Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudovdan aldığımız məlumata görə, rayonda aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Bölgə sakinləri məhsuldar torpaq sahələrində, əsasən, əkinçiliyi və bağçılığı inkişaf etdirirlər. Rayonda taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Sədərəyin torpaq mülkiyyətçiləri 1146 hektarı buğda, 982 hektarı arpa olmaqla, 2128 hektar sahədən 6142 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Rayonun iqlim şəraiti burada kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri onlara məxsus olan sahələrin böyük hissəsində kartof əkib- becərirlər. Bəhs olunan dövrdə rayon üzrə 95 hektar kartof əkini sahəsindən 1795,5 ton məhsul götürülüb. Onu da qeyd edək ki, rayonun 476 torpaq mülkiyyətçisinə 2013-cü ilin əkinləri üçün 483 min 500 manat kredit verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, bu proqramın qəbulundan ötən müddət ərzində rayonda iməciliklər yolu ilə bağ sahələri 5,5 hektar artırılıb. Meyvəçilər üçün cari ili uğurlu saymaq olar. Belə ki, ümumilikdə, 84,5 hektar meyvə bağı olan bölgədə 79 hektar məhsul verən sahədən 586,4 ton məhsul götürülüb.
Sədərəklilər tərəvəzçilikdə də yaxşı təcrübəyə malikdirlər. Başa çatmaqda olan təsərrüfat ilində onlar 412 hektar sahədən 4861,6 ton tərəvəz tədarük ediblər.
Rayonda son illər üzümçülüyün inkişafına da diqqət artıb. Bunun nəticəsidir ki, ötən illərdə salınmış 222 hektar üzüm bağından 1288 ton məhsul götürülüb.
Xəbərlər şöbəsi