yasaqlıq fəaliyyət göstərir ki, bu da ümumi ərazilərin 27 faizdən çoxunu təşkil etməklə beynəlxalq normaları xeyli üstələyir.
Naxçıvan təbiətinin nadir fauna növlərinin mühafizəsi və artırılması sahəsində ən mühüm və tarixi əhəmiyyətli qərar 2001-ci ildə muxtar respublika ərazisində ova məhdudiyyətlərin, qadağaların qoyulması olmuşdur. Bu qərar heyvanat aləminin, xüsusilə sayı azalmaqda olan nadir növlərin qorunması, artırılması üçün analoqu olmayan ekoloji tədbir kimi ətraf mühit üzrə beynəlxalq ekspertlər tərəfindən qeyd edilərək başqa ölkələrə nümunə kimi göstərilmişdir. Bu sahədə görülən işlərin müsbət nəticəsi olaraq, muxtar respublika ərazisində mövcud olan fauna ehtiyatları, xüsusilə əvvəllər sayı tükənməkdə olan növlərin sayında 10-15 faizədək artım qeydə alınmışdır.
Nadir və nəslikəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılması və xüsusi mühafizə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq  Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına, artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə təminat yaratmışdır.

Beləliklə, ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” fikrinin əsas istiqamətverici xətt olaraq götürüldüyü Naxçıvanda iqtisadiyyatın inkişafı ilə yanaşı, ekoloji tarazlığı qorumaqla davamlı inkişafın təmin olunması qarşıya qoyulan əsas məqsədlərdəndir. Dayanıqlı inkişaf konsepsiyasının bütün əsas istiqamətləri –  iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin, ilk növbədə, həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən ekoloji siyasətdə ön xəttə çəkilmişdir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR