Uğurların qazanılmasında hərtərəfli dövlət qayğısı başlıca amildir
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin cari ildə də uğurla davam etdirilməsinin nəticəsidir ki, bu sahədə xeyli uğurlara nail olunub. 2013-cü ilin məhsulu üçün muxtar respublikada, ümumilikdə, 60 min 120 hektar sahədə əkin işləri həyata keçirilib. Bunun 35 min 324 hektarını taxıl təşkil edib. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 115 ədəd kombayn saz vəziyyətə gətirilib, biçin mövsümündə 101 ədəd kombaynın gücündən istifadə edilib, taxıl sahələrindən 102 min 960 ton məhsul toplanılıb. Toplanılan məhsulun 77 min 218 tonu buğda, 25 min 742 tonu isə arpa olub. Məhsuldarlıq 29,1 sentnerə çatdırılıb. Əkinçiliyin digər sahələrində də qazanılan nəticələr qənaətbəxşdir. 2957 hektar sahədə kartof əkini aparılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilib. Çəkilən zəhmət hədər getməyib. Torpaq mülkiyyətçiləri 41 min 296,8 tondan çox məhsula sahib olublar.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Cari ildə muxtar respublikada nasos stansiyalarının, subartezian quyularının, kəhrizlərin təmir və bərpası diqqət mərkəzində saxlanılıb. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə stimul olub. Son illər muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, şırım üsulundan geniş istifadə edilir. Cari ildə fərdi və kollektiv təsərrüfatlarda taxıl, kartof, bostan məhsullarının becərilməsi zamanı bu usula üstünlük verilib.
Muxtar MƏMMƏDOV